Öz dədə-baba torpaqlarından zorla qovulan, didərgin salınan azərbaycanlıların hüquqları bərpa olunmalıdır - Azər Qarayev
Ermənistan Qərbi Azərbaycanlıların öz ata yurdlarına qayıdışını təmin etməlidir. Öz dədə-baba torpaqlarından zorla qovulan, didərgin salınan azərbaycanlıların hüquqları bərpa olunmalıdır.
Day.Az xəbər verir ki, bu sözləri Trend-ə açıqlamasında təhlükəsizlik orqanlarının veteranı, fəxri əməkdaşı, polkovnik Azər Qarayev deyib.
A.Qarayev bildirib ki, Qərbi Azərbaycanda vaxtilə azərbaycanlıların yaşadıqları 500-ə yaxın kənd boşaldılıb və dağıdılıb:
"Azərbaycanlılara aid mədəniyyət abidələri, yer adları, adət-ənələlər erməniləşdirilib. Ermənilər tərəfindən məqsədyönlü şəkildə azərbaycanlıların yaşadıqları torpaqlardan bizə aid olan izlər silinməyə çalışılıb.
Ermənistan və onun havadarları Qarabağı öz xoşları ilə tərk edən ermənilərin yaşadıqlarını bütün dünyaya az qala "faciə" kimi çatdırmağa çalışdılar. Halbuki bu məsələ ilə bağlı kifayət qədər görüntülər, sübutlar var. Həmin görüntülərdə onların Qarabağı təhlükəsiz şəraitdə, öz istəkləri ilə tərk etməsi açıq-aydın görünür. Hətta Azərbaycan dövləti onlara müraciətlər edərək, onların da Azərbaycan vətəndaşı olduğunu və vətəndaşlıq qəbul etməklə eyni hüquqlara sahib ola biləcəklərini müxtəlif formalarda bəyan etmişdi.
Gəlin, bir də tarixi faktlara nəzər salaq, azərbaycanlılar öz doğma yurdlarından necə qovulmuşdular. Zorla, təcavüzkarlıqla, öldürülərək, qəsd edilərək. Həmin dövrdə azərbaycanlıların işığı, telefonu, suyu, qazı kəsilir, onların həyat şəraiti dözülməz vəziyyətə gətirilirdi, azərbaycanlılara qarşı hücumlar təşkil edilirdi.
Minlərlə insan öz doğma torpaqlarından didərgin salındı. Onların mədəni abidələri, ibadət yerləri dağıdıldı. Bu gün həmin insanlar ədalətli şəkildə torpaqlarına geri dönməlidir. Azərbaycan dövlətinin də istəyi bundan ibarətdir", - deyə A.Qarayev əlavə edib.
A.Qarayev onu da qeyd edib ki, Azərbaycan tərəfi bu məsələ ilə bağlı da öz təkliflərini irəli sürüb.
"Təssüf ki, sülh müqaviləsi ilə bağlı məsələdə olduğu kimi, Ermənistan digər məsələlərdə də stabil siyasət yürütmür, pozucu fəaliyyət nümayiş etdirir. Əlbəttə ki, Ermənistan müstəqil dövlət deyil, onun siyasəti də müstəqil deyil, Ermənistan tarix boyu kimlərinsə əlində alət olub.
Sülh müqaviləsinin imzalanması, sərhədlərin delmitasiyası, kommunikasiya yollarının açılması və digər məsələlər müzakirə olunmalıdır. Lakin Ermənistan tərəfi zaman-zaman bu prosesi bloklayır, revanşist meyillərə düşür və müsbət dinamikaya zərər vurur"
O əlavə edib ki, bu gün Azərbaycan dünyada söz sahibi olan ölkələrdən birinə çevrilib.
"Təkcə regional məsələlərdə yox, artıq beynəlxalq problemlərin həllində də Azərbaycan iştirak edir, töhfələr verir. Məhz bunun nəticəsidir ki, bəzi dövlətlər Azərbaycana qarşı qısqanc yanaşır, ikili standartlar tətbiq etmək istəyirlər. Lakin Azərbaycanın həyata keçirmək istədiyi planların icrasına heç bir dövlət mane ola bilməz. Qərbi azərbaycanlıların da öz doğma yurdlarına qayıtması məsələsində Azərbaycan istəyinə nail olacaq", - deyə A.Qarayev bildirib.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре