Azərbaycanla Rusiya arasında ticarət dövriyyəsi 4,4 milyard dollara çatıb

Ötən il Azərbaycanla Rusiya arasında ticarət dövriyyəsi proqnozları üstələyərək 4,4 milyard dollara çatıb.

Day.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə Rusiyanın Azərbaycandakı səfiri Mixail Yevdokimov "İzvestiya" qəzetinə müsahibəsində deyib.

"2023-cü ildə Rusiya ilə Azərbaycan arasında ticarət dövriyyəsinin 4 milyard dollara çatacağını proqnozlaşdırırdıq. Ancaq yanıldıq. 4,4 milyard dollar olub, 17 faiz artım", - deyə səfir qeyd edib.

Onun sözlərinə görə, Qərbin sanksiyaları Rusiya ilə Azərbaycan arasında münasibətlərin möhkəmlənməsinə səbəb olub.

"Mövcud vəziyyətə və Qərbin sanksiyalarına gəlincə, bu, - qərblilərin hesablamalarının əksinə, - ölkələrimiz arasında daha sıx əlaqələri təşviq etdiyinə bir nümunədir. Bu ilin əvvəlində Rusiya və Azərbaycanın milli valyutalarından (rubl və manat) istifadə 54 faizi ötüb, yəni, biz Bakı ilə münasibətlərimizdə dollar və avrodan uzaqlaşırıq", - deyə diplomat əlavə edib.