"Şuşa Bəyannamənin yalnız hərbi deyil, həm də mədəni əhəmiyyəti var"

Müəllif: Elvin Səxavətoğlu

Şuşa Bəyannaməsinin imzalanmasından 3 il keçir. Bəyannamə 2021-ci ilin 15 iyun tarixində imzalanıb.

Sənədə Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan imza atıb. Bəyannamənin mahiyyətini Azərbaycan-Türkiyə müttəfiqlik münasibətlərinin inkişaf etdirilməsi, həmçinin qarşılıqlı yardımlaşma təşkil edir.

Bu Bəyannamə ikitərəfli münasibətlərin inkişafına necə təsir edib?

Düzce Universitetinin dosenti, siyasi ekspert Gökmen Kılıçoğlu Day.Az-a açıqlamasında Şuşa Bəyannaməsini əhəmiyyətindən danışıb.

Gökmen Kılıçoğlu bildirib ki, 44 günlük müharibədən sonra imzalanan bu bəyannamə Azərbaycan-Türkiyə birliyini daha da gücləndirdi.  

"İkinci Qarabağ Müharibəsindən sonra bəzi xarici qüvvələr bölgəyə müdaxilə etməyə çalışmışdı. Şuşa Bəyannaməsinin imzalanması həmin qüvvələrin Azərbaycanla bağlı planlarını pozdu. Çünki Bəyannamədə göstərilir ki, Azərbaycana qarşı edilən müdaxilə Türkiyəyə qarşı edilmiş kimi sayılacaq. Digər tərəfdən bu sənəd Azərbaycan və Türkiyənin Zəngəzur dəhlizi ilə bağlı da birlikdə hərəkət edəcəyinə əminlik yaradır. Təbii ki, bu məqam İran və Fransa kimi dövlətləri narahat etməyə  bilməz".

Ekspert bildirib ki, bu Bəyannamənin yalnız hərbi deyil, həm də mədəni əhəmiyyəti var.

Azərbaycan-Türkiyə əlaqələrinin dinamik inkişafından danışan Gökmen Kılıçoğlu deyib ki, iki ölkə liderinin qarşılıqlı səfərləri, digər yüksək rütbəli rəsmilərinin mütəmadi olaraq görüşməsi Bakı və Ankaranın ortaq hərəkət etməsinin göstəricisidir.

"Əlaqələrin inkişafının digər önəmli tərəfi prosesin Türk Dövlətləri Təşkilatına daxil olan dövlətlərin birliyinə də müsbət təsir etməsidir. Həmçinin qarşılıqlı səfərlər zamanı iqlim dəyişikliyi, COP29 iqlim sammiti və digər bu kimi məsələlər müzakirə olunur. Digər tərəfdən, Azərbaycan və Şimali Kipr Türk Respublikasının parlamentlərarası dostluq qrupunun yaradılması sevindirici haldır. Ümumiyyətlə, dünyadakı Türkdilli xalqların bir-biri ilə yaxınlaşması, əlaqələrini inkişaf etdirməsi, bütün Türkləri sevindirir. Bu prosesdə xüsusilə Azərbaycan və Türkiyənin səyləri nəzərəçarpacaq dərəcədə çoxdur".