Müəllimlərə vergi güzəşti tətbiq edilə bilər? - AÇIQLAMA
"Müəllimlərin əmək haqqından vergi tutulmamalıdır".
Day.Az xəbər verir ki, bu barədə təhsil eksperti Kamran Əsədov öz sosial media hesabında qeyd edib.
Ekspert bildirib ki, müəllimlərin əmək haqqından vergi tutulmaması təhsilin inkişafı, onların sosial rifahının yaxşılaşdırılması və ölkənin ümumi iqtisadiyyatına müsbət təsir göstərmək baxımından vacibdir:
"Müəllimlər cəmiyyətin gələcəyini formalaşdıran ən önəmli peşə sahiblərindən biridir və onların rifahının yüksəldilməsi təhsilin keyfiyyətini birbaşa təsirləndirir. Maddi dəstəyin gücləndirilməsi isə müəllimlərin iş motivasiyasını artıraraq yüksək keyfiyyətli təhsilin təmin olunmasına kömək edir.
Bir çox inkişaf etmiş ölkədə müəllimlərə xüsusi vergi güzəştləri tətbiq edilir. Məsələn, Skandinaviya ölkələrində müəllimlərə azaldılmış vergi yükü ilə yanaşı, sosial dəstəklər də verilir ki, bu da onların motivasiya ilə fəaliyyət göstərməsinə imkan yaradır. Bu cür təcrübələr ölkələrdə təhsilin səviyyəsini yüksəldir və gələcək nəslin inkişafına töhfə verir.
Vergi yükünün azaldılması müəllimlərin gəlirlərini artıraraq onların sosial rifahını yüksəldər və maddi sıxıntılardan uzaq bir şəkildə fəaliyyət göstərməsinə şərait yaradar. Bu isə müəllimlərin işə daha çox diqqət ayırmasına, peşəkar inkişaflarına investisiya etmələrinə və təhsilin keyfiyyətini artırmalarına imkan verər. Vergi güzəştləri tətbiq edildikdə müəllimlərin digər sektorlara axını azalır və təhsildə kadr çatışmazlığının qarşısı alınır. Bu güzəştlər gənc müəllimlər üçün də təhsildə qalmaq üçün cəlbedici bir mühit yaradar.
Müəllimlərin maddi vəziyyətinin yaxşılaşdırılması onların təlim resurslarına daha çox sərmayə qoymasına imkan verər. Beləliklə, peşəkarlıq artır, müxtəlif kurslar və təlimlərə qatılaraq daha keyfiyyətli tədris verə bilirlər. Bu, birbaşa təhsilin keyfiyyətinə təsir edir və gələcək nəsillərin daha hazırlıqlı yetişməsinə səbəb olar".
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре