ƏDV-lər balansa niyə gec oturur? - SƏBƏB məlum oldu
Bəzi hallarda marketlərdən alınan məhsulların çeki üzərindəki ƏDV (Əlavə Dəyər Vergisi) məbləği müştərinin hesabına gecikərək daxil olur. Paytaxt sakinləri bildirirlər ki, ƏDV vəsaiti bəzən 1 ay, hətta daha uzun müddət ərzində balansda görünmür.
Bəs niyə ƏDV balansa gec keçir?
Day.Az xəbər verir ki, iqtisadçı Ruslan Atakışiyev Milli.Az-a açıqlamasında bu məsələyə aydınlıq gətirib. Onun sözlərinə görə, ƏDV sistemi ümumilikdə vəsaitin hesablanması və ödənilməsi əsasında eyniləşmə (sinxronizasiya) aparır. Yəni əvvəlcə ümumi məbləğ hesablanır, sonra isə həmin məbləğ ödəmə prosesinə daxil olur.
Dövlət Vergi Xidmətindən verilən açıqlamaya görə, alıcılar, alınan məhsulu 14 gün ərzində dəyişdirmək və ya geri qaytarmaq hüququna malikdirlər. Bu müddət ərzində daxil olan kassaya aid çeki "gözləmə" statusunda qalır. Həmin müddət bitdikdən sonra isə çeki aktivləşdirilir. Bu zaman növbəti mərhələ baş verir və müvafiq məlumatlar banklara göndərilir. 30 gün ərzində isə müştəriyə nəzərdə tutulan vəsait geri qaytarılır.
ƏDV-nin bir hissəsini geri almaq üçün vətəndaşlar şəxsiyyət vəsiqəsinin fərdi identifikasiya nömrəsi (FİN), doğum tarixi və mobil telefon nömrəsi ilə www.edvgerial.az portalında qeydiyyatdan keçməlidirlər. Bu zaman portalda müvafiq şəxsin elektron kabineti yaradılaraq virtual "pul qabı" formalaşdırılır.
İstehlakçı mal və ya xidmətin dəyərini nağd və ya nağdsız ödəyə bilər. Nağd ödəmələr zamanı satıcı müştəriyə onlayn nəzarət-kassa aparatının çekini təqdim etməlidir. Nağdsız ödənişlər zamanı isə, əgər POS-terminal nəzarət-kassa aparatına inteqrasiya olunmayıbsa, istehlakçı POS-terminaldan çıxarış almalıdır.
İstehlakçı, nəzarət-kassa aparatının çeki üzərindəki məlumatları 90 gün ərzində www.edvgerial.az portalına daxil etməlidir. Bu zaman, "BirBank" və "ABB Mobile" tətbiqləri vasitəsilə də çeki skan edərək ƏDV-nin geri qaytarılmasını daha rahat şəkildə həyata keçirmək mümkündür. Həmin tətbiqlər portalda qeydiyyatdan keçmiş telefon nömrəsinə yüklənməlidir və QR kod oxudulduqdan sonra ƏDV ilə bağlı sorğu elektron kabinetdə avtomatik əks olunur.
İstehlakçı tərəfindən təqdim olunan məlumatlar Dövlət Vergi Xidmətinin məlumat bazası ilə müqayisə olunur. Çek təsdiq edildikdən dərhal sonra müştərinin elektron kabinetində bu məlumatlar əks olunur. Çekdən 30 gün sonra nağd ödənişlər üzrə 5%, nağdsız ödənişlər üzrə isə 17,5% ƏDV məbləği müvafiq bank tərəfindən müştərinin virtual "pul qabı"na köçürülür.
Qeyd edək ki, bu qaydalar supermarketlər, pərakəndə ticarət obyektləri, restoranlar və kafelərdən alınan mallar və göstərilən xidmətlər üzrə ödənilən ƏDV-nin bir hissəsinin geri qaytarılması üçün tətbiq edilir. Lakin yanacaqdoldurma məntəqələrindən alınan neft və qaz məhsullarına görə ödənilən ƏDV geri qaytarılmır.
Geri qaytarılan vəsait virtual "pul qabı"na tam olaraq mədaxil edilir və istifadəçilər bu vəsaitdən kommunal ödənişlər, mobil telefon, internet, TV, cərimələr və sığorta ödənişləri kimi əməliyyatlar üçün istifadə edə bilərlər. Həmçinin, bu vəsait bank kartlarına köçürülərək nağdlaşdırıla bilər, lakin bu zaman bankın tariflərinə uyğun komissiya tətbiq oluna bilər. Kapital Bank və Azərbaycan Beynəlxalq Bankı isə ƏDV-nin geri qaytarılması əməliyyatlarına görə komissiya tutmur
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре