1,1 milyon pensiyaçını əhatə edən yeni artımlar üçün illik əlavə 530 milyon manat xərclənəcək

2025-cü il yanvarın 1-dək təyin edilmiş bütün pensiyalar Dövlət Statistika Komitəsinin təqdim etdiyi məlumata əsasən, 2024-cü il üzrə ortaaylıq nominal əməkhaqqının illik artım tempinə uyğun olaraq 8.1 faiz indeksləşdirilməklə artırılır.

Day.Az xəbər verir ki, bu barədə Dövlət Sosial Müdafiə Fondunun sədri Himalay Məmişovun Prezident İlham Əliyevin yeni Sərəncamı ilə pensiyaların indeksləşdirilərək artırılmasına dair keçirdiyi mətbuat konfransında məlumat verilib.

Bildirilib ki, artımlar bu il yanvarın 1-dən tətbiq olunur və yanvar ayı üzrə pensiyalara edilmiş artımlar fevral ayının pensiyası ilə birgə pensiyaçılara ödənəcək.

Məsələn, şəxsin pensiyası bu il yanvarın 1-nə 500 manat təşkil edirsə, bu məbləğ cari il yanvarın 1-dən 8,1 faiz, yəni 40 manat artırılmaqla 540,5 manata çatdırılacaq, yanvar ayının 40 manat artımı da fevral ayının pensiyasına əlavə olunaraq veriləcək.

Ümumilikdə 1,1 milyon pensiyaçını əhatə edən bu yeni artımlar üçün illik əlavə olaraq 530 milyon manat xərclənəcək.

Qeyd edilib ki, artımlar elektron sistem üzərindən avtomatik şəraitdə həyata keçirilir və pensiyaçıların bunun üçün hər hansı sənəd təqdim etmələrinə, müraciətinə ehtiyac yoxdur.