Prezident İlham Əliyev “Azərenerji” ASC-nin fəaliyyətinin təmin edilməsi haqqında fərman imzalayıb

Prezident İlham Əliyev "Azərenerji" Açıq Səhmdar Cəmiyyətinin fəaliyyətinin təmin edilməsi haqqında fərman imzalayıb.

Day.Az AZƏRTAC-a istinadən bildirir ki, fərmana əsasən, "Azərenerji" Açıq Səhmdar Cəmiyyətində ümumi yığıncağın səlahiyyətlərinin həyata keçirilməsi aşağıdakılara həvalə edilir:

Azərbaycan Respublikasının Prezidentinə:

Cəmiyyətin yenidən təşkili və ləğvi;

Cəmiyyətin icra orqanının yaradılması;

Cəmiyyətin İdarə Heyəti sədrinin və onun müavinlərinin vəzifəyə təyin və vəzifədən azad edilməsi;

Azərbaycan Respublikasının Nazirlər Kabinetinə:

Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla, Cəmiyyətin nizamnaməsinin və strukturunun təsdiqi, nizamnamə kapitalının miqdarının müəyyən edilməsi, onlarda dəyişiklik edilməsi;

Cəmiyyətin inkişaf strategiyasının müəyyən edilməsi;

Cəmiyyətin illik hesabatlarının, maliyyə hesabatlarının təsdiq edilməsi, mənfəətinin və zərərinin bölüşdürülməsi;

Cəmiyyətin xalis aktivlərinin dəyərinin 25 (iyirmi beş) faizindən artıq məbləğdə olan əqdin (xüsusi əhəmiyyətli əqdin), eləcə də müstəqil auditorun rəyi ilə aidiyyəti şəxslə dəyəri Cəmiyyətin aktivlərinin 5 (beş) faizini və daha çox hissəsini təşkil edən əqdin bağlanması haqqında qərar qəbul edilməsi;

bu Fərmanda qeyd edilənlər istisna olmaqla, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə səhmdarların ümumi yığıncağının səlahiyyətlərinə aid edilmiş digər məsələlərin həlli;

Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə:

Cəmiyyətin idarə, nümayəndəlik və filiallarının yaradılmasına və ya ləğvinə, törəmə cəmiyyətlərinin yaradılmasına, yenidən təşkilinə və ya ləğvinə razılıq verilməsi;

Cəmiyyətin digər hüquqi şəxslərə kapital qoyuluşu barədə qərarların qəbul edilməsinə razılıq verilməsi;

Cəmiyyətin iştirak etdiyi birgə layihələrə əmlak və (və ya) pul şəklində pay qoyulmasına razılıq verilməsi.

Müəyyən edilib ki, Cəmiyyətin fəaliyyətinə cari rəhbərliyi həyata keçirmək üçün 3 (üç) üzvdən - Azərbaycan Respublikasının Prezidenti tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən İdarə Heyətinin sədri və onun iki müavinindən ibarət İdarə Heyəti yaradılır.

Azərbaycan Respublikasının Nazirlər Kabineti:

Cəmiyyətin nizamnaməsini və strukturunu Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla bir ay müddətində təsdiq etməli; bu Fərmandan irəli gələn digər məsələləri həll etməlidir.