Azərbaycan hər zaman Əfqanıstanda daxili siyasi sabitliyin və təhlükəsizliyin təmin olunması üçün irəli sürülən beynəlxalq təşəbbüsləri dəstəkləyib

Azərbaycan hər zaman Əfqanıstanda daxili siyasi sabitliyin və təhlükəsizliyin təmin olunması üçün irəli sürülən beynəlxalq təşəbbüsləri dəstəkləyib, bu istiqamətdə səylərini heç bir vaxt əsirgəməyib.

Day.Az xəbər verir ki, bunu Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi general-polkovnik Əli Nağıyev Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) təşkilatçılığı və 20 ölkənin xüsusi xidmət orqanları nümayəndələrinin iştirakı ilə Bakı şəhərində keçirilən "Əfqanıstan: regional təmaslar, təhlükəsizlik və inkişaf" mövzusunda beynəlxalq konfransda deyib.

DTX-nin rəisi general-polkovnik Əli Nağıyev Əfqanıstana dair bundan əvvəl keçirilmiş toplantıların davamı olaraq, budəfəki konfransın Bakı şəhərində təşkil edilməsini önəmli hadisə kimi qiymətləndirib, beynəlxalq tədbirin Əfqanıstanda mərkəzləşdirilmiş, beynəlxalq hüququn norma və prinsiplərinə riayət olunan dövlətin bərqərar olunmasına əhəmiyyətli dərəcədə töhfə verəcəyinə ümidvar olduğunu bildirib.

Xidmət rəisi uzun illərin sınağından çıxmış və qarşılıqlı etimad əsasında qurulmuş Azərbaycan-Əfqanıstan əlaqələrindən, eləcə də xalqlararası dərin tarixi-mədəni bağlılıqdan danışaraq qeyd edib ki, Azərbaycan hər zaman Əfqanıstanda daxili siyasi sabitliyin və təhlükəsizliyin təmin olunması üçün irəli sürülən beynəlxalq təşəbbüsləri dəstəkləyib, bu istiqamətdə səylərini heç bir vaxt əsirgəməyib.