Lombard kreditləri: Asan çıxış, ağır nəticələr

Bu gün vətəndaşlar banklardan kredit əldə etmək imkanına malik olmayanda, yaxud daha tez müddətə kredit əldə etmək istəyəndə lombardlara üz tuturlar. Bəzi hallarda isə vətəndaşlar lombardlar tərəfindən aldadılır, yüksək faizlə ödəniş etməyə məcbur olurlar.

Mövzu ilə bağlı Trend-ə açıqlama verən iqtisadçı Eyyub Kərimli bildirib ki, bu gün lombard xidmətindən istifadə edən əhalinin imkanlarına baxsaq, yalnız bankdan kredit götürə bilməyən təbəqənin müraciət etdiyini görərik.

Onun sözlərinə görə, müraciət edənlər əsasən rəsmi iş yeri olmayan, kredit tarixçəsi məhdudiyyətli olan insanlardır:

"Ya da gəlirlərini bəyan edə bilməyən insanlara bu yol daha çox asan olur. Çünki girov əsasında müəyyən vəsait əldə edilir. Sənədləşmə asandır, qısa müddət ərzində proses həll olunur".

İqtisadşı qeyd edib ki, lakin lombardlar bəzən insanları məyus edir, bəziləri öz öhdəliklərini yerinə yetirmir:

 

"Bəzi hallarda lombardların iflasa uğraması və yoxa çıxması müşahidə olunur. Digər tərəfdən lombardlar riskli kredit ayıran təşkilat olduqlarından banklara nisbətən böyük faizlər təqdim edirlər. Bu da sözsüz ki, bəzi hallarda insanları çətin vəziyyətə salır. Yaxud şərtlər bankların şərtlərindən çox mürəkkəb və ağır olur. Müəyyən vəziyyətdə insanlar əlavə öhdəliklərə və cərimələrə məruz qalırlar. Bəzən girovların götürülməsində gecikmələr baş verir, hətta girovların itirilməsi və mənimsənilməsi halları da müşahidə olunur. Onun üçün də hesab edirəm ki, lombardla hər hansı münasibətlər qurulanda mütləq müqavilə şərtlərini dəqiq oxumaq lazımdır. Həmçinin lombardın fəaliyyətini də yoxlamaq lazımdır, bundan sonra lombard xidmətindən istifadə etmək daha məqsədəuyğun olar".

İqtisadçı ekspert Eldəniz Əmirov isə Trend-ə bildirib ki, vətəndaşların faizlə borc almaq üçün bir neçə istiqamətdə fürsəti var:

"Bunlardan biri banklar, digəri bank olmayan kredit təşkilatları, üçüncüsü isə lombardlardır. İnsanların lombarda üz tutmasının əsas səbəbi şərtlərinin çox bəsit olmasıdır. Şərtlər bəsitdirsə, təbii olaraq faiz də çox olacaq, girov da qiymətli olacaq. Lombardlara o insanlar üz tutur ki, onların sənəddə, girovda, öhdəlik götürməkdə müəyyən problemləri var. Yaxud da bank risklərin idarəedilməsi baxımından həmin vətəndaşlara kredit vermir. Həmçinin BOKT-lar da eynilə".

Onun sözlərinə görə, lombardlarda isə fərqli olaraq girov qarşılığında kredit verilir:

"Belə olan halda təbii ki, faiz də yüksək olacaq. Lombardların ən böyük üstünlüklərindən biri də kreditin zaman baxımından daha tez əldə edilə bilməsidir. Dünyanın elə bir yeri yoxdur ki, lombardlar banklardan daha ucuz kredit verir. Əlbəttə ki, lombardların fəaliyyətini davam etdirməsinin əsas səbəblərindən biri də yüksək faiz dərəcələridir".