Gənclərin iqlim fəaliyyətinə töhfəsi artıq bu gündən önəmlidir - Muxtar Babayev
Gənclərin iqlim fəaliyyətinə töhfəsi artıq bu gündən önəmlidir.
Day.Az Trend-ə istinadən xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi, COP29-un prezidenti Muxtar Babayev Bakıda keçirilən Bakı İqlim Fəaliyyəti Həftəsi çərçivəsində keçirilən "Gənclərin Liderliyində İqlim Forumu: Dəyirmi Masa I - Öhdəliklərdən Tətbiqə: COP31-ə Gedən Yolda" adlı dəyirmi masada deyib.
O bildirib ki, bu gün qəbul edilən qərarlar gənclərin gələcəyinə birbaşa təsir göstərəcək.
"Biz iqlim sazişləri üzrə danışıqlar aparır, siyasətlər müəyyənləşdirir və investisiya qərarları qəbul edirik. Nəticə etibarilə siz bu qərarların formalaşdırdığı dünyanı miras alacaqsınız", - deyə M.Babayev qeyd edib.
Onun sözlərinə görə, yaxın gələcəkdə forumda iştirak edən gənclərin bir çoxu alim, sahibkar, mühəndis, diplomat, siyasətçi və biznes lideri kimi mühüm qərarlar qəbul edəcək.
M.Babayev bildirib ki, gənclər ekstremal hava hadisələrindən su və ərzaq resurslarına təzyiqə, sürətlə dəyişən enerji sistemlərinə qədər ciddi çağırışlarla üzləşəcəklər.
"Lakin bu dəyişikliklər həm də yeni imkanlar yaradır. Yeni texnologiyalar, yeni sənayelər və süni intellekt mümkün olanların sərhədlərini dəyişir. Ehtiyac duyacağımız bəzi həllər hətta bu gün burada əyləşən insanlar tərəfindən yaradıla bilər", - deyə o əlavə edib.
O qeyd edib ki, gənclərin bu keçidə hazırlanması xüsusilə vacibdir.
"İqlim fəaliyyəti artıq gələcəyin bacarıqlarını, peşələrini və imkanlarını dəyişir. Biz təhsilin gənclərə ehtiyac duyduqları bilik və praktiki bacarıqları verməsini, eyni zamanda onları elm, texnologiya, innovasiya və real həllərlə daha sıx əlaqələndirməsini təmin etməliyik", - M.Babayev deyib.
Onun sözlərinə görə, gənclər təmiz enerji, mühəndislik, maliyyə, kənd təsərrüfatı və digər sahələrdə yaranan yeni iş yerləri və imkanlardan faydalana bilməlidirlər.
"Gənclər yalnız iqlim keçidindən faydalanmamalıdır. Onlar bu keçidin həyata keçirilməsinə töhfə vermək üçün bilik və bacarıqlara malik olmalıdırlar", - deyə o vurğulayıb.
M.Babayev COP29 sədrliyi dövründə də gənclərin iqlim proseslərinə cəlb edilməsinin prioritetlərdən biri olduğunu xatırladıb.
"Biz gənclərin beynəlxalq iqlim proseslərinə cəlb olunmasını dəstəklədik, təhsil, bacarıqların inkişafı və potensialın gücləndirilməsinə diqqəti artırdıq. Həmçinin beynəlxalq tərəfdaşlarla birlikdə uşaqların və gənclərin baxışlarının iqlim fəaliyyətində daha yaxşı əks olunmasını təmin etmək üçün çalışdıq", - deyə o bildirib.
Azərbaycan Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi COP29-un Gənclər üzrə İqlim Çempionu Leyla Həsənovanın bu istiqamətdə fəaliyyətini də yüksək qiymətləndirib.
O əlavə edib ki, gənclərin iqlim gündəliyində iştirakı COP29-dan sonra, o cümlədən COP31-ə gedən yolda da davam edir.
Qeyd edək ki, Bakıda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Dördüncü İqlim Həftəsinin (CW4) ikinci günü keçirilir.
İkinci gündə əsas diqqət dayanıqlı şəhərlər, nəqliyyat, su ehtiyatları və kənd təsərrüfatı məsələlərinə yönəldilib.
Tədbirlərdə müxtəlif ölkələrin dövlət və hökumət nümayəndələrinin, beynəlxalq təşkilatların, ekspertlərin, maliyyə institutlarının, özəl sektorun və vətəndaş cəmiyyətinin nümayəndələri iştirak edir.
Artıq üçüncü dəfə keçirilən Bakı İqlim Fəaliyyəti Həftəsi bu il ilk dəfə olaraq BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının (UNFCCC) İqlim Həftəsi ilə paralel təşkil olunur. Dördüncü İqlim Həftəsi və Bakı İqlim Fəaliyyəti Həftəsi çərçivəsində iqlim dəyişmələri ilə mübarizə, iqlim maliyyələşdirilməsi, dayanıqlı inkişaf və iqlim fəaliyyətinin sürətləndirilməsi ilə bağlı bir sıra sessiya, panel müzakirəsi və digər tədbirlər keçiriləcək.
Bakı İqlim Fəaliyyəti Həftəsi (BCAW 2026) sentyabrın 11-dək davam edəcək.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре