Azərbaycanda eyni valyutada ikinci debet kartının alınmasına məhdudiyyət tətbiq edilir
Azərbaycanda bəzi banklar müştərilərin eyni kateqoriyaya və eyni valyutaya aid birdən artıq debet kartı əldə etməsinə məhdudiyyət tətbiq etməyə başlayıb.
Bununla bağlı banklara müvafiq təlimatlar göndərilib. Bank bazarında iki müstəqil mənbə də sözügedən məhdudiyyətin tətbiqini Trend-ə təsdiqləyib.
"Bəzi banklarda yeni qayda artıq bu ilin avqustun 1-dən qüvvədədir, digər banklarda isə eyni məhdudiyyətin oktyabrın 1-dən tətbiq olunması nəzərdə tutulur. Belə ki, müştərinin aktiv debet kartı olduğu halda, eyni valyutada daha bir debet kartı sifariş etməsi mümkün olmayacaq. Bununla belə, fərqli valyutada ikinci debet kartının əldə edilməsinə məhdudiyyət tətbiq olunmur", - deyə mənbədən bildirilib.
Qeyd edək ki, Azərbaycanda avqustun 1-dən ödəniş alətlərinə mədaxil əməliyyatları üzrə də yeni limitlər tətbiq edilib. Mövcud qaydalara əsasən, hər bir ödəniş aləti üzrə gündəlik maksimum 5 mədaxil əməliyyatı həyata keçirilə bilər, aylıq mədaxil limiti isə 20 min manat müəyyən edilib. Məhdudiyyət vəsaitin çıxarılması əməliyyatlarına şamil edilmir.
Qeyd edək ki, Azərbaycan Mərkəzi Bankının məlumatına əsasən, banklar və "Azərpoçt" MMC sistemləri üzrə iyul ayının sonunda dövriyyədə olan ödəniş kartlarının sayı müvafiq dövrə nəzərən 8.9% artaraq 22 milyon 785
min ədəd təşkil edib. Ödəniş kartlarında debet kartlarının sayı 10.5% artıb, kredit kartlarının sayı isə 4.6% azalıb. İlin əvvəlindən ölkədaxili nağdsız əməliyyatların həcmi keçən ilin müvafiq dövrü ilə müqayisədə 13.9%
artıb.
2026-ci ilin iyul ayı ərzində kartlar vasitəsilə həyata keçirilən ölkədaxili nağdsız ödənişlərin həcmi 9,712 mln. manat təşkil edib. Həyata keçirilən nağdsız ödənişlərin 8,455 mln. manatı elektron ticarətin payına düşür. Qalan məbləğin 1,255 mln. manatı POS-terminallar, 2 mln. manatı isə özünə xidmət terminalları və bankomatların vasitəsilə gerçəkləşdirilib. İlin əvvəlindən ödəniş kartları ilə nağdsız ölkədaxili əməliyyatların həcmi ölkədaxili
kart əməliyyatlarının 69.8%-ni təşkil edib.
Banklar və "Azərpoçt" MMC üzrə ödəniş xidməti şəbəkələrində dinamik artım müşahidə olunur. Belə ki, ötən ilin iyul ayının sonu ilə müqayisədə bankomatların sayı 4.4%, POS-terminalların sayı 12.1% artıb.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре