İran və Azərbaycan arasında əlaqələrin daha da inkişafına ümid edilir – Nazir
İran və Azərbaycan arasında əlaqələrin daha da inkişaf edəcəyinə və münasibətlərin artacağına ümid edilir.
Day.Az xəbər verir ki, bunu Trend-ə açıqlamasında İranın daxili işlər naziri İsgəndər Momeni deyib.
"İran və Azərbaycan əlaqələrinin tarixi kökləri var. İki ölkənin bir çox sahələrdə - mədəniyyət, din, tarix, ictimai maraqlar üzrə ortaq cəhətləri mövcuddur. Bütün bunlar iki ölkənin əlaqələrinin yüksəlməsinə imkan verir. Hazırda iki ölkə arasında münasibətlər müsbət istiqamətdədir.
İki ölkə prezidentləri arasında müsbət əlaqələrin mövcud olduğunu nəzərə alaraq ötən iki il ərzində Azərbaycan və İran arasında əlaqələrin səviyyəsi yüksəlib", -deyə o bildirib.
İranlı nazir əlavə edib ki, baş tutan səfərdə və keçirilən yüksək səviyyəli görüşlərdə iki ölkə arasında əlaqələrin inkişaf etdirilməsi istiqamətində müzakirələr aparılıb. Azərbaycan və İran arasıda əldə olunan razılaşmaların icra mərhələsinə keçməsi baş tutan səfərin məqsədlərindən biri hesab olunur. Ümumilikdə səfər çərçivəsində konstruktiv danışıqlar aparılıb.
Momeni bildirib ki, iki ölkə arasında iqtisadiyyat, ticarət, təhlükəsizlik, sərhəd keçidləri, İran və Azərbaycan Daxili İşlər nazirliklərinin maraq kəsb etdiyi digər sahələrdə əlaqələr çox yaxşı səviyyədədir.
Onun sözlərinə görə, səfər çərçivəsində iki ölkə arasında diqqət mərkəzində duran məsələlər və əlaqələrin inkişaf etdirilməsi üçün birgə işçi qruplarının təşkil olunması qərara alınıb.
Qeyd edək ki, İranın daxili işlər naziri İsgəndər Momeni oktyabrın 12-də İranın Fövqəladə Hallar Təşkilatının sədri Hüseyn Sacediniya, Ərdəbil valisi Məsud İmami Yeganə, Gilan vilayəti valisi Hadi Haqşenas, Parlamentin Milli Təhlükəsizlik və Xarici Siyasət Komitəsinin üzvü Yaqub Rezazadə, daxili işlər nazirinin müşavirləri Həmid Xacenejad və Mehdi Cavahirinin müşayiəti ilə Azərbaycana səfər edib.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре