Bişkekdə Üzeyir Hacıbəyovun 130 illik yubileyi ilə bağlı möhtəşəm gecə keçirilib

Day.Az представляет новость на азербайджанском языке

Azərbaycan Respublikasının Qırğız Respublikasında Səfirliyi Qırğız Respublikasının Mədəniyyət, İnformasiya və Turizm Nazirliyi ilə birgə bu ilin mart ayının 17-də Qırğız Respublikasının Abdılas Maldıbayev adına Milli Akademik Opera və Balet teatrında bütün müsəlman şərqində ilk operanın, operettanın, musiqili komediyanın və kantat-oratoriya musiqisinin yaradıcısı, ümumilikdə isə Azərbaycan klassik musiqi sənətinin banisi Üzeyir Hacıbəyovun doğum günün130 illiyi münasibətilə yubiley gecəsi və qala-konsert keçirilmişdir.

Ağzınacan tamaşaçılarla dolu olan nəhəng salonda Qırğız Respublikasının hökumət üzvləri, deputatlar, digər rəsmilər, xarici dövlətlərin bu ölkədəki səfirləri, beynəlxalq təşkilatların rəhbərləri, görkəmli ziyalılar - elm, mədəniyyət, ədəbiyyat xadimləri, ictimaiyyətin tanınmış təmsilçiləri, soydaşlarımız iştirak etmişlər.

Qırğız Respublikasının A.Maldıbayev adına Milli Akademik Opera və Balet teatrının direktoru Bolot Osmonov tədbiri açaraq, Azərbaycan Respublikasının Qırğız Respublikasında Səfirliyinin son vaxtlar iki qardaş ölkənin mədəniyyət sahəsində əlaqələrinin inkişafı üçün göstərdiyi səylərə görə təşəkkürünü bildirmişdir.

Sonra Qırğız Respublikası Mədəniyyət, İnformasiya və Turizm naziri Altınbek Maksutov çıxış etmişdir.

Qırğız Nazir növbəti dəfə belə böyük tədbirin Bişkekdə keçirilməsinə görə Azərbaycan Respublikasının Qırğız Respublikasında Fövqəladə və Səlahiyyətli səfiri Hidayət Orucova təşəkkür etmiş, dahi sənətkar Üzeyir Hacıbəyovun yubileyinin Bişkekdə keçirilməsinin xüsusi önəm daşıdığını, qırğız xalqının ona böyük rəğbət bəslədiyini qeyd etmişdir.

Sonra Azərbaycan Respublikasının Qırğız Respublikasında Fövqəladə və Səlahiyyətli səfiri Hidayət Orucov çıxış edərək, görülən işlərin yüksək qiymətləndirilməsinə görə təşəkkürünü bildirmişdir.

Səfir son zamanlar həm Azərbaycanda, həm də Qırğızıstanda bir çox vacib tədbirlərin keçirildiyini qeyd etmişdir.

Hidayət Orucov xüsusi ilə vurğulamışdır ki, Azərbaycan Respublikasının Prezidenti Zati-Aliləri cənab İlham Əliyev ilə Qırğız Respublikasının Prezidenti Zati-Aliləri cənab Almazbek Atambayevin apardıqları siyasətin nəticəsi olaraq dövlətlərimiz arasında siyasi, iqtisadi və humanitar sahələrdə əməkdaşlıq daha da möhkəmlənib.

Bildirmişdir ki, bu müddət ərzində ölkələrimiz arasında mədəni mübadilə gücləndirilmişdir.

Səfir son üç ildə humanitar sahədə çoxsaylı tədbirlərin bəzilərini xüsusi ilə qeyd etmiş, eyni zamanda bildirmişdir ki, hal-hazırda da bir-neçə mühüm tədbirin keçirilməsi planlaşdırılır: "Yaxın aylarda Azərbaycan Respublikasının Qırğız Respublikasinda Səfirliyi və Qırğızstan Xalqları Assambleyasına daxil olan "Azəri" İctimai Birliyinin təşəbbüsü ilə Qırğızstan Prezidenti Almazbek Atambayevin fərmanı ilə elan olunmuş 2016-cı ilin Qirğızstanda tarix və mədəniyyət ilinə həsr olunan tədbir keçiriləcəkdir. Biz eyni zamanda Qırğızstanda Azərbaycan və Azərbaycanda Qırğızstan Mədəniyyət Günlərinin keçirilməsinə hazırlaşırıq."

Səfir H.Orucov qısa müddət ərzində Azərbaycan və Qırğızstan Respublikaları və qardaş azərbaycan və qırğız xalqları arasında əməkdaşlığın dərinləşməsi və möhkəmlənməsi, genişlənməsi, sonrakı inkişafı üçün möhkəm təməllər qoyulduğunu qeyd etmişdir.

O, belə tədbirlərin təşkil olunması iki qardaş xalqı daha da yaxınlaşdırdığı bildirmişdir.

Səfir, yaşlı nəsilin "Arşın mal alan" operettasına yaxşı bələd olduğunu, yeni nəsilə də bu operetta xoş gəldiyini, çünki bütün nəsillər üçün heç zaman dəbdən düşməyən inci olduğunu xüsusilə vurğulamışdır.

Qırğızıstan Milli Akademik Opera və Balet teatrının solisti Asel Babayeva 2013-cü ildə YUNESKO baş qərargah bunasının konsert zalında "Arşın mal alan" operettasından partiya ifa etdiyini,"Arşın mal alan"ın dünyanın 76 ölkəsində 187 teatrda səhnələşdirildiyini yubiley iştirakçılarının diqqətinə çatdırmışdır.

Səfir demişdir: "Üzeyir Hacıbəyovun yaratdığı yüksək insani duyğuların himninə çevrilmiş və ilkin təravətini heç itirməmişdir və artıq bir əsrdir bu əsər dünya teatr səhnəsinin və kinematoqrafiyasının layiqli incisidir.

Üzeyir Hacıbəyovun yaradıcılığında şərq və qərb musiqi tərzləri birləşdirilmiş, azərbaycan xalq musiqisi elementləri Avropa klassik ənənələrinə uyğunlaşdırılmışdır".

Sonra Səfir Qırğız Respublikası Mədəniyyət, İnformasiya və Turizm Nazirliyinə, Abdılas Maldıbayev adına Milli Akademik Opera və Balet teatrının gözəl, istedadlı kollektivinə, Azərbaycandan gələn istedadlı opera müğənnilərinə, bu unudulmaz gecənin keçirilməsində zəhmət çəkən bütün şəxslərə, eyni zamanda o gün zalda olan əziz qonaqlara, Üzeyir Hacıbəyov kimi dünya klassik musiqi korifeyinin əsərlərinə göstərilən sədaqət və sevgiyə gorə öz təşəkkürümü bildirmişdir.

Və sonda demişdir: "Üzeyir Hacıbəyovun yubileyinin Novruz bayramı ərəfəsində keçirilməsi fikrimcə, təbii haldır, çünki bahar-Novruz - təbiətin, zamanın oyanışını, təzələnməsini təcəssüm etdirir, Üzeyir Hacıbəyov isə bütün müsəlman dünyasında klassik musiqinin baharı-novruzu idi."

Sonra Üzeyir Hacıbəyovun əsərlərindən ibarət olan qala-konsert baş tutmuşdur.

Qala-konsertdə Qırğızstanın populyar opera müğənniləri: Qırğızstanın xalq artisti Jumakadır Kanimetov, əməkdar artist Sadırbek Jumaşev, Qırğız Milli Akademik Opera və Balet teatrının baş xormeysteri Karaqul Tilençiyev və solistlər Asel Bekbayeva, Bakıt Ibıkeyev, Nurjiqit Asanov, Salima Mamatova, Almaz İstambayev, Mediana Baitova ilə yanaşı Azərbaycanın xalq artisti, professor Azər Zeynalov, Azərbaycanın əməkdar artisti İlahə Əfəndiyeva, Azərbaycan Dövlət Akademik Opera və Balet teatrının dirijoru Eyyub Quliyev çıxış etmişlər.

Qala-konsertin rejissoru İskender Saatbayevdir.

Qala-konsert bitəndə salonda uzun müddət alqış sədaları səslənmişdir.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.