Zirvəyə yol: Olimpiya çempionu Radik İsayevin həyat və mübarizəsindən bəzi ştrixlər

Day.Az представляет новость на азербайджанском языке

Olimpiya çempionu olmaq hər bir idmançının ən böyük arzusudur. Azərbaycan taekvondoçusu Radik İsayev bu zirvəyə 27 yaşında çatıb. Bu parlaq qələbəsi ilə Braziliyada Azərbaycan bayrağını yüksəyə qaldıraraq, himnimizi səsləndirərək milyonlarla idman həvəskarına və xalqımıza hədsiz sevinc bəxş edib.

Radik İsayev yəqin ki, həyatının ən unudulmaz günlərini yaşayır. Bəlkə də "Rio-2016"dək o qədər də tanınmayan idmançı bir gecədə məşhurlaşdı. Adını Azərbaycanın idman tarixinə yazdı. Prezident İlham Əliyev ona zəng edərək qələbə münasibətilə təbrik etdi. İdmançı üçün bundan böyük şərəf və xoşbəxtlik ola bilərmi?

Bu gün Radikin adı idman həvəskarlarının dilindən düşmür. Hamı onun həyat və mübarizə yolu ilə maraqlanır. Radik İsayevin Olimpiya Oyunları ərəfəsində AZƏRTAC-a verdiyi müsahibəyə nəzər salırıq. O inamla deyirdi ki, "Rio-2016" Olimpiadasının medalçıları sırasında yer alacağına iddialıdır. Həmin müsahibədən bir hissəni diqqətə çatdırırıq: "Ötən il ölkəmiz üçün çox uğurlu oldu. Yalnız taekvondo deyil, idmanın digər növləri üzrə də çoxlu qızıl medal qazandıq. İlk Avropa Oyunlarının Azərbaycanda keçirilməsi və bu mötəbər yarışda idmançılarımızın yüksək nəticələr qazanması hər kəsi sevindirdi. Taekvondo yarışlarında ölkəmizi yüksək səviyyədə təmsil etdik. Ancaq təbii ki, bunlarla kifayətlənmək olmaz. Bu il bizi daha çətin sınaqlar gözləyir. "Rio-2016" Yay Olimpiya Oyunlarına ciddi hazırlaşırıq. Yeganə məqsədimiz yüksək nəticələr qazanaraq xalqımızı sevindirməkdir. Bunun üçün çox çalışmaq və məqsədə doğru inamla addımlamaq lazımdır".

Doğrudan da Radik İsayev bu məqsədə nail olaraq xalqımıza gözlədiyi sevinci yaşatdı. "Rio-2016"da yığma komandamıza yeganə qızıl medalı məhz o qazandırdı. Bu, həm də Azərbaycanın taekvondo tarixində ilk qızıl medal kimi xüsusi dəyərə malikdir.

Bu sevincli günlərdə Azərbaycanın taekvondo üzrə yığma komandasının böyük məşqçisi Elnur Amanovun da AZƏRTAC-a müsahibəsində dediyi sözlər yada düşür: "Taekvondo üzrə Azərbaycan yığması birinci Avropa Oyunlarında, sonuncu dünya və Avropa çempionatlarında, dünya kuboku yarışlarında uğurla çıxış edib. Çalışacağıq ki, Olimpiya Oyunlarında da medal qazanaq və nəticələrimizlə xalqımızı sevindirək".

Məşqçinin də gözləntiləri özünü doğrultdu. "Rio-2016"ya ilk dəfə tam heyətlə qatılan taekvondo üzrə komandamız bir qızıl, iki bürünc medal qazanaraq özünəməxsus rekorda imza atdı. Yarışlarda 80 kiloqramdan yuxarı çəki dərəcəsində çıxış edən dünya və Avropa çempionu, "Bakı-2015"in qalibi Radik İsayev isə bütün rəqiblərini məğlub edərək Olimpiya çempionu oldu.

Olimpiya çempionunun həyatından da bəzi ştrixləri xatırlamaq yerinə düşər. Rusiya Federasiyasının Dağıstan Respublikasının Mahaçqala şəhərində doğulan 27 yaşlı Radik Veleddin oğlu İsayev ailədə yeganə idmançı olub. Orta məktəbi Mahaçqalada bitirib, Moskva Dövlət Avtomobil və Yol Texniki Universitetinin məzunudur. Uşaq və yeniyetmə vaxtlarında idmana, xüsusilə, taekvondoya maraq göstərən Radik İsayev Azərbaycan Taekvondo Federasiyasının yığma komandasının tərkibinə 2012-ci ilin sonlarında daxil edilib. Gərgin məşq edən Radik İsayev qısa müddətdə milli komandamızın liderlərindən birinə çevrilib.

Valideynlər öz uşaqlarını pis vərdişlərdən uzaqlaşdırmaq üçün onlara adətən idmanla məşğul olmağı məsləhət görürlər. Balaca Radik bu məsələdə ata-anasını qabaqlayır. Daha çox futbol, müxtəlif döyüş növləri ilə məşğul olur, sonradan taekvondonu seçir. Dağıstanda güləş, cüdo daha populyardır. Ona görə də Radik İsayevin taekvondoya üstünlük verməsi orada təəccüblə qarşılanır. Buna baxmayaraq Radikin uğurları özünü çox gözlətmir. Dağıstan çempionatında üçüncü yeri tutaraq karyerasında ilk qələbə sevincini yaşayır.

Sonralar Rusiya çempionatında iki dəfə fəxri kürsüyə qalxan Radik İsayev 87 kiloqram çəki dərəcəsində 2010-cu ildə qızıl, bir il sonra isə gümüş medal qazanır. 2012-ci il London Olimpiadasına yollanacaq idmançıların geniş siyahısında adı olsa da, məşqçilər heyəti onu Böyük Britaniyaya aparmırlar. Layiq olduğu qiyməti almaması ona çox təsir edir. Bu hadisədən sonra Bakıdan aldığı dəvəti qəbul edərək Azərbaycan millisinin şərəfini qorumaq qərarına gəlir.

Komandamızın heyətində kifayət qədər uğurla çıxış etməyə başlayır. 2013-cü ildə Meksikada keçirilmiş dünya çempionatında bürünc, bir il sonra Bakıda keçirilmiş Avropa çempionatında qızıl medala layiq görülür.

Ümumiyyətlə, Radik beynəlxalq turnirlərdə keçirdiyi görüşlərin çoxunda qalib tərəf olub. Maraqlıdır ki, taekvondoçumuz iştirak etdiyi müxtəlif beynəlxalq turnirlərin bütün əyarlarda medallarını qazana bilib. Dünya və Avropa çempionatlarının, eləcə də bir çox beynəlxalq turnirlərin qalibi və mükafatçısıdır: 2014-cü ildə İranda "Fajr Cup" turnirində birinci, Niderlandda "Dutch Open", Ukraynada "Ukraine Open" turnirlərində ikinci, eləcə də 2015-ci ildə "Moldova Open"də, həmin il "Qatar Open"də birinci, Misirdə "Luxor Open"də ikinci, 2015-ci ildə Cənubi Koreyada hərbçilərin VI dünya oyunlarında üçüncü, həmin il Meksikada komandalararası dünya kubokunda birinci yer. Nəhayət, Radik ötən il Rusiyada keçirilmiş dünya çempionatının qalibi olur. Radik İsayev Dünya Taekvondo Federasiyasının Olimpiya reytinqinə əsasən, "Rio-2016" ərəfəsində üçüncü pillədə qərarlaşır. Bu uğurlarına görə, Gənclər və İdman Nazirliyi tərəfindən bir neçə dəfə ilin "ən yaxşı idmançısı" nominasiyası üzrə ilk 10 idmançı sırasında yer alır və xüsusi mükafata layiq görülür.

Həyat Radiki hələ yeniyetmə yaşlarında sınağa çəkib. Dağıstanda yetərli maliyyələşmənin olmaması istedadlı idmançının taekvondadan uzaqlaşmağa məcbur edir. Səbəbi isə anasının ağır xəstəlik keçirməsi olur. Onun müalicəsinə çoxlu pul lazım olduğundan Radik məşqləri dayandırıb zavodda işləməyə başlayır. Həmin müəssisə bir müddətdən sonra bağlanır. Özünə başqa iş axtarmazdan əvvəl idmana yenidən qayıdıb şansını bir daha sınamaq qərarına gəlir. Bu addımı özünü doğruldur. O, gərgin zəhməti hesabına maddi vəziyyətini yaxşılaşdıraraq ailəsinin dayağına çevrilir, həm də peşəkar idmançı kimi yetişir və bir-birinin ardınca qələbələr qazanır.

Təsadüfü deyil ki, "Rio-2016"da qələbəni kimə həsr edirsən sualına R.İsayev belə cavab verib: "Birinci növbədə mərhum atama və ilk azarkeşim olan anama. Anam mənim ən əsas azarkeşimdir və medallarımı yığıb saxlayır. Mən hər dəfə yarışa çıxanda anam hamıdan çox həyəcanlanır. Bütün medallarımı və aldığım kubokları ayırdığı otağa yığır. Mənim əsas mükafatlarım anamın kolleksiyasına çevrilib".

Boyunun hündür olması Radikin üstünlüyüdür. Taekvondo əsasən ayaqlarla döyüşün ön planda olduğu idman növüdür. Taktikasına gəlincə, daha çox başa dəqiq zərbələri ilə tanınır. Radik üçün hər döyüş fərdi xarakter daşıyır və hər dəfə dayanq üzərində vəziyyətə görə seçimini edir. Buna daha çox təmkinli döyüş taktikası adı vermək olar. Həmin taktika keçirdiyi bütün döyüşlərdə öz müsbət nəticəsini göstərir. İdmançı üçün möhkəm iradə və qələbə əzmi də mühüm əhəmiyyətə malikdir. Biz bunu Radik İsayevin "Rio-2016"da keçirdiyi görüşlərdə bir daha yəqin etdik. Hesabda geridə olmasına baxmayaraq özündə güc tapır, qələbəyə inamını itirmir və son saniyələrədək mübarizəni dayandırmırdı.

Radik məşqləri əsasən səhər və axşam edir. Günün əsas hissəsini fiziki, nəzəri hazırlığa sərf edir, istirahətə demək olar vaxtı qalmır. O, əsl idmançı kimi çalışmaqdan zövq alır, ustalığını günbəgün artırmağa çalışır. Çünki bilir ki, qələbə qazanmağın başqa yolu yoxdur. İdman onun peşəsidir, karyerası məşqlərdən asılıdır. Radik İsayev dürüst, dönməz, nəzakətli, məğrur və çalışqandır. Bir taekvondoçu kimi gücünü yalnız döyüş meydanında göstərən əsl qafqazlıdır.

O, son müsahibəsində uğur qazanmasının səbəblərinin birini döyüş vaxtı məşqçilərin tapşırıqlarını yerinə yetirməsi ilə izah edir. Sözsüz ki, onun uğurlarında taekvondo üzrə kişilərdən ibarət Azərbaycan yığma komandasının məşqçilərinin rolu da az deyil. İnanırıq ki, Olimpiya çempionumuz fəth etdiyi zirvə ilə kifayətlənməyəcək, yeni-yeni qələbələrə imza atacaq.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.