Tanınmış azərbaycanlı aktrisa əsəbləşdi: "Qüruruma toxunan insanı..."

Day.Az представляет новость на азербайджанском языке

Aktrisa Xuraman Əlizadənin Milli.Az-a müsahibəsi

- Xuraman, sənət həyatınızda nə kimi yeniliklər var?

- Sənətimdə hələ ki, böyük bir yenilik yoxdur. Təkcə Xəzər TV-də yayımlanan "Baldız" serialına çəkilirəm. Eşitdiyimə görə, serialımız kifayət qədər reytinq də toplayıb. Teatrda çalışmadığıma görə çəkilişlərə çox rahat gedirəm.

- Müsahibələrinizdə hər zaman teatr həyatınızdan ürək ağrısı ilə danışırsınız. Bu illər ərzində yenidən teatra qayıtmağa cəhd etmisiniz?

- Xeyr, qətiyyən. Bu haqda nə fikirləşmişəm, nə də ki, buna cəhd etmişəm. Mənim üçün o kitab artıq bağlanıb.

- Söhbət vaxtilə sizin çalışdığınız Gənc Tamaşaçılar Teatrından getmir. Digər teatrlara da müraciət etməmisiniz?

- Sözün düzü, digər teatrlara getmək haqqında heç vaxt fikirləşməmişəm. Bilmirəm niyə?Amma söhbət Gənc Tamaşaçılar Teatrından gedirsə, oranın heç qapısını da açmaram! Mən orada illərlə çalışmışam, cavanlığımı teatra həsr etmişəm. Dəfələrlə qastrollara gedib, gündə 4-5 tamaşa da oynayan vaxtlarımız olub. Bir sözlə əziyyət çəkib, can qoymuşam. Bir dəfə işdən çıxarılandan sonra həmin teatra tamaşaçı kimi getdim. Digər teatrlara gedəndə bir aktrisa kimi hörmət edib, içəri buraxırlar. Mən öz çalışdığım teatra qapıdan bilet alıb girmişəm. Heç ora qayıdaram?

- Soruşmadınız ki, niyə teatrı tərk etməliyəm?

- Xeyr, bu haqda heç kimdən bir kəlmə də olsun soruşmadım. Sözün düzü, teatrdan çıxarılmağımın səbəbi hələ indiyə qədər mənə məlum deyil.

- Vaxtilə səhnədə böyük sənətkarımız Firəngiz Şərifova ilə bir tamaşada oynamısınız. Teatr rəhbərliyindən gördüyünüz haqsızlığı tamaşada həmkarlarınızdan da görmüsünüz?

- Teatr haqqında danışanda ürəyim sıxılır. Mən səhnədə indi bir çoxlarının arzu etdiyi sənətkarlarla birlikdə tamaşlarda oynamışam. Adamı yandıran budur da. Firəngiz xanımla "Nənənin kələyi" tamaşasında tərəf müqabili olmuşam. O, bu tamaşaya qədər mənim haqqımda yüksək fikirdə deyildi. Tamaşadan sonra mənə o qədər gözəl sözlər dedi ki. Hətta gəlib məni qucaqlayıb öpdü də. O dahiliyində insanlar mənə tamaşalarda çətinlik yaşatmadılar, amma kimlərsə mənim teatrdan uzaqlaşmağımı istədi.

- Yəqin yaşadığınız elə bu əsəbdir ki, illər sonra da sizdən əl çəkmir. Belə ki, son zamanlar sosial şəbəkələrdə də çox aqressiv olmusunuz.

- Mən hisslərimi cilovlamağı bacaran insanam, sadəcə bəzən elə yersiz insanların, yersiz rəyləri olur ki, mütləq cavablandırmağı vacib bilirəm. Mənim qüruruma toxunan insanı cavabsız qoymaram.İndiyə kimi heç kim deyə bilməz ki, Xuraman kiminsə görkəminə rişxənd edib, gülüb. Xeyr! Allah mənim belimi qırar. Mən qəlb qırmaram, imkan da vermərəm ki, mənə haqsız yerə nəsə deyilsin! Nə qədər insanın artıq çəkilərindən danışmaq olar? Susuram, susuram sonra partlayıram!

- Bəlkə tənqidlərdən bir nəticə çıxarasınız?

 

- Arıqlamağa iradəm yoxdur, sözsüz ki, istəsəm onu da bacararam, amma ağzıma "zamok" qoya bilmirəm (gülür).

- Azərbaycan teatr və kino tarixində bir çox kök aktrisalarımız olub ki, onlar üçün məxsusi rollar yazılıb. Əslində rejissorlara müəyyən rolları oynamaq üçün kök aktrisalar da lazımdır.

- Kilolu aktrisalarımız olub, daha mənim boyda yox da (gülür). Məncə rejissora hər xarakterdə aktrisa lazımdır. Amma çox təəssüf ki, kilolu aktrisalarımız üçün hər zaman obraz yazılmır.

- Xuraman özünü gündəmdə necə saxlayır?

- Aktrisa efirlərdə olmaqla özünü gündəmdə saxlaya bilər. Şükür Allaha, bu tərəfdən çox şanslıyam.

- Xətrinizə dəyən insanları bağışlayırsınız?

- Əslində mən çox həlim insanam və tez də bağışlayıram. Bağışlamamaq mənlik deyil. Bu bəlkə də ən pis xüsusiyyətimdir.

- Xuraman, xına mərasimlərinə də gedirsiniz. Artıq nəinki, aktrisalar, müğənnilər də toylarla bərabər xınaya gedirlər. Bu sizin gəlirinizi azaltmayıb ki?

- Müğənnilərin xınaya getməsi normaldır. Çünki onların ən azından sənətdən xəbərləri var. Bədbəxtçilik odur ki, qab yuyanlar da xınaya gedir. Bax budur problem! Gəlib xınanı bərbad günə qoyub gedirlər.

- Müştəri ilə problem yaşamısınız?

- Xeyr, toy sahibi ilə heç bir problem yaşamamışam. Bir dəfə sadəcə anlaşılmazlıq olub. Xınasına getdiyim xanım məni düz 2 saat gözlətmişdi. Gələndə heç üzr də istəmədi. Mən də onun xınasından üz döndərib getmişəm.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.