Prezident İlham Əliyev: Füzulidə kəndlərdə hər bir evin təqribən ən azı 12 sot torpağı olacaq

Torpaq da yaxşı, münbit torpaqdır. İndi aparılan şum, səpin, əkin o məqsədi güdür ki, vaxt itirməyək, bu torpağı artıq diriliyə gətirək. Ona görə camaat qayıdandan sonra əlbəttə ki, yenidən bölgü aparılacaq. Bir də ki, burada həyətyanı torpaqlar da nəzərdə tutulur, mənə məruzə edildi. Kəndlərdə hər bir evin təqribən ən azı 12 sot torpağı olacaq.

Day.Az AZƏRTAC-a istinadən bildirir ki, bunu Prezident İlham Əliyev oktyabrın 17-də Füzuli rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə şəhərin baş planı ilə tanışlıq zamanı deyib.

Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev: Cənab Prezident, Füzuli şəhərinin işğaldan əvvəl məskunlaşma ərazisi bu xəritədə tünd rənglə göstərilib. İndi artıq 397 hektar təşkil edir. Yeni baş plana görə artıq bu sarı rənglərlə göstərilmiş ərazi, o cümlədən hava limanı daxil olmaqla, 1936 hektar təşkil edəcək. Şəhər, ümumiyyətlə, 50 min nəfər üçün planlaşdırılır. Yəni, hesabat dövrünə - 2040-cı ilə 50 min nəfərlik şəhər olacaq.

Prezident İlham Əliyev: Torpaq da yaxşı, münbit torpaqdır. İndi aparılan şum, səpin, əkin o məqsədi güdür ki, vaxt itirməyək, bu torpağı artıq diriliyə gətirək. Ona görə camaat qayıdandan sonra əlbəttə ki, yenidən bölgü aparılacaq. Bir də ki, burada həyətyanı torpaqlar da nəzərdə tutulur, mənə məruzə edildi. Kəndlərdə hər bir evin təqribən ən azı 12 sot torpağı olacaq.

Anar Quliyev: "Ağıllı şəhər" yanaşması təbii ki, burada həm ağıllı idarəetməni, həm də müasir texnologiya üzrə peşəkar kadrlar hazırlanmasını nəzərdə tutur. Ağıllı cəmiyyət, sağlam ətraf mühit, həyat tərzi, nəqliyyat və rabitə, rəqəmsal əsaslı şəbəkələr qlobal miqyasda yeni yanaşmadır. Çalışacağıq burada sağlam ətraf mühit, parklar, çoxlu yaşıllıq olsun.

Prezident İlham Əliyev: Burada ictimai zonalar - gəzinti, velosiped yolları çox olacaq.

Anar Quliyev: Bəli, cənab Prezident. Burada az və ortamərtəbəli çoxmənzilli binalar inşa ediləcək. Daha sonra həyətyanı bağ sahələri olan fərdi evlər tikiləcək. Şimal hissədən nəqliyyat dəhlizi, avtomobil yolları, dəmir yolları çəkiləcək, aeroport artıq tikilib. Ona görə yaşayış hissəsini biz şəhərin sol tərəfinə daha çox yerləşdirdik və aeroporta yaxın ərazilər daha çox məşğulluq yerləri olacaq. Burada sənaye parkı, logistika parkı var. Şəhərdə, həmçinin ekopark yaradılacaq. Şəhər ətrafında çox böyük ərazidə meşə zolaqları da olacaq. Avtovağzal, dəmir yolu vağzalı şəhərin girəcəyində yerləşəcək. Gələcəkdə böyük bir idman zonasının yaradılması, stadionun tikilməsi planlaşdırılır.

Məşğulluğa gəldikdə burada nəqliyyat-logistika əsas sahə olacaq. Əsasən sənaye, yüngül sənaye və təbii ki, turizm.

Sakin: Cənab Prezident 500-dən artıq iş yeri yaradılıb.

Prezident İlham Əliyev: Daimi?

Sakin: Bəli.

Prezident İlham Əliyev: Bu işlərə Füzulidən olan gənclər, insanlar cəlb edilsin.

Anar Quliyev: Avtomobil yolları 46 kilometr təşkil edəcək. Piyada, velosiped yolları 85 kilometr. Məsələn, avtomobil yolları tamamilə ayrılacaq, ayrıca zolaqla ancaq piyada, velosipedlə hərəkət üçün şərait təmin olunacaq.

Prezident İlham Əliyev: Ekoloji, təmiz şəhər nəqliyyatı.

Anar Quliyev: Bəli, bu, prioritetlərimizdən birincisidir.

Prezident İlham Əliyev: İndi böyük xəstəxananın layihəsi hazırlanır. Yaxın həftələrdə mənə təqdim ediləcək.

İdmançı: İnşallah, Füzulidə böyük idman kompleksləri olacaq.

Prezident İlham Əliyev: Sözsüz. Olimpiya İdman Kompleksi mütləq yaradılacaq.

İdmançı: Çox təşəkkür edirik, sağ olun.