Aktyor Ramil Babayev: "İlk iş yerim bazar olub"

Day.Az представляет новость на азербайджанском языке.

Aktyor Ramil Babayevin Milli.Az-a müsahibəsi.

- Ramil Babayev - 7-dən 77-yə hər kəsin çox sevdiyi Şöşü, - özünüz öz yaratdığınız obraza gülürsüz?

- Hərdən olur ki, öz yaratdığım obraza gülürəm. O da hərdən, hər zaman yox (gülür). "Bozbaş Pictures"i özüm montaj etdiyimdən, artıq nə var-nə yox - bilirəm deyə elə də gülmürəm.

- Bir az yaxından tanıyaq sizi.

- 1978-ci il sentyabrın 13-də Bakıda anadan olmuşam. 6-ci sinifdə oxuyanda, 13 yaşım vardı, evdən Kiyev şəhərinə qaçmışam. Nəyə görə qaçdığımı açıqlamaq istəmirəm (gülür). Kiyevdən Bakıya gələndən sonra artıq dərslərimi yaxşı oxumurdum. İdmana böyük həvəsim var idi, cüdo ilə məşğul olmuşam. İki dəfə respublika çempionu, Bakı çempionu olmuşam. Dostluq yarışmalarında çempion olmuşam.

- Nəyə görə idmanla sona qədər məşğul olmadız?

- Çünki mən milli yığmada cüdo ilə məşğul olurdum, o zamanlar müharibə dövrü idi deyə idmana münasibət çox güclü deyildi. Həm də idmana gündə üç dəfə getdiyim üçün yolpulum olmurdu, yəni maddi sıxıntılarım var idi, ona görə də məcbur idim işləyəm. 14 yaşımdan artıq mən işləyirdim.

- 14 yaşlı bir uşaq harada çalışa bilərdi ki?

- Yaşıdlarımın dərsə getdikləri bir zamanda mən bazara işləməyə gedirdim. İlk iş yerim bazar olub, bazarda belə deyək, alverlə məşğul idim, qarpız satmışam, meyvə satmışam. Restoranlarda ofisiant da işləmişəm. Yəni çox çətinliklər görmüşəm. 8-ci sinifdən məktəbdən azad oldum, amma ailəm evdə elə bilirdi ki, mən oxuyuram. Məktəb adı ilə evdən çıxırdım, ayaqqabı sexi var idi, oraya gedib öyrənirdim. 6 aydan sonra mən artıq sərbəst usta kimi ayaqqabı sexində çalışırdım. Yəni artıq pul qazanırdım və evə gətirirdim. Sonra ailəm xəbər tutdu ki, mən işləyirəm, daha heç nə demədilər. Yəni mən də yaşıdlarım kimi məktəbi bitirsəydim, deyim ki, universitetə yüksək balla qəbul olardım, çünki çox güclü yaddaşım var.

- Çətin uşaqlıq illəriniz olub, ailədə neçə övlad olmusuz?

- 3 qardaş olmuşuq - Emin, Elçin və mən. Ata-anamı uşaqkən itirmişəm. Bibim məni övladlığa götürüb. Mənim soyadım da bibimin soyadıdır. Əsl soyadım Hadıyevdir. Hal-hazırda da bibimlə yaşayıram, onun övladı yoxdur, tək oğlu, belə desək, mənəm.

- Orta təhsilli bir insanın bu qədər dil bilməsi təəccüblü bir haldır, nə zaman vaxt tapıb öyrəndiz?

- Mənim bu dilləri örgənməyim özü bir tarixdir (gülür). Deməli, mən 5 dil bilirəm: türk, rus, ingilis, fransız və hind dili. Bazarda çalışdığım dönəmlərdə bir müştərim var idi, pakistanlı, o gəlirdi, ingilis dilində danışırdı. Mənə maraqlı gəldi ki, onunla ingilis dilində danışım. Bir dəfə kitab satandan bir lüğət aldım və ingilis dilini öyrənməyə başladım, həmin o pakistanlı müştəri gələndə ona ingilis dilində cavab verirdim. O məni başa düşəndə mənə ləzzət edirdi. Yəni belə-belə kitablar aldım və dili öyrənməyə başladım. Daha sonra hind restoranına ofisiant olaraq işə düzəldim. O vaxtlar səfirlər, xarici iş adamları gəlib nahar edirdilər. Bir gün BMT-nin baş katibi var idi, o gəldi ora, onunla əlaqə qurdum və dostlaşdım. O məni BMT-yə işə düzəltdi və mən orada digər dilləri də öyrəndim. Orada da iki il çalışdım.

- ATV kanalına ilk gəlişiniz necə olub?

- Daha sonra hərbi xidmətə getdim. Mən qayıdanda artıq doğma qardaşım Emin Hadıyev ATV kanalında, radioda çalışırdı. Emin məni 2001-ci ildə ATV kanalına gətirdi. Mənim də o zamanlar internetdən çox yaxşı anlayışım olduğuna görə, o vaxtlar radioda "İnternet klub" verilişinə düzəldim. Daha sonra efir rejissorluğunu, sonra montajı öyrəndim və maraqlı ideyalarım olduğuna görə montajçı vəzifəsində çalışdım. İllərdir ATV kanalına sadiqəm, neçə yerdən mənə yüksək məvacibli iş təklif ediblər, amma getməmişəm.

- Ailəlisiz, bildiyimizə görə, xanımınız da ATV kanalının əməkdaşı olub.

- Bəli, həyat yoldaşımla ATV-də tanış olmuşam. O, "Bizim səhər" verilişində "Sənətkar" rubrikasını aparırdı. Çox gözəl insan idi, tanıyanlar bilirlər. Heç kim bizim izdivaca inanmırdı, yəni ağıllarına gəlməzdi ki, Nigar ilə mən bir-birimizi sevərik. 2005-ci ildə biz ailə qurduq. Yaxşı ki, mən Nigarı tanıdım və ailə qurdum, mən onu çox sevirəm və fəxr edirəm onunla. Çünki o mənim bütün şərtlərimə razı oldu. Mən ona dedim ki, biz ailə qurduqdan sonra sən işləməyəcəksən, o da bununla razılaşdı. Mən nə dedim, o da onu etdi. Yəni əsl mən istədiyim insan idi və hal-hazırda da elədir (gülür).

- Övladlarınızın gələcəyini necə görürsüz? Aktrisa olmalarına razı olarsız?

- Mən istəməzdim qızlarım aktrisa olsunlar, nəinki aktrisa, heç incəsənətin yaxınından keçsinlər. Mən pis baxmıram TV-də çalışan qızlara, amma bu aləmdə olanlar bilirlər ki, burada çalışmaq asan deyil, əsəblər pozulur, iş çətin olur, gecəsi-gündüzü olmur. Mənim qızlarım yaxşı savad alırlar, rus, ingilis dillərini bilirlər. İnşallah, ali təhsillərini, istəyirəm, xarici ölkədə alsınlar. Sağlamlıqları ilə əlaqədar gimnastika ilə məşğuldurlar. Bel sümükləri düz olsun deyə, yəni gimnast olmayacaqlar (gülür). İndi arada soruşuram gələcəkdə kim olmaq istədiklərin, bir qızım həkim deyir, digəri idman müəllimi.

- "Bozbaş Pictures"in yaranmasında əməyi olan ilk insan sizsiz?

- Bəli, "Bozbaş Pictures"i İlkinlə mən yaratmışam. Adı əvvəl "Bozbaş Pictures and Noxud Production" idi (gülür). Sonra ad çox uzun olduğundan qısaltdıq, elə "Bozbaş Pictures" qaldı. Yadıma gəlir ki, ATV-nin 5 yaşı olanda İlkinlə mən fikirləşdik ki, nəsə bir videoçarx hazırlayaq. İlkinə bığ qoyduq, mən də guya "106 house" (o vaxt belə bir veriliş var idi) verilişinin aparıcısıyam, İlkin də müğənnidir, mənim qonağımdır. Elə ilk dəfə Şəmi adı oradan yarandı, İlkinə dedim: "Adınız nədir?" O da özündən: "Şəmi", - dedi. Elə o vaxtdan da Şəmi qaldı. Sonra bunu ad günündə təqdim etdik, hər kəs güldü, bəyəndi. Rəhbərlik dedi ki, bəs bunu davam edin. Biz də davam etdirdik. Sonra fikirləşdik ki, Şəminin xalası oğlu olum və Şəmiyə uyğun Şöşü adını qoyduq. Bu söhbət olub 2002-ci ildə, biz də o vaxtdan elə Şəmi, Şöşü kimi davam etdik. Təbii ki, sonradan digər obrazlarımız yarandı: Fəlakət, Ağsaqqal, indi Şirin, Əzəmət (gülür).

- Şöşü olmasa, Şəminin aqibəti necə olar?

- Mənə elə gəlir ki, Şəmi Şöşüsüz, Şöşü də Şəmisiz heç nə olar (gülür). Yəni onlar bir-birinə bağlıdırlar (gülür). Həm də xalaoğluyuq (gülür). Tək biz yox, digər obrazlarımız da olmasa, "Bozbaş Pictures"in mənası olmaz. Biz çox mehribanıq, inşallah da sona kimi belə olarıq, həm efirdə, həm həyatda.

- Yaratdığınız obrazdan olub ki, utanasız?

- Çox olub, efirə baxanda da utanmışam, adi həyatda da. Ailəm ilə harasa gedirəm, kənardan deyirlər: "aaa... Şöşü, "əla, əla", "bunu maa neçəyə verərsən?" (gülür). Marketə girirsən, qadınlar, uşaqlar şəkil çəkdirirlər. Yəni mən də sıradan bir insan olduğum üçün belə hallara çox öyrəşməmişəm deyə çox utanıram.

- Ailəniz necə münasibət bəsləyir "Şöşü" obrazına?

- Ailəm məni izləyir, yoldaşım elə efir yoxdur ki, baxmasın. Müsbət reaksiya verir, hər zaman o mənə deyir ki, bu yaxşıdır, bu pis (gülür).

- Ramil Babayev "Şöşü" obrazı ilə kifayətlənəcək, yoxsa yeni obrazlar görəcəyik sizdən?

- Ola bilsin ki, yeni obrazlar olsun. Əgər film çəkəsi olsaq, bəli, yeni obrazda görə biləcəksiz məni. Amma deyim ki, mən aktyor kimi həmişə fəaliyyət göstərəcəm - xeyr. Məni ancaq "Bozbaş Pictures"də görə bilərsiz.

- Çox istedadlı insansız, sehirbazlıqla da məşğulsuz. Bu sizdə necə alınır, var bir sirri?

- Bu bir hobbidir məndə. İnternetdən öyrənmişəm, marağım var buna. Hansısa bir məclisdə bir fokus göstərirəm, yəni hamı təəccüblənir, xoşlarına gəlir. Bu da mənə ləzzət edir. Sirrini açıqlamayım, onda marağı qalmaz. Həm də deyim ki, bu hər insanda alınmır, bu da bir istedad tələb edir.

- Son sualım: bu gün Ramil Babayevin həyatında nə çatışmır? Ən böyük istəyiniz bizə çox maraqlıdır.

- Allaha çox şükür ki, həyatımda hər bir şey çatır. Ailəm, işim, övladlarım - hər şey yolundadır. Bircə valideynlərim çatışmır. Onlar üçün çox darıxıram...

Milli.Az