"Qadınlar məni soyundurmaq istədilər" - Van Damm
Day.Az представляет новость на азербайджанском языке.
"Həqiqət həmişə həqiqət olaraq qalır, hətta kimsə onu eşitmək istəməsə belə"
Qaynar.info məşhur aktyor Jan-Klod Van Dammın həyat qaydalarını təqdim edir:
Haqqımda yazılanlar heç vecimə də deyil.
40 yaşım olanda fərqinə vardım ki, fanatlarımın da yaşı təxminən bu qədərmiş.
Nə vaxtsa məni ulduz elan etmişdilər.
Belə hesab edirlər ki, Stallone, Arnold və mənim kimi adamlar səhv edə bilməzlər. Ancaq biz səhv edirik, Hollivud isə bütün səhvlərimizi bağışlayır.
Hələ 10-15 il əvvəl mənim kimi aktyorlar əzələ yığmalı, özünü formada saxlamalı və yaxşı ssenari axtarışına çıxmalıydı. Amma bu günümüzdə döyüş filmi qəhrəmanı olmaq üçün qol əzələlərini şişirtməyə ehtiyac yoxdur. Heç yaxşı ssenariyə də ehtiyac yoxdur. Yeganə lazım olan, video montaj işlərini yüksək səviyyədə bacaran rejissordur.
Məncə ekranın birinci super qəhrəmanı Çarli Çaplin olub.
Havada üç dəfə mayallaq vurmaqdan, kiminsə başını yarmaqdan, sonra isə masanın üstünə eniş edərək: "Salam, mən Jan-Klod Van Dammam" deməkdən bezmişəm.
Bu, bütün aktyorların başına gəlir. Hansısa anda ayılırsan ki, sən ssenariyə yox, ssenari sənə uyğunlaşır və sən filmin içində yaşayırsan. Mənə elə gəlir ki, De Niro ümumiyyətlə, ssenarilərə nəzər salmır.
Amerikaya təzə gəlmişdim, nə iş olsa işləyirdim - limuzin sürürdüm, masaj salonunda işləyirdim, pizza daşıyırdım, xalça yuyurdum. Bir də təhlükəsizlik xidmətində işləmişəm. Bir dəfə mənim limuzinimi iki qadın sifariş verdi. Yaşları qırxdan çox olmazdı, onlar məndən soruşdular: "Şofer, çeynəməyə nəyiniz var?" - "Saqqızım var" - "Yox əşşi, bizə başqa şey lazımdı, özün bilirsən də". Qısası, onlar məni soyundurmaq istəyirdilər. Ərləri onları Beverli-Hilzzə plastik cərrah yanına göndərmişdilər, onlar isə məni istəyirdilər. Amma aramızda heç nə olmadı. Onlar çox qorxunc idilər.
İlk dəfə Amerikaya yola düşməzdən əvvəl, mən öz itim Taranı da götürdüm və Fransaya dincəlməyə getdim. Orada parkda bir insan gördüm. O, çox mədəni görünürdü və qulluğunda durduğu böyük bir itlə bizə tərəf gəlirdi. Mən bilirdim ki, itim Taranı özümlə Amerikaya apara bilməyəcəm, ona görə də bu şəxsə təklif elədim ki, mənim itimi də özünə götürsün. Üstündən bir il keçdi, mən yenidən Fransaya gəldim. Eynək və şlyapa taxdım ki, Tara məni tanımasın və həmin parka gəzməyə çıxdım. Həmin gün, ya da olsa bilsin, ertəsi gün mən onu gördüm. Başını aşağı salıb, boynunda xalta gedirdi, özü də dəri xəstəliyinə tutulmuşdu. Mən özümə dedim: "Sən necə adamsan, Jan-Klod?! Sən saatına iki dollar aldığın və adam yerinə qoyulmadığın Amerikaya həyata keçməz arzunun dalıyca getdiyinə görəmi öz itini kiməsə verdin?!". Mən Taraya yaxınlaşmaq istərdim, amma bunu etmədim, çünki onu yaralamaq istəmirdim. Belə oxşar hallar, nə vaxtsa sevdiyin qadınla görüşərkən olur. İndi o, sənin üçün sadəcə dostdur, ancaq o, bunu anlamır və ona elə gəlir ki, bu, yenidən sevgidir. Mən geriyə dönüb getdim, yarım ildən sonra Fransaya qayıtdığımda, Tara artıq ölmüşdü. Bir qadına verdiyim tutuquşu da ölmüşdü. O, məni sevirdi, həmişə əlimdə oturar, çiynimdə mürgülərdi, mənsə onu bir dəfə də olsun mənə zəng etməyən qadına verdim. İndi bu haqda düşünərkən, Tanrının niyə məni bu qədər sınağa çəkməsini anlayıram. Axı o, heyvanları sevir.
Mən küçədə sahibsiz it görəndə onu götürməli olduğumu anlayıram. Tailandda mən yeddi it götürdüm. Onlardan bəziləri iflic olmuşdu. Birinin üç ayağı vardı. Biri çox axsayırdı, ona görə də onun üçün xüsusi təkərli qurğu sifariş verməli oldum. Amma itləri bir ölkədən başqa ölkəyə daşımaq asan məsələ deyil, buna görə mən şəxsi təyyarə götürdüm. İndi evimdə doqquz it yaşayır.
Məndə qeyri-adi heç nə yoxdur. Sizinlə danışan adam sadə bir ölkədə, sadə insanların arasında doğulub. Mənim heç dərin intellektim də yoxdur. Mən sadəcə evi, iti olan, məşq edən və yaşadığına görə xoşbəxt olan bir insanam.
İndiyə kimi özümdən soruşuram: öz həyatın üçün nə eləmisən? Bu suala cavabım yoxdur.
Mənim düşmənlərim yoxdur. Həyat bunun üçün çox qısadır.
Məni siyasət maraqlandırmır. 13 yaşımda məktəbi atmışam. Bildiyim odur ki, son zamanlar dünyada heç nə yaxşılığa doğru dəyişmir. Prezident seçkiləri haqda danışmaqdansa, 20 ildən sonra planetin taleyinin necə olacağı haqda müzakirə aparmaq lazımdır. Obama qalib gələcək, ya yox? Mənim heç vecimə də deyil.
Mən Fidel Kastro deyiləm. Səkkiz saat danışmaq mənlik deyil. Cəmi beş dəqiqə danışa bilərəm.
Həqiqət həmişə həqiqət olaraq qalır, hətta kimsə onu eşitmək istəməsə belə.
Bəzən cavablar adamın ağlına suallardan qabaq gəlir.
Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре