RİİB könüllüləri Gəncədə Ermənistanın raket hücumları nəticəsində həlak olan dinc sakinlərin xatirəsini anıblar

Sentyabrın 27-də - Anım Günündə "Regional İnkişaf" İctimai Birliyinin (RİİB) könüllüləri tərəfindən Ermənistanın Gəncə şəhərinə raket hücumları nəticəsində həlak olan dinc sakinlərin xatirəsi anılıb, dağılmış yaşayış binalarının ətrafına gül düzülüb.

Day.Az AZƏRTAC-a istinadən bildirir ki, Vətən müharibəsi zamanı açıq hərbi əməliyyatlarda ardıcıl məğlubiyyətə uğrayan Ermənistan Azərbaycan Silahlı Qüvvələrinin uğurlu hücum əməliyyatlarının qarşısını almaq, bu hücumları dayandırmaq, xalq arasında qorxu və vahimə yaratmaq məqsədilə dinc insanların məskunlaşdığı yaşayış məntəqələrini qadağan edilmiş raketlərdən atəşə tutur, mülki vətəndaşlarımız arasında böyük tələfatlara nail olmağa çalışırdı. Oktyabrın 17-si gecə saatlarında düşmənin silahlı qüvvələri yenidən öz çirkin əməllərinə əl ataraq, Azərbaycan xalqına qarşı növbəti dəhşətli və insanlıqdan uzaq cinayət törətdi. Azərbaycanın ikinci böyük şəhəri, münaqişə zonasından 100 kilometrdən artıq məsafədə yerləşən Gəncə şəhərini insanların yatdığı bir vaxtda raket atəşinə tutdu. Bu qanlı terror hadisəsi Ermənistanın dövlət səviyyəsində terroru himayə edən ölkə olduğunu bir daha sübut etdi. Gəncə şəhərinin raket zərbələrinə məruz qalması beynəlxalq hüququn kobud şəkildə pozulması ilə bərabər, düşmən ölkənin məkrli məqsədlərindən xəbər verir. 2020-ci ilin oktyabrın 4-dən düşmənin Gəncə şəhərinə ardıcıl raket hücumları nəticəsində aralarında qadın və uşaqlar da olmaqla 26 mülki şəxs həlak olub, 142 nəfər isə yaralanıb. Şəhərdə mülki infrastruktur obyektlərinə, tarix-mədəniyyət abidələrinə, o cümlədən nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəyib.