Zəngilanda “Ağıllı kənd” layihəsi üzrə ilk “Smart DOST” məntəqəsi istifadəyə verilib

Zəngilan rayonunun Ağalı kəndində "Ağıllı kənd" layihəsinin birinci mərhələsi üzrə açılış mərasimində iştirak edən Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva ölkədə ilk dəfə olaraq həmin kənddə qurulmuş "Ağıllı DOST" - "Smart DOST" məntəqəsi ilə də tanış olublar.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Day.Az-a verilən məlumata görə, "Smart DOST" sistemi ilə vətəndaşlar əmək, məşğulluq, sosial müdafiə və sosial təminat sahəsində onlayn formada 100-dən çox xidmətdən şəffaf, rahat və əlçatan şəkildə faydalana biləcəklər.

Məntəqəyə yaxınlaşan vətəndaşa xidmət onlayn qəbul sistemi vasitəsilə virtual olaraq, DOST agentləri tərəfindən həyata keçiriləcək. Ehtiyac yarandıqda məntəqədə vətəndaşa texniki dəstək göstərəcək əməkdaşın fəaliyyəti də nəzərdə tutulub.

Yeni "Smart DOST" məntəqəsində rəqəmsal sistemin quraşdırılması və istifadəyə verilməsi işləri DOST Rəqəmsal İnnovasiyalar Mərkəzi tərəfindən həyata keçirilib.