“Bu videonun “feyk” olduğunu ABŞ hamıdan gözəl bilir”

Telegramın erməni seqmentində erməni əsgərlərinin guya edam edilməsinin videosu paylaşılıb.  Ehtimal edilir ki, bu bir tamaşadır və ermənilər özləri qurublar. Hazırda Ermənistanın havadarı olan Fransanın əksər mediasında bu tamaşa - video paylaşılır və onun üzərindən Azərbaycana qarşı kampaniya başladılıb. Lakin qarşı tərəfin Azərbaycan əsgərləri olmasına dair heç bir dəlil yoxdur.

Azərbaycan tərəfi konkret olaraq erməni vəhşiliklərini əks etdirən videoları Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaarın nəzərinə çatdırıb.  Hazırda ermənilərin paylaşdığı videodan fərqli olaraq, məhz erməni vəhşiliyini əks etdirən videoda onların üzləri aydın görünür. Buna baxmayaraq, ABŞ-ın Azərbaycandakı səfirliyi özünün sosial şəbəkələrdəki  rəsmi səhifəsində ölkəmizə qarşı açıq qərəz nümayiş etdirib. Onların paylaşımını olduğu kimi təqdim edirik:

"Azərbaycan əsgərlərinin silahsız erməni əsirlərini edam etməsi ilə bağlı son xəbərlər ABŞ-ı dərindən narahat edir. Biz məsələnin tam və qərəzsiz araşdırılmasına çağırırıq. İstənilən vəhşiliyə görə məsuliyyət daşıyanlar cavab verməlidir".

ABŞ səfirliyinin bu yanaşmasından açıq qərəz hiss edilir. Çünki onların yanaşmasında bizim Tovio Klaara təqdim etdiyimiz videolardan ümumiyyətlə bəhs edilmir.

ABŞ-ın bu yanaşmasındakı balanssızlıq nədən doğur?

Day.Az xəbər verir ki, siyasi şərhçi Elşad Həsənov "Bakı-Xəbər"ə açıqlamasında bildirdi ki, Amerika səfirliyinin öz  səhifəsində yazdığı bu "feyk"  xəbər sosial şəbəkələrdə yayılandan sonra hərbi prokurorluq bu haqda araşdırmalara başlayıb: "Belə bir qanunsuz əməlin yayımlanmasının və bunun hansı şəraitdə olmasını, yerini və digər məsələləri aydınlaşdırmaq üçün işlər başlanılıb. Bizim qanunlar heç vaxt yol verməz ki, silahsız adama silah qaldıraq. Bu, aydındır ki, Ermənistan xüsusi xidmət orqanları tərəfindən hazırlanmış "feyk" məlumatdır. İndiki internetin texniki imkanları buna qadirdir. Bu hadisələr də, Nensi Pelosinin  İrəvan səfəri və onun yanında olan ermənipərəst senatorların verdiyi bəyanatlar da noyabrda keçiriləcək seçkilərlə əlaqədardır. Onlar Amerikada Nümayəndələr Palatasında erməniləri çox sevdiklərini dönə-dönə bəyan etdilər.  Ermənistan xüsusi xidmət orqanları bu şəraitdə belə "feyk" videonu hazırlayıb dövriyyəyə buraxdılar. Sadəcə olaraq, bizim vətəndaşların bəziləri də bu videonun yayılmasında Ermənistanın xüsusi xidmət orqanlarının əlində oyuncaq oldu. Bu arzuolunan deyil. Hərbi prokurorluq da hazırda lazımi araşdırmanı aparır. Xüsusilə bu işlərdə Amerikanın, Fransanın  səfirliklərinin, Dövlət Departamentinin aktivlik göstərməsi gözləniləndir. Çünki Amerikada, Fransada böyük erməni lobbisi  var və onlar erməni seçicilərin səsinə görə  belə riyakarlıqlara gedib, Ermənistanı dəstəkləyirlər. Ancaq həqiqət tam başqadır. Həqiqət bizim tərəfimizdədir. Biz torpaqlarımızı erməni işğalından azad edirik, onlar da bizə heç cür müqavimət göstərə bilmir. Bundan əlavə, Klaar da həmin bu "feyk"  xəbərə reaksiya verdi və onun təcili araşdırılmasını tələb etdi. Sonradan bizim tərəfimizdən Klaara göndərilən videomateriallar erməni vəhşiliyini də araşdırmaq haqqında fikir formalaşdırdı. Xocalıda qətliamlar törədiləndə Amerika və Fransa səfirlikləri niyə səslərini çıxartmadılar? Niyə Zori Balayanın  öz kitabında türk uşağını divara mıxladığı və işgəncə ilə öldürdüyü haqda yazılara səssiz qaldılar? Bunlar hamısı ikili standartlardır, yaxınlaşan seçki ərəfəsi ermənilərin səsini almaq üçün Amerika konqresmenlərinin işləridir. Ancaq bu baş tutmayacaq. Bu videonun "feyk"  olduğunu  ABŞ  hamıdan gözəl bilir".