"Köməyimizə ilk olaraq qardaşımız gəlməsi birliyimizin göstəricisidir"

"Ötən gecə Türkiyənin yaşadığı sadəcə zəlzələ deyil, kiçik bir qiyamətdir. Çünki bu çox şiddətli zəlzələdir. Zəlzələ ölkənin cənub-şərqində yerləşən 11 şəhərdə böyük dağıntılara və insan təlafatına səbəb olub. Ona görə də Türkiyədə 4-cü dərəcəli fövqəladə vəziyyət elan edilib. Bu ən yüksək dərəcədir. 4-cü dərəcə beynəlxalq səviyyəli yardımları tələb edən çağırışdır. Bu məqam fəlakətin miqyasının göstəricisidir".

Bu sözləri Day.Az-a açıqlamasında türkiyəli akademik Cahit Tuz deyib.

Türkiyənin beynəlxalq yardım çağırışlarına ilk Azərbaycanın cavab verdiyini deyən Tuz bildirib ki, bu xalqlarımızın və dövlətlərimizin qardaşlığının göstəricisidir.

"Köməyimizə ilk olaraq qardaşımız Azərbaycan gəldi. İlkin yardım məqsədilə çadırlar, yataq dəstləri, tibbi ləvazimatlar və digər zəruri vasitələri hadisə yerinə çatdırılır. Belə bir çətin vəziyyətdə bu yardım bizim üçün çox dəyərlidir".

Cahit Tuz Azərbaycan və Türkiyənin qardaşlığından danışıb.

"Həm Azərbaycanda, həm Türkiyədə iki ölkə arasında heç bir fərq görmürlər. Sizə nəsə olanda bizim, bizə nəsə olanda sizin ürəyiniz yanır. Bu qardaşlığın nəticəsidir ki, Azərbaycan Türkiyədə yaşanan faciə ilə bağlı ilk yardım göstərən ölkə oldu. Dünya həm Azərbaycan xalqının və rəhbərliyinin, həm də Türkiyə xalqının və rəhbərliyinin bir-birinə necə bağlı olduğunu görür".

Şuşa Bəyannaməsinə toxunan Cahit Tuz bildirib ki, bu razılaşma Azərbaycan-Türkiyə münasibətlərində yeni mərhələnin başlanğıcı oldu.

"Azərbaycan və Türkiyə bütün çətin dövrlərdə birlikdə hərəkət edir. İki dövlətin çətin günlərində bir-birlərinə baxışı həmişə belə olacaq. Bu bəyannamə ilə iki ölkə dünyaya mesaj verir. Azərbaycana toxunan Türkiyəyə toxunmuş olur. Türkiyəyə toxunan isə Azərbaycana toxunmuş olur. Son iki ildə Azərbaycan və Türkiyənin qardaşlığını bütün dünya görmüş oldu. İki ölkə həmişə birlikdə olacaq və bölgənin ən böyük gücü kimi bir-birini bütün sahələrdə dəstəkləyəcək".

Elvin Səxavətoğlu