Azərbaycan dünya tarixində nadir rast gəlinən unikal əməliyyata imza atıb

Elvin Səxavətoğlu

"Xocalıda ermənilərin həyata keçirdiyi dəhşətli qətliam xalqımızın yaddaşından heç vaxt silinməyə­cək, gələcək nəsillər Xocalı soyqırımının dəhşətlərini heç zaman unutmayacaq, bu soyqırımını həyata keçirənlər gec-tez ədalət məhkəməsi qarşısında cavab verərək layiqli cəzalarını alacaq, şəhidlərimizin qanı yerdə qalmayacaq".

Bu sözləri Prezident İlham Əliyev 2020-ci il fevralın 26-da Xocalı soyqırımı qurbanlarının xatirə­sini anım mərasimində demişdi.

Həmçinin Prezident 2020-ci ilin 4, 5, 8, 11 və 17 oktyabr tarixlərində Gəncə şəhərinə raket hücumu ilə bağlı əmr verənlərin də cəzalandırılacağını bildirmişdi. Prezident Qarabağ məsələsində olduğu kimi, qatillərin cəzalandırılması məsələsində də Azərbaycan xalqına verdiyi bütün sözləri tutdu. Artıq həm Xocalı soyqırımını törədən Bako Saakyan, Arkadi Qukasyan, Arşavir Qaramyan, Levon Mnatsakanyan və David İşxanyan, həm də Gəncənin raketlə vurulmasına əmr verən Araik Arutunyan Qarabağda həbs edilərək Bakıya gətirilib.

Xatırlatmaq yerinə düşər ki, Araik Arutunyan Gəncə şəhərinə raket hücumu ilə bağlı verdiyini rəsmi şəkildə etiraf etmişdi.

Sitat: "Mənim sərəncamımla "arsax silahlı qüvvələri" yaylım atəş sistemi ilə Gəncə şəhərini vurub. Vaxtında qeyd etmişdim, xəbərdarlıq etmişdim. Təəssüflər olsun ki, bizim tarixi "Qandzak"ı - Gəncəni, "Kirovabad"ı, onların daimi hərbi yerləşdirmə yerlərini vurmuşuq. Çünki onlar buna məcbur etdilər. Özünüzə gəlin. Çünki daha böyük şəhərləri vurmağa ehtiyac olarsa, davam edəcəyik. Yeri gəlmişkən, düşmənə zaman verərək bir müddət böyük şəhərlərin raket və artilleriya ilə atəşə tutulmasını dayandırmaq əmrini vermişəm. O, xəbərdarlıq atəşi idi. Mülki insanları uzaqlaşdırın. Bu müharibəni siz başlamısız".

Xocalı soyqırımını və ölkəmizə qarşı digər cinayətləri törədənlərin cəzalandırılması dünya tarixi üçün unikal hadisələrdən hesab oluna bilər. Çünki bir çox hallarda hərbi cinayətkarlar qanun qarşısında cavab verməkdən yayına bilirlər.

Azərbaycan İsraildən sonra ikinci ölkədir ki, xalqına qarşı hərbi cinayətlər və terror aktları törədən şəxsləri məsuliyyətə cəlb edir. Qeyd edək ki, İsrail İkinci Dünya Müharibəsi zamanı faşist Almaniyasının yahudilərə qarşı törətdiyi Holokost soyqırımının əsas təşkilatçılarını tapıb  cəzalandırmışdı.