Prezident İlham Əliyevin təşəbbüsləri Türk dünyasını qlobal arenada güc mərkəzinə çevirir

İyulun 6-da Şuşa şəhərində baş tutmuş Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi Zirvə görüşü tarixi sənədin qəbul olunması ilə yadda qaldı. Əminliklə söyləməliyik ki, imzalanmış Qarabağ Bəyannaməsi və qəbul edilmiş qərarlar Türk dünyasının həmrəyliyini və Türk Dövlətləri Təşkilatının beynəlxalq nüfuzunu daha da gücləndirəcək.

Azərbaycanın təşəbbüsü ilə hər il keçirilən Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi Zirvə görüşü üzv ölkələr arasında əməkdaşlığı daha da möhkəmləndirmək üçün vacib bir platformadır.

Day.Az xəbər verir ki, bunu Trend-ə açıqlamasında Milli Məclisin deputatı Sevil Mikayılova deyib.

Onun sözlərinə görə, Azərbaycan Prezidenti İlham Əliyevin Türk dünyasının birləşdirilməsi istiqamətində atdığı addımlar kiçik zaman kəsiyində uğurlu olub.

"Bu gün vahid ideya ətrafında birləşmiş türkdilli dövlətlərin effektiv müzakirə platformasına çevrilmiş TDT bu coğrafiyada təmsil olunan xalqların parlaq gələcəyi üçün tarixi rol oynamaqdadır.

Azərbaycan Prezidentinin öz çıxışında bildirdiyi kimi, Türk Dövlətləri Təşkilatı dünya miqyasında güc mərkəzlərinin birinə çevrilməlidir.

"Biz böyük coğrafi məkanı əhatə edirik, üzv ölkələrdə müsbət demoqrafik dinamika müşahidə olunur, hərbi potensialımız döyüş meydanlarında özünü dəfələrlə göstərmişdir. Zəngin təbii resurslarımız, onların nəqli üçün müasir infrastruktur, Mərkəzi Asiyanı, Qafqazı Aralıq və Qara dəniz limanları ilə birləşdirən nəqliyyat dəhlizləri, zəngin və qədim tariximiz, mədəniyyətimiz bizim böyük sərvətimizdir. Xalqlarımızın ənənəvi dəyərlərə sadiqliyi və eyni etnik köklərə malik olmaları ölkələrimizi sıx birləşdirir. XXI əsr Türk dünyasının inkişafı əsri olmalıdır".

Qeyd etməliyik ki, Azərbaycanın xarici siyasətində Türk ölkələri ilə əlaqələrin genişləndirilməsi əsas prioritetlərdən biridir. Türk dünyasının və Türk Dövlətləri Təşkilatının gücləndirilməsi Azərbaycanın beynəlxalq arenada mövqeyini möhkəmləndirir.

Azərbaycan həmişə Türk dünyasının birləşməsi üçün səylər göstərib. Prezident İlham Əliyevin təşəbbüsləri Türk dünyasının siyasi, iqtisadi və hərbi qüdrətini artırmaqla qlobal arenada güc mərkəzinə çevirir", - deyə deputat əlavə edib.

S.Mikayılova qeyd edib ki, Prezident İlham Əliyev çıxışında vurğuladığı kimi, Türk Dövlətləri Təşkilatı dünya miqyasında güc mərkəzlərinin birinə çevrilməlidir:

"Üzv ölkələr geniş coğrafi əraziyə malikdirlər, müsbət demoqrafik dinamika və yüksək hərbi potensiala sahibdirlər. Zəngin təbii resurslar və müasir infrastruktur Türk dünyasının böyük sərvətidir.

Xalqlarımızın ənənəvi dəyərlərə sadiqliyi və eyni etnik köklərə malik olmaları, ölkələrimizi daha da birləşdirir. Prezident İlham Əliyev Türk Dövlətləri Təşkilatının cari büdcəsi və strukturunun nəzərdə tutulan hədəflərin reallaşdırılması üçün yetərli olmadığını vurğuladı və buna görə Azərbaycan bu günlərdə Katibliyin hesabına 2 milyon ABŞ dolları məbləğində vəsait köçürüb.

Prezident İlham Əliyevin Şuşada Türk Dövlətləri Təşkilatının Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşündəki çıxışı Azərbaycanın beynəlxalq aləmdə artan rolunu və Türk dünyasının birliyini daha da möhkəmləndirmək istiqamətində səylərini bir daha təsdiqlədi. Bu görüş, həmçinin, əlaqələrin daha da güclənməsi və müxtəlif sahələrdə əməkdaşlığın dərinləşməsi üçün yeni perspektivlər açır".