Natali Luazonun AP-də Cənubi Qafqazla Əməkdaşlıq Komitəsində rəhbər müavini təyin edilməsi komitənin adına ləkədir

Avropa Parlamentində Cənubi Qafqazla Əməkdaşlıq Komitəsində rəhbər müavini vəzifəsinə qatı ermənipərəst mövqeyi ilə seçilən Avropa Parlamentinin deputatı Natali Luazo təyin edilib. Natali Luazo uzun illərdən bəri ölkəmizə qarşı ən kəskin mövqe tutan, qarayaxma kampaniyası aparan, Avropa Parlamentində erməni lobbisinin oyuncağına çevrilən deputat kimi tanınıb. Natali Luazonun Avropa Parlamentində Cənubi Qafqazla Əməkdaşlıq Komitəsində rəhbər müavini təyin edilməsi həmin əməkdaşlıq komitəsinin adına böyük bir ləkədir.

Day.Az xəbər verir ki, bu fikirləri Trend-ə Milli Məclisin deputatı Tural Gəncəliyev deyib.

"Uzun illər Azərbaycana qarşı qarayaxma kampaniyası aparan bir şəxs Cənubi Qafqaz Əməkdaşlıq Komitəsində Cənubi Qafqaz parlamentariləri ilə hansı əməkdaşlıqdan danışacağı sual altındadır. Bu, onu göstərir ki, Avropa Parlamenti yenə də faşist, populist, anti- Azərbaycan təfəkkürü ilə əməkdaşlığı dəstəkləməyən, dialoqa qarşı çıxan günü-gündən konfrantasiyanı kəskinləşdirən bir yol tutub.

Natali Luazo kimi şəxsə belə bir vəzifə verilməsi də bunun bariz nümunəsidir. Əgər Avropa Parlamenti həqiqətən dialoq qurulmasında maraqı idisə, belə bir qatı ermənipərəst, anti-Azərbaycan mövqeli bir şəxsi Cənubi Qafqaz Əməkdaşllıq Komitəsində rəhbər müavini vəzifəsinə təyin etməzdi", - o qeyd edib.

Deputatın sözlərinə görə, bu, onu göstərir ki, Avropa Parlamenti, təəsüflər olsun ki, yenə də Fransanın, erməni lobbisinin əlində bir manipulyasiya alətidir:

"Biz, adətən, şahidi olmuşuq ki, dünyada özünü ən böyük demokratiya institutu hesab edən 720-dən çox Avropa Parlamentarilərini birləşdirən qurum yalnız kağız üzərində demokratiyadan, insan hüquqlarından bəhs edir, ancaq dialoqa, əməkdaşlığa ən böyük zərbəni vuran da elə Avropa Parlamentidir.

Bununla bağlı bir məqamı da qeyd etmək istəyirəm ki, Avropa Parlamentində Cənubi Qafqazla Əməkdaşlıq üzrə keçmiş həmsədr də məhz vaxtilə Estoniyadan seçilmiş Avropa Parlamentinin deputatı Marina Kalyurand idi ki, o da erməni lobbisinin əlində bir alət kimi anti- Azərbaycan mövqeyi ilə tanınan çox destruktiv bir şəxs idi. Və Marina Kalyuranddan sonra Natali Luazonun da Cənubi Qafqaz Əməkkdaşlıq Komitəsində rəhbər vəzifəyə təyin edilməsi onu göstərir ki, Avropa Parlamenti faşist təfəkküründən, anti-Azərbaycan təfəkküründən əl çəkməyib.