Hədə və təzyiq: Gürcüstan Qərbin köləsi olmaq istəmir
Müəllif: Elçin Alıoğlu
Mənbə: Trend
Gürcüstan mediası Avropa İttifaqı, Estoniya, Litva və prezident Salome Zurabişvilinin bəyanatlarına qarşı sərt tənqid tufanına meydan olarkən Tbilisiyə qarşı pressinq güclənir.
Sanksiyalar, təzyiqlər, ittihamlar...
Bunlar sadəcə sözlər deyil - bunlar suverenliyə, xalqın ləyaqətinə və xarici dirijorların hay-küyünə baxmayaraq, öz yolunu seçənlərə endirilən zərbələrdir.
Azadlıq ağacına saplanan baltalar kimi, yeni sanksiyalar Gürcüstanın siyasi birliyini sarsıtmağa, nifaq və şübhə toxumu səpməyə hesablanıb. Belə məqamda laqeydlik, müşahidəçi mövqeyi, sükut əsrlərlə müharibələrdə və müstəqillik arzularında bərkiyən iradə üçün cavab deyil. Parlamentin spikeri Şalva Papuaşvili uca səslə soruşur: "Burada kim söz sahibidir? Xalq, yoxsa xarici qüvvələr?"
Ritorik sual deyil, Gürcüstanın taleyinin Brüsselin və Tallinin kabinetlərində həll olunduğunu düşünənlərin üzünə çırpılan həqiqətdir.
Tbilisinin meri Kaxa Kaladze daha irəli gedir - onun sözləri ağrı və qəzəblə yoğrulub. "Qaranlıq qüvvələr Gürcüstana qarşı mübarizə aparır" deyir o. Bu sözlər səbəbsiz deyil - onlar saxta "səmimiyyət" pərdəsini dəlir, sanksiyaların dəyərlər adı altında gizlənən ikiüzlülüyünü və marionetlərin qəhrəman kimi təqdim olunmasını aşkarlayır.
Amma daxili cəbhədə də qarşıdurma qızışır. Prezident Salome Zurabişvili itaətsizliyi və Qərbyönlü ritorikası ilə parçalanmanın simvoluna çevrilir. O, müstəqillik arzularında Gürcüstanı görənlər üçün yad bir sima, xalq və dövlət arasında uçurum yaratmaq istəyən bir fiqurdur.
Mübarizə nə insanlar, nə də partiyalar arasındadır. Bu, iki tale istiqaməti arasında baş verir: biri Gürcüstanın suverenliyini qorumağa çalışır, digəri isə ölkəni yad maraqlara tabe edir. Estoniya və Litvanın sanksiyaları - diplomatiya deyil, bu kobud və nümayişkaranə müdaxilədir. Onların məqsədi ədalət deyil - məram xaosdur.
Qərar anı gəlib çatıb. Gürcüstana kim rəhbərlik edəcək? Xalq, yoxsa ölkəni sadəcə öz siyasi oyunları üçün şahmat taxtası kimi görən xaricdəki qüvvələr? Tarix zəifliyi bağışlamır, amma həmişə susmamağı bacaranları mükafatlandırır:
"Bu torpaq bizimdir. Bu iradə bizimdir. Onu saxta dəyərlərə və sırınmış şərtlərə satmayacağıq", - deyir rəsmi Tbilisi.
"Avropa İttifaqı gürcü xalqının iradəsinə hücum edir"
"Avropa İttifaqının post-sovet hökumətlərinə və gürcü xalqına qarşı hücumları fonunda seçicilərin 54%-nin dəstəyi ilə səsləndirilən sual indi bütün vətəndaşlar tərəfindən aydın şəkildə eşidilir". Bunu Gürcüstan Parlamentinin sədri Şalva Papuaşvili bildirib.
O qeyd edib ki, bütün gürcü vətəndaşları özlərindən soruşmalıdır: "Öz ölkəmizi idarə etmək istəyirik, yoxsa başqalarının bizi idarə etməsinə icazə verəcəyik?"
Qeyd edək ki, Litva daha 17, Estoniya isə 14 gürcü rəsmisinə qarşı sanksiya tətbiq etdiyini açıqlayıb.
"Gürcüstana qarşı hansı qaranlıq qüvvələrin mübarizə apardığını açıq görürük"
"Bu, son aylarda, son illərdə və son günlərdə gördüyümüz siyasətin davamıdır". Bu fikirləri Tbilisi meri Kaxa Kaladze Estoniyanın 14 gürcü məmura sanksiya tətbiq etməsi ilə bağlı açıqlamasında səsləndirib.
"Biz açıq şəkildə görürük ki, hansı qaranlıq və çirkin qüvvələr Gürcüstana qarşı mübarizə aparır. Amma hər şey yanvarın 20-dən sonra dəyişəcək. ABŞ-də yeni administrasiya işə başlayanda dünyada, Avropada və təbii ki, Gürcüstana münasibətdə vəziyyət kökündən fərqli olacaq", - deyə K.Kaladze vurğulayıb.
"Bugünkü hadisələrin Avropa dəyərləri ilə heç bir əlaqəsi yoxdur. Bu, haqsızlığın və ədalətsizliyin zirvəsidir. Ağ olanı qara kimi təqdim edib, gözümüzə kül üfürməyə çalışırlar. Amma bu vəziyyət tezliklə sona çatacaq və Gürcüstanın arzuladığı ədalətli Avropa geri qayıdacaq", - o əlavə edib.
"Zurabişvili xarici qüvvələrin tapşırıqlarını yerinə yetirir"
Parlamentin vitse-spikeri Sozar Subari Salome Zurabişvilinin prezident sarayını tərk etməkdən imtina etməsini "gülünc və biabırçı" adlandırıb. O, bu davranışın Gürcüstanın beynəlxalq imicinə ciddi zərbə vurduğunu bildirib.
"Zurabişvili xarici qüvvələrin tapşırıqlarını yerinə yetirir və gürcü xalqının taleyini tamamilə görməzdən gəlir. Onu əvəz edəcək və bu vəzifəni konstitusiya çərçivəsinə qaytaracaq şəxs Mixail Kavelaşvili olacaq", - deyə Subari vurğulayıb.
"Zurabişvili Gürcüstan dövlətçiliyinin düşməni və xarici qüvvələrin marionetkasıdır"
"Düşünməyin ki, Zurabişvilinin bəyanatları onun öz düşüncələrinin məhsuludur. Ona kənardan tapşırıqlar verilir - nə demək və necə davranmaq lazım olduğunu deyirlər, - Tbilisi meri bildirib. - Onun bəyanat və hərəkətləri Gürcüstanın maraqlarına tamamilə ziddir. Açıq şəkildə görünür ki, o, nə gürcü xalqına, nə də bizim vətənimizə aiddir. Zurabişvili xarici qüvvələrin nəzarətindədir və Gürcüstan dövlətçiliyinin düşmənidir".
"Estoniyanın sanksiyaları Gürcüstanın daxili işlərinə kobud müdaxilədir"
Parlamentin Təhsil, Elm və Gənclərlə İş Komitəsinin sədri, "Gürcü Arzusu"nun deputatı Givi Mikanadze Estoniyanın 14 gürcü rəsmisinə qarşı sanksiyalarını tənqid edib.
"Bu, həm biabırçı qərar, həm də ölkəmizin daxili işlərinə kobud müdaxilədir. Bu addım xalqımızın iradəsinə və 1 milyon 120 min seçicinin dəstəyinə açıq hörmətsizlikdir.
Estoniyanın bu addımı onların dostluğunun yalnız söz üzərində olduğunu göstərir. Əsl niyyətləri ölkədə daxili qarşıdurma yaratmaq və vəziyyəti radikallaşdırmaqdır", - deyə Mikanadze bildirib.
"Zurabişvilinin məqsədi Qərb dəyərlərinin simvolu kimi tarixə düşməkdir"
"Salome Zurabişvilinin motivasiyasını anlamaq çətindir. Bir müddət Tbilisi küçələrində emosiyaları alovlandıra bildi, amma onun gücü və nüfuzu hər keçən dəqiqə azalır". Bu sözləri Rusiya Federasiya Şurasının Beynəlxalq Əlaqələr Komitəsinin sədri Qriqori Karasin bildirib.
"Gürcüstanda Zurabişvili fenomeni getdikcə böyüyür. Bu keçmiş cazibədar qadın hətta seçkilərdə məğlub olsa belə, vəzifəsini tərk etməkdən imtina edir. Onun məqsədi barışmaz bir obraz yaradaraq Qərb dəyərlərinə olan bağlılığın simvolu kimi tarixə düşməkdir", - deyə Karasin Telegram hesabında qeyd edib.
"Mixail Kavelaşvili əsl vətənpərvər siyasətçidir"
"Ölkəmizdə artıq əsl vətənpərvər, həyatını Gürcüstana həsr etmiş vətənpərvər siyasətçi var. O, təcrübəli, bir neçə çağırış parlamentin üzvü olmuş və mübariz ruhlu bir insandır". Bunu Parlamentin Prosessual Məsələlər və Qaydalar Komitəsinin sədri Davit Matikaşvili deyib.
"Əminəm ki, Mixail Kavelaşvili Salome Zurabişvilinin anti-konstitusiya və anti-gürcü davranışı ilə ölkəni saldığı vəziyyəti konstitusiya çərçivəsinə qaytaracaq. Artıq Zurabişvilinin yeni iş axtarma vaxtı çatıb", - D.Matikaşvili vurğulayıb.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре