DİN-dən xəbərdarlıq: tamamilə yeni dələduzluq növü

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəisi polkovnik-leytenant Elşad Hacıyev sosial şəbəkələrdə yayılan yeni dələduzluq üsulu barədə xəbərdarlıq edib.

Day.Az xəbər verir ki, onun sözlərinə görə, süni intellektin səsli autentifikasiyasından istifadə edərək mətni nitqə çevirən proqramlar vasitəsilə çağırışlar yayılır.

Elşad Hacıyev qeyd edib ki, bu üsulda süni intellekt mətni oxuyur və seçilən səsi təkrarlayır, bununla da real dələduzluq əməliyyatları həyata keçirilir. Bu cür halların təhlükə yaratdığını vurğulayan nazirlik rəsmisi insanların diqqətli və məlumatlı olmalarının vacibliyini bildirib.

"Xüsusilə tanınmış şəxslərin görüntü və səslərindən istifadə olunmaqla bu cür çağırışlar yayıla bilər. Buna görə də, hər kəs ehtiyatlı olmalı və süni intellektlə mətni oxuyan və seçilən səsi təkrarlayan hallara qarşı xəbərdar olmalıdır", - deyə Elşad Hacıyev əlavə edib.

O qeyd edib, bu cür dələduzluq hallarının qarşısını almağın tək yolu insanların məlumatlı olmaları və ehtiyatlı davranmalarıdır.