İstanbulda Azərbaycanın milli mədəni dəyərləri nümayiş etdirilib - FOTO

İstanbulda Novruz Bayramı ilə bağlı növbəti təntənəli tədbir şəhərin Çekmeköy Bələdiyyəsinin Turqut Özal Mədəniyyət Mərkəzində baş tutub.
AZƏRTAC xəbər verir ki, tədbir artıq uzun illərdir Azərbaycan mədəniyyətini Türkiyədə təbliğ edən "Xarıbülbül" Mədəniyyət Dərnəyi (Xarıbülbül Vizyon Teatr Birliyi Dərnəyi) və Çekmeköy Bələdiyyəsinin birgə təşkilatçılığı ilə baş tutub.
Ölkəmizin Novruz bayramı ilə bağlı milli adət-ənənələrinin, o cümlədən milli atributlarımızın və musiqimizin nümayiş olunduğu proqram iki hissədə təşkil edilib.
Tədbirin ilk hissəsində Azərbaycan Rəssamlar İttifaqının üzvləri, ölkəmizin xalq yaradıcılığı üzrə mütəxəssisi Elnarə Rəsulovanın "İstanbulda Novruz naxışları" mövzusunda fərdi sərgisi açılıb, dərnəyin sərgi bölməsinin rəhbəri, əl işləri yaradıcısı Lətafət Refikin əsərləri nümayiş olunub.
Sərgidə Elnarə Rəsulovanın Azərbaycanın milli dəyərlərini özündə əks etdirən "İstanbulda Novruz naxışları" adlı xalçası ilə yanaşı, 30-a yaxın əsəri də ictimaiyyətə təqdim edilib.
Tədbirin bədii hissəsində çıxış edən "Xarıbülbül" Mədəniyyət Dərnəyinin sədri Kamalə Kamal, İstanbulun Çekmeköy rayonu üzrə mədəniyyət müdiri Murat Ermiş və digərləri Türk millətinin qədim bayramlarından olan Novruzun ortaq milli dəyərlərimizin qorunub saxlanılması, gələcək nəsillərə ötürülməsi, eləcə də dünyada tanıdılması baxımından əhəmiyyətini vurğulayıblar.
Bildirilib ki, Türk dünyasının birliyinin rəmzlərindən olan Novruz Bayramı həm də dünyada sülhün və birliyin elçisidir.
Sonra dərnəyin musiqi bölməsinin rəhbəri, müğənni Vüsalə Əsgərovanın yaratdığı və başçılıq etdiyi "Günəş musiqi, xor və rəqs" qrupunun konsert proqramı tamaşaçılara təqdim edilib.
Müxtəlif türkdilli xalqların nümayəndələrindən ibarət xor iki yaşlı uşaqlardan başlayaraq 40 yaşınadək solistlərə qədər musiqiçiləri əhatə edib.
"Azərbaycan" mahnısı ilə başlayan konsert proqramında, xorun solistləri ilə yanaşı, Vüsalə Əsgərovanın ifasında "Ay alagöz", "Budur bu" kimi Azərbaycan və Türkiyə mahnıları tamaşaçılara təqdim edilib.
Tədbirdə müxtəlif türkdilli xalqların Türkiyədə fəaliyyət göstərən cəmiyyətlərinin rəhbərləri də iştirak ediblər.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре