Çindən Bakıya gətirilən yeni lokomotivlər: Azərbaycan artan tranzit yük axınına hazırlaşır - REPORTAJ - FOTO - VİDEO
"Azərbaycan Dəmir Yolları" (ADY) QSC-nin lokomotiv parkına 7 yeni "AC50" tipli yük lokomotivi daxil olub. Çinin "CRRC Ziyang Co., Ltd" şirkətinin istehsalı olan lokomotivlər artıq Bakıya çatdırılıb və ictimaiyyətə təqdim edilib.
Day.Az Trend-ə istinadən xəbər verir ki, təqdimat zamanı jurnalistlər yeni lokomotivlərin texniki imkanları ilə yaxından tanış olmaq imkanı əldə ediblər.

İlk baxışdan yeni lokomotivlərin müasir texniki təchizatı diqqəti cəlb edir. Onlar ağır tonnajlı yüklərin daşınması, beynəlxalq nəqliyyat dəhlizləri üzrə artan yük axınının daha çevik və təhlükəsiz idarə olunması üçün nəzərdə tutulub.
"Azərbaycan Dəmir Yolları" QSC-nin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Bəxtiyar Hacıyev media nümayəndələrinə bildirib ki, yeni lokomotivlər Beynəlxalq Dəmir Yolları İttifaqının (UIC) IIIA səviyyəli ekoloji standartlarına cavab verir.
"Hazırda qlobal miqyasda, xüsusilə Orta Dəhliz üzrə yükdaşımalarına tələbat artır. Bunun nəticəsi olaraq Çindən Azərbaycan istiqamətində göndərilən blok qatarların sayında da artım müşahidə olunur. Yeni texnologiya iki lokomotivin ardıcıl qoşularaq vahid lokomotiv briqadası tərəfindən idarə edilməsinə imkan verir. Bunun sayəsində daha ağır tonnajlı və uzun tərkibli yük qatarlarının daha uzun məsafələrə daşınması mümkün olur", - deyə B.Hacıyev bildirib.

ADY bununla lokomotiv parkının yenilənməsi prosesini yekunlaşdırmır. Şirkət növbəti mərhələdə Çindən daha 14 yük lokomotivinin alınmasını nəzərdən keçirir.
B.Hacıyev Trend-ə açıqlamasında bildirib ki, bununla bağlı danışıqlar artıq aparılır.
"Proses hələ danışıq mərhələsində olduğu üçün lokomotivlərin alınmasının nə zaman yekunlaşacağı bəlli deyil", - deyə o qeyd edib.
Təqdimatın növbəti hissəsində media nümayəndələrinə lokomotivlərin daxilinə baxmaq imkanı yaradılıb. Jurnalistlər maşinist kabinəsi, idarəetmə paneli və yeni elektron sistemlərlə yaxından tanış olublar.
Yeni lokomotivləri idarə edəcək maşinistlərdən biri Yusif Temnikovdur. O, jurnalistlərə bildirib ki, əvvəlki lokomotivlərlə müqayisədə yeni texnikanın əsas fərqlərindən biri idarəetmə prosesinin elektronlaşdırılmasıdır.
"Yeni lokomotivlərdə bütün sistemlər elektronlaşdırılıb. Bu da qatarların daha təhlükəsiz idarə olunmasına və mənzil başına təhlükəsiz çatdırılmasına imkan verir. Əvvəlki lokomotivlərlə, məsələn, 3 min ton yük daşınırdısa, yeni lokomotivlərlə artıq 5-6 min ton yük daşımaq mümkün olacaq. Bu, ölkəmiz üçün də faydalıdır", - deyə maşinist bildirib.
Y.Temnikov yeni lokomotivləri idarə edəcək ilk maşinistlərdən biri olmasından qürur duyduğunu da vurğulayıb.

Yeni lokomotivlərin istifadəyə verilməsi yalnız ADY-nin hərəkət tərkibinin yenilənməsi kimi deyil, Azərbaycanın tranzit potensialının genişləndirilməsi baxımından da qiymətləndirilir.
Caspia Analitika Mərkəzinin direktoru Orxan Yolçuyev jurnalistlərə açıqlamasında bildirib ki, 7 yeni lokomotivin istifadəyə verilməsi Azərbaycanın beynəlxalq nəqliyyat dəhlizlərində rəqabət qabiliyyətinin artırılmasına xidmət edəcək.
Onun sözlərinə görə, qlobal nəqliyyat zəncirlərində baş verən dəyişikliklər fonunda yükdaşıyıcıları üçün artıq yalnız marşrutun ucuzluğu deyil, onun sabit və proqnozlaşdırıla bilən olması da mühüm əhəmiyyət daşıyır.
"Azərbaycandan bir neçə beynəlxalq nəqliyyat dəhlizi keçir. Onlardan ən fəal istifadə olunanlar Şərq-Qərb və Şimal-Cənub dəhlizləridir. Yeni lokomotivlərin alınması Azərbaycan Dəmir Yollarının manevr imkanlarını artırmaqla yanaşı, yükdaşımaların daha fasiləsiz həyata keçirilməsinə şərait yaradır", - deyə O.Yolçuyev bildirib.
O qeyd edib ki, beynəlxalq institutların proqnozlarına əsasən, 2030-cu ilədək Orta Dəhliz üzrə yükdaşımaların ən azı üç dəfə artacağı gözlənilir.
"Bu onu göstərir ki, Azərbaycan artan yük həcmlərinə hazır olmalıdır. Yeni lokomotivlərin alınması da bu hazırlığın bir hissəsidir. Nəticə etibarilə, bu, Azərbaycanın həm Orta Dəhliz, həm də Şimal-Cənub marşrutu üzrə tranzit ölkə və logistika xabı kimi rəqabət qabiliyyətini və dayanıqlığını daha da artıracaq", - deyə ekspert vurğulayıb.
Beləliklə, Bakıya gətirilən 7 yeni AC50 yük lokomotivi bir tərəfdən ADY-nin texniki parkının yenilənməsinə, digər tərəfdən isə Azərbaycandan keçən beynəlxalq nəqliyyat dəhlizləri üzrə artan yük axınının qarşılanmasına xidmət edəcək. Daha 14 lokomotivin alınması ilə bağlı aparılan danışıqlar isə dəmir yollarının artan tranzit yük həcmlərinə uyğun genişləndirilməsi prosesinin davam edəcəyini göstərir.

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре