Erməni tarixşünaslığının Albaniyanın sərhədləri ilə bağlı iddiası qədim mənbələr əsasında təkzib edilir
Cənub Qafqazın şərq hissəsində ilk dövlətimizi kimmerlər yaradıblar. Eramızdan əvvəl 714-cü ildə Aşşur mənbələri deyirlər ki, burada Qamir adlı dövlət olub. Qamir də türkəsilli xalqdır. Bu aydındır ki, bizim ərazimizdə ilk dövləti kimmerlər, qamirlər - türkəsilli xalq yaradıb. Bunu təkcə türk mənbələri yox, Aşşur mənbələri də deyir. Onlardan sonra iskitlər gəldilər.
Day.Az AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Türk Dövlətləri Təşkilatının Ağsaqqallar Şurasının üzvü, görkəmli ictimai və siyasi xadim Həsən Həsənov "Qafqaz Albaniyası haqqında Həsən Həsənovun Azərbaycan- tarixi- coğrafi atlas"ından çıxarışlar mövzusunda keçirilən seminarda çıxışı zamanı söyləyib.
"Burada mən sübut etməyə çalışıram ki, erməni tarixşünaslığında irəli sürülən "Albaniya dövləti erməni çarının göstərişi ilə parfiyalılar tərəfindən yaradılıb" iddiasının Albaniya dövlətinin yerli əsaslarının formalaşmasına heç bir aidiyyəti yoxdur. Bu baxımdan xəritə çox vacibdir. Ermənilərlə bizim tarix mübahisəmizin əsas məsələlərindən biri də budur: erməni tərəfi iddia edir ki, Albaniya dövləti yalnız Kür çayının şimalında yerləşib. Kürlə Araz arasındakı ərazilərin isə Albaniyaya heç bir aidiyyəti olmadığını, onların tamamilə erməni torpaqları olduğunu və burada erməni dövlətlərinin mövcud olduğunu bildirirlər. Mən isə bu iddianı onların öz tarixi mənbələri əsasında yoxlamağa çalışmışam. Ermənilərin mühüm tarixi şəxsiyyətlərindən biri hesab olunan Movses Xorenatsinin məlumatlarına nəzər salaq. Eyni zamanda, qeyd edim ki, Musa Kalankatlı alban tarixçisidir, erməni tarixçisi deyil. M.Xorenatsi öz əsərində Albaniyanın cənub sərhədinin Araz çayı olduğunu qeyd edir. Mən burada məhz onların istinad etdiyi mənbədən sitat gətirirəm. Deməli, Xorenatsinin bu məlumatı müasir erməni tarixşünaslığında irəli sürülən "Albaniya yalnız Kürün şimalında yerləşirdi" konsepsiyası ilə ziddiyyət təşkil edir.
Musa Kalankatlının "Albaniya tarixi" əsərində də Albaniyanın cənub sərhədinin Araz çayı olduğu göstərilir. Beləliklə, məsələ yalnız bizim iddiamızdan ibarət deyil. Söhbət qədim mənbələrdə Albaniyanın sərhədləri haqqında verilən məlumatlardan gedir. Bu mənbələr Kürlə Araz arasındakı ərazilərin Albaniyanın tarixi coğrafiyası ilə əlaqəsini müzakirə etmək üçün mühüm əsas yaradır",- deyə o əlavə edib.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре