https://news.day.az/azerinews/1864980.html "Roland Berger" Azərbaycanda enerji və nəqliyyat layihələrinə diqqət yetirir Azərbaycan Şərqlə Qərb arasında logistika və enerji bağlantılarında, xüsusilə Orta Dəhliz və bərpa olunan enerji sahələrində gələcəkdə daha böyük rol oynaya bilər.

"Roland Berger" Azərbaycanda enerji və nəqliyyat layihələrinə diqqət yetirir

Azərbaycanca, 6 октября 2026 14:00 (UTC +04:00) 153
"Roland Berger" Azərbaycanda enerji və nəqliyyat layihələrinə diqqət yetirir

Azərbaycan Şərqlə Qərb arasında logistika və enerji bağlantılarında, xüsusilə Orta Dəhliz və bərpa olunan enerji sahələrində gələcəkdə daha böyük rol oynaya bilər.

Bunu "Roland Berger" şirkətinin nümayəndəsi Aristid Klumbies çərşənbə axşamı Bakıda keçirilən Alman-Azərbaycan Strateji Tərəfdaşlıq və Bağlantılar Konfransı çərçivəsində Trend-ə açıqlamasında deyib.

O bildirib ki, "Roland Berger" Avropada fəaliyyət göstərən strategiya üzrə konsaltinq şirkətidir və müxtəlif ölkələrdə, o cümlədən Azərbaycanda müxtəlif sənaye sahələri üzrə layihələr həyata keçirir.

"Azərbaycanda enerji, nəqliyyat, aviasiya və logistika sahələrində çoxsaylı layihələr üzərində çalışırıq. Hazırda əsas diqqətimiz də bu istiqamətlərə yönəlib. Biz müştərilərimizlə birlikdə Azərbaycanın gələcəyini qurmağa, onların dünya bazarlarına çıxışını genişləndirməyə və Azərbaycan iqtisadiyyatının inkişafına töhfə verməyə çalışırıq", - deyə A.Klumbies qeyd edib.

"Roland Berger" nümayəndəsinin sözlərinə görə, Azərbaycanın xüsusilə külək enerjisi, o cümlədən dənizdə külək enerjisi istehsalı baxımından böyük potensialı var.

O bildirib ki, bərpa olunan enerji sahəsində artıq yalnız enerji istehsalı deyil, həm də infrastruktur, bağlantı və etibarlı sistemlərin yaradılması mühüm əhəmiyyət daşıyır.

"Biz bu gün Azərbaycanda dənizdə külək enerjisi sahəsində böyük potensialın olduğunu görürük. Eyni zamanda, bərpa olunan enerjinin inkişafının artıq yalnız enerji istehsalından ibarət olmadığı, bunun sistemlər, bağlantılar və xüsusilə Şərqdən Qərbə etibarlı enerji sistemlərinin qurulması ilə bağlı olduğu vurğulandı", - deyə A.Klumbies bildirib.

 

Onun sözlərinə görə, bu baxımdan Orta Dəhliz də mühüm rol oynayır.

"Keçmişdə təchizat zəncirlərində pozuntuların şahidi olduq və Çin istehsalçılarından böyük asılılıq gördük. Buna görə də Şərq-Qərb bağlantısı, xüsusilə Azərbaycanın Şərqlə Qərb arasında mərkəz və əlaqələndirici məntəqə kimi mövqeyi gələcəkdə düşündüyümüzdən daha böyük rol oynaya bilər", - deyə o qeyd edib.

A.Klumbies vurğulayıb ki, enerji keçidinin uğurlu həyata keçirilməsi üçün həmçinin etibarlı və əlaqələndirilmiş enerji şəbəkələrinin yaradılması vacibdir.

"Əgər Çin istehsalçılarından asılılığı azaltmaq və bərpa olunan enerji üçün yaxşı əlaqələndirilmiş, etibarlı şəbəkə və sistem yaratmaq istəyiriksə, Azərbaycanın bu prosesdə mühüm rol oynamaq potensialı var", - deyə o əlavə edib.

O, Orta Dəhlizin perspektivlərinə də toxunaraq, bu təşəbbüsün real iqtisadi fəaliyyətlərlə dəstəklənməsinin vacib olduğunu bildirib.

"Orta Dəhliz böyük təşəbbüsdür və biz müştərilərimizlə birlikdə bu istiqamətdə işləməkdən məmnunuq. Lakin bu dəhliz real fəaliyyətlərlə doldurulmalıdır. Yəni bu vizyonu reallığa çevirən operatorlar, şirkətlər və müəssisələrlə işləmək lazımdır. Onlar fəaliyyətlərini növbəti səviyyəyə yüksəltməli və bu vizyonu real məzmunla təmin etməlidirlər", - deyə A.Klumbies vurğulayıb.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости