Milli Məclisin sədri Sahibə Qafarova PAİ Assambleyasının ümumi müzakirələrində çıxış edib - FOTO
Milli Məclisin sədri Sahibə Qafarova Tanzaniya Birləşmiş Respublikasına işgüzar səfəri çərçivəsində Aruşa şəhərində Parlamentlərarası İttifaqın (PAİ) 153-cü Assambleyasının iclasında çıxış edib. Spiker Sahibə Qafarova "İnklüzivlik, etimad və hamı üçün imkanlar vasitəsilə yaxşı idarəetmənin gücləndirilməsi və icmaların səlahiyyətlərinin artırılması" mövzusunda ümumi müzakirələrdə çıxışı zamanı effektiv idarəetmənin təşkilinin səmərəli təsisatlarla yanaşı, insanların bu təsisatlara etimad edib-etməməsi, qərar qəbul etmədə iştirak edə bilməsi və hər kəsin cəmiyyətə töhfə vermək üçün ədalətli imkana malik olub-olmaması ilə bağlı olduğunu söyləyib.
Day.Az xəbər verir ki, çıxışında rəqəmsallaşmanın dövlət təsisatlarını daha əlçatan və şəffaf etdiyini, ünsiyyət və iştirak üçün yeni imkanlar yaratmaqla bu prosesi dəstəklədiyini deyən Milli Məclisin sədri bildirib ki, təsisatlar açıq olduqda, vətəndaşların səsi eşidildikdə və insanlar öz iştiraklarının fərq yarada biləcəyini gördükdə bu etimad daha da artır.
Parlamentlərin bu prosesdə mühüm rolunu qeyd edən spiker Sahibə Qafarova deyib ki, parlamentlər xalqı təmsil edən təsisatlar olaraq ictimai gözləntiləri dövlətin qərar qəbulu ilə əlaqələndirir, qanunvericilik, nəzarət və cəmiyyətlə dialoq vasitəsilə onlar idarəçiliyin daha şəffaf, hesabatlı və inklüziv olmasına kömək edə bilir.
Azərbaycan dövlət idarəçiliyinin təkmilləşdirilməsi, rəqəmsal həllərin genişləndirilməsi, dövlət xidmətlərinin əlçatanlığının artırılması və vətəndaş iştirakı üçün daha geniş imkanların yaradılması istiqamətində görülən ardıcıl addımlar haqqında məlumat verən Milli Məclisin sədri diqqətə çatdırıb ki, Azərbaycan parlamenti bu səylərə töhfə verir. Onun sözlərinə görə, bu sahədə müasir texnologiyalar vətəndaşlarla qarşılıqlı əlaqənin genişləndirilməsinə və parlament fəaliyyəti haqqında məlumatlara daha geniş çıxışın təmin edilməsinə kömək edir. Eyni zamanda, Azərbaycan vətəndaşlara və vətəndaş cəmiyyətinə qanunvericilik prosesində birbaşa iştirak etmək imkanı verən hüquqi və institusional mexanizmlər yaradıb. O, qanunvericilik təşəbbüsü hüququnun bunun mühüm bir örnəyi olduğunu söyləyib.
Spiker Sahibə Qafarovanın sözlərinə görə, ictimai dinləmələr və ictimai müzakirələr də digər mühüm mexanizmdir. Dövlət təsisatlarının nümayəndələri, ekspertlər, vətəndaş cəmiyyəti təşkilatları və ictimaiyyətin üzvləri qanun layihələri və ictimai maraq doğuran məsələlər üzrə müzakirələrdə iştirak edə bilərlər. Qeyd olunub ki, 2021-ci ildən 2026-cı ilə qədər Milli Məclis 49 ictimai dinləmə və 6 ictimai müzakirə keçirib və bu mexanizmlər parlamentə müxtəlif peşəkar və ictimai rəyləri eşitmək və cəmiyyətlə ünsiyyəti gücləndirmək imkanı verir.
Sahibə Qafarova, həmçinin Milli Məclis tərəfindən istifadə olunan digər rəqəmsal alətlər barədə də məlumat verib. O cümlədən, parlament tərəfindən inklüzivliyin təmin olunması istiqamətində görülən işlər də diqqətə çatdırılıb. Bu baxımdan Azərbaycan parlamenti tərəfindən qadınların, gənclərin və əlilliyi olan şəxslərin iştirakına və hüquqlarına xüsusi diqqət yetirilməsi, bu istiqamətdə müvafiq qanunvericiliyin yaradılmasıyla bağlı da məlumat verilib.
Milli Məclisin sədri çıxışına yekun vuraraq bildirib ki, PAİ təcrübə mübadiləsi aparmaq, bir-birimizdən öyrənmək və daha açıq, inklüziv və etimad qazanmış təsisatların qurulmasında parlamentlərin rolunu gücləndirmək üçün mühüm platforma təqdim edir. Qeyd olunub ki, iştirakı gücləndirmək və hər bir səsin eşidilməsini təmin etməklə icmalarımızın səlahiyyətlərini artırmaq və daha dayanıqlı, sülhsevər və davamlı cəmiyyətlərə töhfə vermək olar.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре