ABŞ-da Azərbaycana həsr olunmuş mühazirə keçirilmişdir – FOTO

Day.Az представляет новость на азербайджанском языке.


Azərbaycanın Los Ancelesdəki baş konsulu Nəsimi Ağayev ABŞ-ın Nyu Meksiko ştatının Santa Fe Beynəlxalq Münasibətlər Şurasının dəvəti ilə həmin Şuranın üzvləri qarşısında mühazirə ilə çıxış etmişdir.

"Azərbaycan və Xəzər bölgəsində hazırkı durum" başlıqlı mühazirədə N.Ağayev Azərbaycanın yaxın tarixi, müstəqil dövlət kimi uğurlu inkişafı, neft-qaz strategiyası və region dövlətlərilə münasibətləri barədə dinləyiciləri məlumatlandırmışdır. Baş konsul Azərbaycanın müstəqilliyin ilk illərində böyük çətinliklərlə, o cümlədən torpaqlarının Ermənistan tərəfindən işğalı, iqtisadi tənəzzül, böyük daxili və xarici təhlükələrlə üzləşdiyini qeyd edərək, belə bir mürəkkəb dövrdə Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə qayıtmasından sonra ölkənin faktiki parçalanmadan və çöküşdən qurtularaq, inkişaf və yüksəliş dövrünə qədəm qoyduğunu diqqətə çatdırmışdır.

Neft-qaz strategiyası barədə danışan diplomat bildirmişdir ki, bu strategiya Azərbaycanın zəngin enerji resurslarından uzaqgörənliklə istifadəyə, ölkənin hərtərəfli inkişafına və regionda və dünyada mövqelərinin güclənməsinə, xalqın rifah səviyyəsinin yüksəldilməsinə söykənir. Ermənistanın ölkəmizə qarşı həyata keçirdiyi işğalçılıq və etnik təmizləmə siyasəti barədə dinləyiciləri məlumatlandıran N.Ağayev qeyd etmişdir ki, hazırkı status-kvo qeyri-məqbuldur və regionun təhlükəsizliyinə və sabitliyinə ciddi təhlükə törədir. "Buna görə də, Ermənistan rəhbərliyinin şəxsi maraqları kənara qoyaraq siyasi müdriklik nümayiş etdirməsinin zamanı çoxdan yetişib" - deyə natiq bildirmişdir.

Azərbaycanın Xəzər hövzəsi kimi mürəkkəb, ancaq olduqca önəmli bir bölgədə ABŞ-ın etibarlı və möhkəm tərəfdaşı olduğunu vurğulayan baş konsul bu strateji tərəfdaşlığın qarşılıqlı dəyərlərə və maraqlara əsaslandığını qeyd etmişdir.

Çıxışdan sonra N.Ağayev dinləyicilərin müxtəlif mövzulara dair suallarını cavablandırmışdır.

Santa Fe Beynəlxalq Münasibətlər Şurası Nyu Meksiko ştatının xarici siyasət sahəsində ixtisaslaşan ən tanınmış təşkilatıdır.