250 min manatlıq mənzili azərbaycanlı müğənniyyə kim hədiyyə edib? – FOTO

Day.Az представляет вниманию читателей интервью на азербайджанском языке.

Milli.Az xəbər portalının "Xoş gəlmişk" adlı rubrikası öz işini davam etdirir. Bu dəfə qapısını döyüb, "Xoş gəlmisiniz" sözü eşitdiyimiz müğənni gənc xanım Ayan Babakişiyeva oldu.

Ayanın bir il bundan öncə sevgilisi tərəfindən hədiyyə olunan 4 otaqlı mənzilinin əla təmiri və geniş otaqları var idi. Müğənninin sözlərinə görə, mənzilin qiyməti 250 min manatdır.

İçəri girən kimi özünüzü görəcəksiniz

Qapıdan içəri daxil olan zaman gözümüzə ilk növbədə böyük güzdü dəydi. Müğənni iddia edir ki, bu, bəd-nəzərdən qoruyur: "Qoy içəri girən hər kəs birinci növbədə özünü görsün. Divarda asılanda pis gözlərdən qorunmaq üçündür. Bu adət yəhudi xalqına məxsusdur.

Qonaq otağı - 550 avroluq spirtli içki

Qonaq otağı maraqlı rənglərlə dizayn edilib - qara, qırmızı və ağ. Evin dizaynının müəllifi Ayan və anasıdır.

Divar boyu hazırlanmış açıq dolab otağın ən maraqlı güşəsi idi. Dolabın içərisində bir çox növdə içkilər var: "İçkiyə çox meyilli deyiləm. Amma kolleksiyasını yığmağı sevirəm. Tanınmış içkilərdir. Bunlardan birinin qiyməti yadımdadır - 550 avro. İçkiləri mənə bir çox ölkələrdən sevgilim hədiyyə də gətirir".

Evdə qədim və müasir Bakı

Sözügedən dolabın içərisində Bakının əksi var idi: "Görün, Bakını necə sevirəm ki, onun dekorla işlədilən rəsmini evimin ən gözəl güşəsində sərgiləmişəm. Bir tərəfi qədim Bakı, digər tərəfi isə müasir Bakıdır".

1500 manatlıq büllur çıraq

Evdə bir çox maraqlı əşyalar və suvenirlər var. Qırmızı rəngdə olan büllur çırağın - gecə lampasının qiyməti 1500 manatdır: "Bu dekoru ev üçün mənə anam seçib. Ümumiyyətlə, qırmızı ilə qara rəngin qarışığını mən də sevirəm. Anam gül-çiçəyi də çox sevir. Yəgin evə baxanda bəlli olur".

Suvenirlər arasında it və pişik gözümüzə dəydi: "Bu it qardaşım Samir, pişik isə mənəm. Suvenirlər isə ruzi və uğur rəmzidir".

"Musiqi alətlərindən hazırlanan suveniri həmkarım Abbas Bağırov mənə hədiyyə edib. Mənim üçün hədiyyənin böyüyü-kiçiyi yoxdur. Amma bahalı hədiyyələri sevirəm. (gülür). Çünki bahalı hədiyyələrə öyrəşmişəm. Bu gül ləçəklərini də sevgilim təzə hədiyyə edib. Evdə bir çox əşyaları mən göstərmişəm, o alıb".

Arxivlə dolu otaq

"Bu balaca otaq qardaşımın otağıdır. Burada mənim bütün arxivim yatır. Yəni, Samiri əsəbiləşdirsəm, hər şey edə bilər. Qardaşımla mübahisələrimiz olur, amma o, məni ən çox dəstəkləyən insanlardandır."

Mətbəx - qapısı üzümüzə bağlı soyuducu

Ayan həvəslə bizə mer-meyvə doğrasa da, soyuducusuna nəzər salmağa qəti şəkildə icazə vermədi. Özü də deyir ki, "Yemək bişirməklə aram yaxşıdır. Ən yaxşı aşı bişirirəm".

Mətbəxdən sonra keçdik müğənninin anasının otağına. Bu otaqda açıq rənglərə daha çox üstünlük verilib.

Ulduz otağı - "sevgilim hədiyyə alıb"

Bu otağa daxil olan zaman anladıq ki, bura Ayanın yataq otağıdır. Müğənninin iki nəfərlik yataq dəsti və onun arxasında qarderob var idi. Öncə qarderobu açıb, geyimlərini nümayiş etdirməyi təklif etdik. Ayan sözümüzü yerə salmadı.

Müğənni ən gözəl libas və ayaqqabısını çıxardı. Məşhur brend firmalardan geyindiyini deyən Ayan iddia edir ki, don və ayaqqabının qiyməti 3 min avrodur: "Ümumiyyətlə, müğənni bahalı və brend firmalardan geyinməlidir".

Evdə hara baxdıqsa, olduqca səliqəli bir mənzərə ilə rastlaşdıq: "Dolabımı mən yığışdırmıram. Anam edir. Evimizdə hər şey çox səliqəlidir. Hər zaman da belə olacaq".

Ayan çoxsaylı geyimləri sırasından Daşkəndin milli geyimini də öz əynində nümayiş etdirdi.

Evi yaxşıca gəzib dolaşandan sonra çay süfrəsi ətrafında əyləşib, müsahibəyə başladıq.

"30 yaşıma kimi mütləq ərə gedəcəm"

- Ayan, evin gözəldir. Allah can sağlığına qismət etsin. Otaqları gəzdik. Qardaşının otağı bir az balacadır, ananın otağı isə böyükdür. Ayanın otağına girən zaman isə bir ulduzluq hiss olundu...

- Mənim fikrimcə bu, hər müğənnidə belədir. Geyim və aksesuar çoxdur. Məndə tələbat daha çox olduğundan ən böyük otağa da mən yerləşmişəm.

- Mənzilin 13-cü mərtəbədədir. Bu isə nəhs rəqəmdir. Qorxmursan?

- Xeyr, 13 mənim də yəhudilərin də ən sevdiyi rəqəmdir. Bu, mənə uğur gətirir. Avtomobilimin və telefon nömrəmin sonu da 3-lə bitir.

- Ayan, Allah qoysa nə vaxt ərə gedirsən?

- Tezliklə olmayacaq. Mən dəqiq deyə bilmərəm ki, məsələn, toyumun tarixi 08.08.08-dir. Allah nə vaxt qismət edibsə, o vaxtda olacaq. Bəlkə heç həmin adamla yox, baqşa bir insanla evlənmək qismət olacaq. Mən dəqiq söz verə bilmərəm. Ümumiyyətlə, sənədləşdirmək və rəsmiləşdirmək elə-belə məsələlərdir. Əsas sevib-sevilməkdir. Bilirəm, anamın məni gəlinlikdə görmək ən böyük arzusudur və o, bu günü görəcək. Onun arzusunu ürəyində qoymayacam ki. Bütün qohumlar məni gəlinlik libasında görəcəklər. 30 yaşıma kimi mütləq ərə gedəcəm.

- Deyəsən, bütün xərclərini sevgilin çəkir?

- Mən tam onun çiyinlərinin üzərində dayanmamışam. Öz qazancımı da xərcləyirəm. Mənim də özümə görə işim və pulum var. Normal da qazanıram. Onun isə şəxsi biznesi var. Özünə görə insandır. Onun şəraiti yaxşı idi, istədi mən də yaxşı yaşayım.

- Xəyallarının kişisidir?

- İdeal insan yoxdur. Normal münasibətimiz var. Hər kəs necə sevib-sevilir, mən də elə. Bu, mənə xoşdur.

- Qısqanclıq olurmu?

- Mən tərəfdən də olur, o da arada qısqanır. Axı mən adi qız deyiləm. Bütün günü efirlərdəyəm.

- Adı qız deyiləsən? Bəs sənin digər müğənnilərdən fərqin nədir?

- Fərqi deyə bilmərəm. Amma çox səmimi insan olduğumu vurğulamalıyam. Yalanı heç sevmirəm. Nə varsa onu deməyi bacarıram, qədərində!

- Bu evi sənə sevgilin alıb. Bəs sabah ailə həyatı quranda o sənə deməyəcək ki, "Buranı mən alımışam?"

- Xeyr, deməz! Birdə ki, mənim anam da, qardaşım da mənimlə birgə olacaq, hər zaman. Düzdür, qardaşım nə vaxtsa evlənəcək. Amma anam yanımda olmalıdır. Qardaşımın sevdiyi qız var. Yəgin ki, o da ailə qurmağı düşünür.

- Görəsən, Ayan baldızlıq edir?

- Hələ cavandır. Şəxsi münasibətlərinə çox qarışmıram. Amma evlənmək vaxtı gələndə təbii ki, daha ciddi şəkildə yanaşacam. Ancaq düzü, arada olur, baldızlıq edirəm.

- Yaradıcılığında nə yenilik var?

- "Dəniz" mahnısına klip çəkilir. Yeni mahnı hazırlayıram. Müəllifi Xanım İsmayılqızıdır. İndi Yaşar Baxışda aranjemandadır. Gözəl bir mahnıdır. Bilirəm ki, yay aylarında effekt verəcək.

- Yəgin hələ ki, konsert vermək fikrin yoxdur...

- Ay, sən Allah nə konsert? Hələ səhnədə o dönüşü etməmişəm ki, konsert barədə fikirləşim. Bizim o qədər tanınmış müğənnilərimiz var ki, konsert vermək istəmirlər. Niyə yalandan qohum-əqrəba, dost-tanışı ora yığıb, əl çalmağı xahiş etməliyəm ki? Baxırsan dünya ulduzlarının verdiyi konsertlərə, möhtəşəmdir! O cür konsertlərdən sonra biz nə edək? Bu gün Azərbaycanda şouya maraq tam ölüb. Mən şou-biznesdə həm varam, həm də yox. Səhnədəyəm, amma heç bir gecə məclislərində, yığıncaqlarında olmuram. Əsl ulduz gizli yaşamalıdır. Hər kəs üçün onun yaşadığı həyat müəmmalı və gizli qalmalıdır. Yoxsa, bütün günü efirlərə çıxım, şou-proqramda olum. Bu, ulduz həyatı deyil. Mən hər zaman lazımsız yerə çıxmaqdan qaçmışam.

- Həmkarlarınla münasibətin necədir?

- Mənim hər kəslə aram yaxşıdır. Demirəm, dostam, amma salam-sağolum hər kəslə var. Düzdür, həmkarlarımla görüşəndə, məni öpməyə qoymuram. Məsələn, Elnurla zarafatım var. Amma görüşəndə yalnız el verirəm.

Нажмите на фотографии для увеличения: