Tarkan tar ifaçımıza "bayıldı"

Day.Az представляет новость на азербайджанском языке.

Tar ifaçısı Humay Qədimovanın Milli.Az-a müsahibəsi.

- Azərbaycanda tar ifaçısı kimi tanınan Humay Qədimova bu gün tam müğənni kimi fəaliyyət göstərir?

- Tar fəaliyyətim oxumaq fəaliyyətimdən daha üstündür. Mənim təhsilim bu üzrədir, mən professional tar ifaçısıyam və tara görə sevilmişəm, ona görə də mən tar ifaçısı kimi daha çox fəaliyyət göstərirəm. Həm də özümün marağım daha çox tar alətinədir. Müğənnilik məndə ikinci plandadır. Mən müğənni kimi nə özümü reklam etmək istəyirəm, nə də pul qazanmaq. Bu, bir hobbi kimidir, əgər səsim varsa, niyə də oxumayım.

- Tar ifa etmək çətindir, yoxsa mahnı oxumaq?

- Mənə görə tar ifa etmək, mahnı oxumaqdan çətindir. Mahnı oxumaq mənə çətin gəlmir. Vallah, gözəl ustadlarımız, istedadlı müğənnilərimiz mənim bu sözümdən inciməsinlər. Mən belə hesab edirəm ki, əgər səs varsa, oxumaq elə də çətin deyil. Amma tar ifa etmək hər adamın işi deyil, mən günü bu günə kimi hələ də məşqlər edib öyrənirəm. Yaxşı tar ifaçısı olmaq üçün böyük ustadımın belə bir sözü var ki, günün 24 saatının 25 saatını sən məşq etməlisən. Görün bu sənət nə dərəcədə çətin bir sənətdir.

- Humay Qədimova bu gün əldə etdiyi uğurlara görə kimə borcludur?

- Allahıma təşəkkür edirəm ki, bu istedadı mənə bəxş edib, sonra ailəmə, müəllimlərimə, ustadlarıma. Onu deyim ki, mən maddi dəstəyi heç kimdən görməmişəm, nə sponsorum olub, nə də başqa bir şey. Öz gücümə və ailəmin dəstəyi ilə gəlib bu yerə çatmışam.

- Müğənni həmkarlarınızdan dəstək görürsüz, yoxsa etiraz?

- Mən deyərdim ki, bəlkə də, ilk müğənniyəm ki, hər kəs məni çox istəyir, həmkarlarımdan söhbət gedir. Mənə dəstəkdilər, bəyənirlər, yəni razıyam onlardan. Sağ olsunlar. Bəlkə də, onlar bilirlər ki, mən müğənniliyə hobbi kimi baxıram, əsas tardı mənim üçün, bəlkə, ona görə belə mehribandılar, yəni bu da ola bilər (gülür).

- Humay Qədimovanın sevdiyi şəxs var?

- Sevdiyim yoxdur, Allah nəsib edər, inşallah. Bu qədər.

- Humay Qədimovaya görə ailə daha önəmlidir, yoxsa sənət?

- Gənc xanımlar kimi ailə mənim üçün də əzizdir, bu, bir qismətdir. İndidən heç nə deyə bilmərəm, gözləyək o gün gəlsin, onda bu sualı yenidən mənə verərsiz (gülür).

- Hansı dünya ulduzlarını dinləyirsiz?

- Beyons, Şakira, türklərdən İbrahim Tatlısəs, Kibariyə, Sibel Can.

- Müğənni olaraq nə zaman konsert verəcəksiz?

- Hələ ki tezdir. Mənə illər lazımdır ki, hələ özümü təsdiqləyim. Konsert vermək çox məsuliyyətli bir işdir, həm də tezdir, amma istəyirəm, niyə də olmasın.

- Humay Qədimovanı sevənlər yetərincədir?

- Özüm haqda danışmağı sevmirəm. Bilmirəm, "mən, mən" deyə bilmirəm, müsbət tərəflərimdən danışa bilmirəm. Amma eşidirəm, getdiyim məkanlarda görürəm ki, sevilirəm. Hamı məni sevə bilməz, bu normaldır. Hər kəsin öz tamaşaçısı var.

- Bəs siz kimə pərəstiş edirsiz?

- Mən bir meqastar Tarkan heyranıyam. Görünüşü, səsi, səhnədəki performansları, nə bilim, hər şeyi bəyənirəm. Çox sevirəm Tarkanı. Bu insan sənətkardır.

- Tar ifaçısı olaraq Tarkan ilə eyni səhnəni bölüşmüsüz, bəs müğənni kimi bir duet oxumaq istərdiniz?

- Əlbəttə, bu, bir arzudur. İnşallah, qismət olar oxuyaram.

- Sizcə, Tarkanın yaddaşında tar ifaçısı Humay Qədimova qalıb?

- Məncə, bəli. Çünki biz eyni səhnəni bölüşəndə o heyranlıqla dinləyirdi bizim musiqini, inanmıram ki, yadından çıxam. Yəni o gün yaddaşdan çıxası bir gün deyildi. Bir söz deyim ki, mən ifa edəndə səhnədə o, elə türklər demişkən, mənə "bayıldı". Amma müğənni kimi bilmirəm, məni qəbul edər, yoxsa yox.

- Novruz bayramı yaxınlaşır, küsülü olduğunuz kimsə var?

- Mən açığı qalmaqallı musiqiçi olmamışam, heç kəsin xətrinə dəyməyi sevmirəm. Sülh sevən insanam. Əgər olubsa da, ehtiyac bilmərəm Novruz bayramını gözləyim, barışaram o insanla. Mən kinli biri deyiləm. Yeri gəlmişkən hər kəsi bayram münasibətilə təbrik edirəm, dünya azərbaycanlılarını təbrik edirəm. Hər kəs mehriban olsun, inşallah.