Arzuman Abdulkərimov: "Müxalifətin Əli İnsanov kimi biri ilə işbirliyinə girməsi..."

Yaşın məsələyə dəxli olmasa da, insan kiminlə yan-yana durduğunu gərək anlasın. Məsələn, Əli İnsanov öncə hesabat verməlidir ki, 11 adda daşınmaz əmlakı bir nazir maaşı ilə necə əldə etmişdi? "Faşistlərə" sarı gələn İnsanovun evində 523 adda qızıl-zinət əşyaları aşkarlanmışdı, istintaq qrupu bunları haradan əldə eləmişdi?

O dövrdə mülki iddianın təmin edilməsi üçün 23 milyon 372 min 37 manat 71 qəpik dəyərində daşınmaz əmlaklar üzərinə məhkəmə qərarları əsasında həbs qoyulub. O, bu vəsaiti və əmlakı hansı demokratik yolla qazanmışdı?

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Ana Vətən Partiyasının sədr müavini Arzuman Abdulkərimov müxalifət liderlərinin keçmiş məhbus Əli İnsanovla bir araya gəlməsinə münasibət bildirərkən deyib.

A.Abdulkərimov Ə.İnsanovdan onlarla dövlət əmlakını necə sökdürməsi, sonra övladlarının adına necə özəlləşdirməsi barədə məlumatları açıqlamağı tələb edib: "Lüksemburq Hersoqluğunun "Bank de Lüxenburq" kommersiya bankında Əli İnsanovun 1 milyon 280 min 645 dollar 57 senti, oğlu Vidadi İnsanovun 255 min 65 avro məbləğində pul vəsaiti saxlanılır. Bu, hələ bircə hesabdan bəlli olan məbləğdir, Azərbaycanın müraciəti əsasında dondurulub. Bu vəsaitlər onun neçə aylıq maaşıdır, əcəba? Bəlkə buna aydınlıq gətirsin, vəsaitlər necə gedib çıxıb Lüksemburqa?! İndi müxalifət bu adamı gətirib Azərbaycanda yeni cəmiyyət, yeni dövlət qurmaq üçün baş siyasətçi, lider eləmək istəyir. İnsanları maarifləndirməkdən yana olduğumuza görə, bu adamları millətin tanıması lazımdır. Müxalifətin Əli İnsanov kimi biriylə yaxınlaşması, işbirliyinə girməsi təkcə dövlətə, siyasi hakimiyyətə deyil, həm də sıravi vətəndaşlara, xalqa xəyanətdir. Bu birliyin törədəcəyi cinayətlərə isə təkcə Əli İnsanov yox, həm də "Milli Şura" və AXCP cavab verəcək".

Partiya sədrinin müavini bu kimi radikal hərəkətlərin, icazəsiz aksiyaların niyə məhz dövlət başçısının islahatlar apardığı ərəfələrdə baş verdiyinə də diqqət çəkib. Bildirib ki, bu insan(ov)lar bir mənalı şəkildə islahat prosesinə mane olmağa çalışırlar: "Bu da cavabları - Prezident İlham Əliyev: İslahatların alternativi yoxdur!".

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.