Ordumuzun bir-birinin ardınca azad etdiyi yaşayış məntəqələri onun gücü ilə tam mütənasibdir

Azərbaycan ordusunun real gücünu sentyabrın 27-dən başlamış qalibiyyətli döyüşlər bir daha sübut etdi.

Bunu Trend-ə açıqlamasında "Bakı xəbər" qəzetinin baş redkatoru, siyasi ekspert Aydın Quliyev deyib.

Baş redaktor bildirib ki, məhz ordumuzun gücü ilə status-kvo və Ermənistanın xüsusi planlarla formalaşdırdığı düzxətli qısa təmas xətti dəyişdi: "Qarabağ uğrunda Vətən müharibəsi tarixində ən əlamətdar qələbələrin kökündə məhz bu dayanır.
Ordumuz özünün şərəfli və qalib imicini Ağdərədən Füzuliyə qədərki böyük arenada dalbadal hərbi uğurlarla formalaşdırdı. Milli ordumuzun şərəfli imici Cəbrayılın, Madağızın, Hadrutun, Horadizin, onlarla digər kənd və şəhərlərin azad olunması sayəsində möhkəmləndi. Azərbaycan Prezidenti son 2-3 həftə ərzində dünyanın ən müxtəlif populyar media orqanlarına geniş müsahibələrində ordumuzun uğurlarının nələrə söykəndiyini bütün dünyaya nümayiş etdirdi. Prezident İlham Əliyev ordumuzun güc mənbələrini dostlara və düşmənlərə hər kəsin başa düşdüyü şəkildə izah etdi. Dünya müqayisə aparmaq imkanı əldə etdi ki, Azərbaycan ordusunun güc mənbələri haradadır, Ermənistan ordusunun gücsüzlük səbəbləri nədir.

Dövlət başçısı göstərdi ki, Azərbaycan ordusu ən müasir intellektual hərbi texnika və texnologiyaların üzərində dayanıb, xalqın birmənalı və geniş dəstəyinə söykənir, möhkəm nizam-intizam var, haqq işi uğrunda döyüşdüyünə möhkəm inanır, canlı qüvvə sarıdan böyük ehtiyatlara malikdir, öz tarixinə və torpağına qırılmaz şəkildə bağlıdır".

Ekspert deyib ki, ordumuzun bir-birinin ardınca azad etdiyi yaşayış məntəqələri onun gücü ilə tam mütənasibdir: "Ordumuz indiki imkanlarla bütün işğaldakı ərazilərimizi sonadək azad etmək gücünə malik olduğunu sübut edir.

Təsadüfi deyil ki, düşmən Ermənistanın ideoloqları ordumuzun malik olduğu üstünlükləri və legitim güc mənbələrini şübhə altına almaq və gözdən salmaq üçün hər cür yalanlara əl atır. Düşmənin ən çox hallandırdığı və iflasa uğradığı tezis guya ordumuzda başqa ölkələrdən gətirilmiş muzdlu döyüşçülərin olmasıdır. Prezident İlham Əliyev ordumuzu xarici muzdlularla bağlamaq istəyən düşmən təbliğatını o qədər dəqiq və arqumentli darmadağın etdi ki, onlara nəsə əlavə etmək mümkün deyil. Prezident əksinə Ermənistanın özünün əsasən cinayətkar - kriminal muzdlulardan ibarət hərbi birləşmələrin ümidinə qaldığına möhkəm beynəlxalq inam yarada bildi. Dünya artıq əmindir ki, ermənilər bir vaxtlar özləri dəfn etdikləri ASALA-nı yenidən bərpa ediblər. Məqsəd aydındır və ASALA-nın güc və döyüş taktikasından, canlı qüvvəsindən istifadə etməkdir".

A.Quliyev qeyd edib ki, legitim dövlət nəzarətindən kənar ərazi sayılan işğal olunmuş Azərbaycan torpaqlarında hansı kriminal cinayətlərin və hazırlıqların getdiyi barədə xəbərdarlıqlar özlərini tam doğruldur: "Həm də bu istiqamətdə ən dəyərli sübutları məhz Azərbaycan Ordusu qazanır. Bir vaxtlar Azərbaycanın rəsmi dövlət orqanları Dağlıq Qarabağın beynəlxalq narkotrafikin əsas tranzit məntəqələrindən və mənbələrindən biri olduğunu faktlarla demişdi. Bu gün ordumuzun Füzulidə narkotik plantasiyası və narkolaboratoriya aşkarlaması əvvəlki xəbərdarlıqları sübut edir. Azərbaycan dövlətinin Dağlıq Qarabağın terrorçular üçün təlim-məşq meydanına çevrildiyi barədə daha əvvəllərdən ortaya qoyduğu xəbərdarlıqlar da özünü doğruldur. İndi Ermənistan ordusunun əsas kadr bazası Yaxın Şərqdən və Qərb ölkələrindən gətirilən terrorçulardır.
Azərbaycan Ordusu Ermənistanın timsalında bir işğalçı dövlətlə beynəlxalq terror tör-töküntülərinin əcaib simbiozundan ibarət xunta ilə müharibədə zəfər tarixi yazır. Böhtan və saxtakarlıqlar Azərbaycan ordusunun qələbələrinə kölgə sala bilməz".