Peyvənd olunaq,

Son aylar Azərbaycanda COVİD-19 infeksiyasına yoluxma sayında ciddi azalma müşahidə olunur. Dünya təcrübəsindən hamımıza məlumdur ki, koronavirusun ram edilməsi, nəzarət altına alınması çətin işdir. Lakin dövlətimizin gördüyü qabaqlayıcı tədbirlər nəticəsində ölkəmiz müsbət nəticəyə nail olmuşdur.

Ölkəmizdə son aylarda yoluxma halında azalma müşahidə olunur. Bu da ölkəmizdə ilin əvvəlindən başlanan kütləvi pevəndləmənin nəticəsidir. Bu günə olan rəsmi məlumata görə yanvardan bu günə qədər üç milyondan çox vətəndaşımız peyvənd olunub. İlin əvvəlindən davam edən vaksinasiya xüsusi karantin rejimi çərçivəsində tətbiq olunan bir sıra məhdudiyyətlərin aradan qaldırılmasına şərait yaratdı. İlk öncə may ayının 31-i açıq havada maska taxmaq tələbi ləğv edildi. İyun ayının 10-dan isə məscidlər, idman zalları və Bakıdan rayonlara işləyən marşrutlara tətbiq edilən qadağaların tətbiqi aradan götürüldü.

Operativ Qərargahın vətəndaşlarımızı ən çox sevindirən qərarlarından biri isə toy və nişan mərasimlərinin  keçirilməsinə qoyulan qadağanın ləğv edilməsi oldu. Belə ki, Operativ Qərargahın şərtləri nəzərə alınmaqla iyulun 1-dən ölkəmizdə toyların keçirilməsinə icazə verilmişdir.  

Digər ölkələrin statistikasında baxanda aydın şəkildə görmək olur ki, ölkəmiz virusla mübarizədə çox irəlidədir. Bu da ölkəmizdə COVİD 19-la mübarizədə uğurlu işlərin görüldüyünü göstərir. Dünyada vaksin qıtlığı yaşanarkən, dövlətimiz vətəndaşlarının vaksin ehtiyacını qarşılamaq məqsədilə xaricdən yetərincə vaksin gətirdib. Dövlətimizin virusa qarşı apardığı mübarizə, vətəndaşların normal həyata qayıdışını sürətləndirir. Ölkəmizdə vaksinasiya tam pulsuzdur. Azərbaycan dünya ölkələrində vaksinasiya prosesinə görə ön yerlərdədir. Qonşu ölkələr arasında isə birinci yerdədir. Lakin bütün bunlar vətəndaşlarımızın arxayınlaşması üçün səbəb olmamalıdır. Çünki dünyanın bir çox ölkələrində virusdan gündə yüzlərlə insan vəfat edir. Virus insan təlafatı ilə yanaşı, dövlətlərin iqtisadiyyatına böyük zərbə vurur. Bunları bir ölkə olaraq yaşamaq istəmiriksə, hər bir vətəndaş öz üzərinə düşən vətəndaşlıq borcunu yerinə yetirmək üçün dövlətin qoyduğu qaydalara riayət etməlidir. Əsas da vaksinasiya prosesindən yayınmamalıdır.

Kütləvi vaksinasiyanın müsbət təsiri nəticəsində ölkəmizdə karantin rejiminin yumşaldığı vaxtda koronavirusun Hindistan ştammı dünyada geniş yayılmağa başlayıb. Hindistan ştammının 90 -dan artıq növü müəyyən edilib. Azərbaycanda hələki koronavirusun Hindistan ştammına yoluxma qeydə alınmayıb. Lakin qonşu ölkələrimiz Rusiya və Gürcüstanda aşkar olunub. Buna görə də Hindistan ştammının Azərbaycana keçməsi yüksəkdir.  Buna görə də vətəndaşlarımız özlərini qorumalıdır. Özümüzü qorumasaq virusun yayılmasında artım baş verəcək, yenidən məhdudiyyətlərin tətbiq olunması məcburiyyəti yaranacaq.

Fərid Zöhrabov
Day.Az