Yoluxma sayı ARTIR: Sərt karantin olacaq?

Son günlər ölkəmizdə yoluxma sayı yenidən artmaqdadır. Bir neçə təhsil ocaqları bağlanıb. Uşaqlar və böyüklərdə fərqli simptomlar müşahidə olunur. Bəs yoluxma artmaqda davam edərsə, yenidən qapanmalar ola bilərmi?

Day.Az bildirir ki, məsələ ilə bağlı Sonxeber.az-a deputat Cavid Osmanov açıqlama verib.

O, sentyabr ayında 3-cü dozanı vurdurduğunu bildirərək, insanların da vaksinasiya olunmasının vacibliyini qeyd edib:

"Bəli, son günlər ölkəmizdə koronavirusa yoluxma sayı yenidən artan dinamika üzrə inkişaf edir. Amma düşünürəm ki, sərt karantin rejiminə keçməkdənsə, vətəndaşlarımızın vaksinləşmə prosesində daha da fəal iştirak etməsi zəruridir. Mən özüm də sentyabr ayında 3-cü ("buster") dozanı vurdurmuşam.

Düzdür, son dönəmlər artıq vaksin vurdurmaq üçün müraciət edənlərin sayı çoxdur, lakin ekspertlərin fikrincə, bir və ikinci dozadan sonra 6 ay keçdikdə üçüncü ("buster") dozanın vurulmasına ehtiyac var.

Biz uşaqlığdan "su çiçəyi", "qızılca" kimi xəstəliklərə qarşı da peyvend vurdurmuşuq. Bu o demək deyil ki, həmin xəstəlikləri keçirtməmişik. Əlbəttə, keçirtmişik və hamısı da yüngül keçib.

"COVID-19"a qarşı vurulan peyvənd də yoluxmanın qarşısını 100 faizlik almasa da, bu ehtimalı azaldır və xəstəliyin daha yüngül keçməsinə səbəb our.

Ona görə də, insanlarda başqa bir düşüncənin olması yersizdir. Çünki bu gün bütün dünya koronavirusa qarşı yeganə yolu vaksinləşmədə görür".