Azərbaycan regionun əsas oyunçusuna çevrilib

Azərbaycan regionun əsas oyunçusuna çevrilib.

Trend-in məlumatına görə, bunu Pakistan Senatının sədri Məhəmməd Sadiq Sancrani Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin Bakı konfransında çıxışı zamanı deyib.

Azərbaycanın bu illər ərzində uğurlu siyasi kurs yürüdərək regionun əsas oyunçusuna çevrildiyini vurğulayan Sadiq Sancrani Qoşulmama Hərəkatı çərçivəsində təsis edilən Parlament Şəbəkəsinin mühüm bir hadisə olduğunu qeyd edib.

"Biz qlobal sülh, çiçəklənmə, inkişaf naminə əməkdaşlığı hər zaman dəstəkləmişik və bunu siyasi kursumuzda prioritet hesab etmişik. Qısamüddətli yox, uzunmüddətli strategiyaya diqqət yönəltməli, yalnız öz xalqlarımızı deyil, qlobal dünyanı düşünməliyik", - o bildirib.

Qeyd edək ki, iyunun 30-da Heydər Əliyev Mərkəzində Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin "Dünyada sülhün və dayanıqlı inkişafın təşviqində milli parlamentlərin rolunun gücləndirilməsi" mövzusuna həsr olunan Bakı konfransı işə başlayıb.