Avtomobillərin dövlət qeydiyyat nişanlarının verilməsi qaydası dəyişir

Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin mərkəzi informasiya sistemi vasitəsilə mövcud dövlət qeydiyyat nişanlarının rəqəm və ya hərf kombinasiyaları üzrə dövlət qeydiyyat nişanları veriləcək.

Day.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə Prezident İlham Əliyevin Fərmanı ilə təsdiqlənən "Daxili İşlər Nazirliyinin (DİN) Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) mərkəzi informasiya sistemi haqqında Əsasnamə"də əksini tapıb. Sistem vasitəsilə nəqliyyat vasitələrinin dövlət texniki baxışından keçirilməsi barədə elektron talonların tərtib olunması, habelə dövlət texniki baxışı zamanı nəqliyyat vasitələrində "Yol hərəkəti haqqında" Azərbaycan Respublikasının Qanununa 1 saylı Əlavədə nəzərdə tutulmuş nasazlıqlar aşkar edildikdə nəqliyyat vasitəsinin sahibinə həmin nasazlıqlar barədə bildirişlərin verilməsi, eləcə də dövlət texniki baxışından sonra beynəlxalq sərnişin və yük daşımalarında iştirak edən nəqliyyat vasitələrinin sahiblərinin müraciəti əsasında onlara, həmçinin kağız daşıyıcıda dövlət texniki baxış talonunun verilməsi nəzərdə tutulur.

Sistem vasitəsilə yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətaların aşkarlanmasında istifadə olunan foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin, elektron tərəzilərin və parkomatların göstəricilərinin ilkin mənbədən real vaxt rejimində əldə edilməsi, emalı, sənədləşdirilməsi və icraya yönəldilməsi həyata keçiriləcək.