Azərbaycanda əmək pensiyaları ilə bağlı YENİLİK

"Əmək pensiyaları haqqında" qanuna təklif edilən dəyişikliklər pozitiv xarakterlidir və vətəndaşlarımızın pensiya təminatını yaxşılaşdıran, pensiya təminatı sahəsində unifikasiya aparmağa imkan verən, pensiyaların indeksasiya metoduna üstünlük verən və inteksasiyanın da avtomatlaşdırılmış qaydada artırılmasına hüquqi baza yaradan layihədir.

Day.Az xəbər verir ki, bunu Trend-ə Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev deyib.

M.Quliyev bildirib ki, qanunun 6 maddəsinə 42 dəyişiklik təklif olunur. "Bu dəyişiklikləri iki istiqamətdə şərh edə bilərik. Birinci istiqamət əmək pensiyalarının indeksasiya edilməsi metoduna keçilməsi ilə bağlıdır. Ümumiyyətlə indeksasiya metodunun tətbiq olunması əmək pensiyalarını illik infilyasiya təsirindən qorumuş olur.

Azərbaycanda hazıra 1159000 pensiyaçının 93 faizi ümumi sığorta prinsipləri əsasında pensiya alırlar və onların da pensiyaları hər ilin əvvəlində əvvəlki ildəki orta aylıq əməkhaqqının artım faizinə uyğun indeksasiya olaraq artırılır və beləliklə infilyasiyanın mənfi təsirindən qorunmuş olur. Lakin 85 min pensiyaçının pensiyası hər il indeksasiya olunmur, yalnız onların əvvəl işlədikləri vəzifələrdə maaşlar artarsa, həmin halda oların da pensiyaları maaşın artım faizinə uyğun artırılır. Maaşlar artırılmasa onların da pensiyaları indeksasiya olunmamış qalır. Bu kateqoriyadan olan insanlar deputatlar, hakimlər, Mərkəzi Seçki Komissiyasının üzvləri, Ombudsman, prokuror, prokurorluq işçiləri, hərbçilər, xüsusi hərbi rütbə daşıyan şəxslər və dövlət qulluqçularıdır.

Müqayisə üçün deyək ki, son 10 ilin təsiri göstərir ki, 10 il ərzində ümumi əsaslarla pensiya alan şəxslərin pensiyası təxminən 98 faiz artdığı halda qeyd olan kateqoriyaya daxil olan şəxslərin pensiyası cəmi 70 faiz artıb. Bəzi kateqoriyalar isə daha az artıb, məsələn hakimlərin pensiyası 25 faiz, prokurorluq işçilərinin 13 faiz, hərbi qulluqçular 59 faiz, dövlət qulluqçuları isə 69 faiz artıb ki, bu da infilyasiyanın mənfi təsirlərindən tam qoruna bilmir. "Əmək pensiyaları haqqında" qanuna təklif edilən dəyişikliklər bu ayrıseçkiliyi aradan qaldırır və bütün pensiyaçıların pensiyasını hər ilin əvvəlində indeksasiya edərək artırmaq imkanı yaratmış olur", - deyə M.Quliyev bildirib.

Onun sözlərinə görə, digər dəyişiklik ötən il Prezident İlham Əliyevin sərəncamına əsasən pensiyalara əlvə edilən 200 manat əlavənin pensiyanın üzərinə daxil olunması və o əlavələrin də indeksasiya olunub artırılması ilə bağlıdır. "Təklif olunan dəyişikliklər müsbət dəyişikliklərdir və qəbul olunduqdan sonra bütün növ əmək pensiyalarının məbləği hər il vahid qaydada indeksassiya edilərək artırılacaq və əvvəlki metoda nisbətən pensiyalar daha çox artacaq", - deyə komitə sədri əlavə ediləcək.