“Bu gün Avropa Azərbaycanla münasibətlərə xüsusi həssaslıqla yanaşır”

"Son vaxtlar Avropada müşahidə olunan hadisələr fonunda enerji böhranının yaşandığı dövrdə Azərbaycanın "köhnə qitə" üçün əhəmiyyəti daha da artmaqdadır. Bir neçə il bundan əvvəl Cənub Qaz Dəhlizinin işə düşməsi Azərbaycanı Avropanın enerji təminatında mühüm aktorlardan birinə çevirib. Bu gün isə Avropa Azərbaycanla münasibətlərə xüsusi həssaslıqla yanaşır. Bu il iyulun 18-də Azərbaycan ilə Avropa İttifaqı arasında "Azərbaycan Respublikası ilə Avropa Komissiyası tərəfindən təmsil olunan Avropa İttifaqı arasında enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumu" imzalanması bunu bir daha sübut edir. Avropada Azərbaycan təbii qazından faydalanacaq ölkələrdən biri də Bolqarıstandır. Sentyabrın 30-da rəsmi açılışı olan və Azərbaycan təbii qazını Bolqarıstana çatdıracaq Yunanıstan-Bolqarıstan İnterkonnektoru bu ölkənin Azərbaycan qazı ilə təchizatı baxımından mühüm əhəmiyyətə malikdir. Beləliklə, Azərbaycan təbii qazının Bolqarıstana çatdırılması ilə ölkələrimiz arasında münasibətlər yeni mərhələyə yüksələcək". Bu sözləri Prezident İlham Əliyevin cari ilin 30 sentyabr tarixində Bolqarıstanda rəsmi səfəri zamanı çıxışı ilə əlaqədar mətbuata açıqlama verən Milli Məclisin deputatı Kamaləddin Qafarov demişdir.

K.Qafarov son illərdə Azərbaycan-Bolqarıstan əlaqələrində dinamik inkişaf müşahidə olunduğunu bildirmişdir: "Prezident İlham Əliyevin sentyabrın 30-da Prezidenti Rumen Radevin rəsmi dəvəti əsasında Bolqarıstana səfəri iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümünə təsadüf edir. Səfərin məqsədi ölkələrimiz arasında yüksək səviyyədə olan əlaqələri daha da inkişaf etdirməyə və qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlığı gücləndirməyə töhfə vermək idi. Səfər çərçivəsində ikitərəfli münasibətlərin gündəliyində yer alan aktual məsələlərin müzakirəsi məqsədilə Azərbaycan Prezidentinin bolqarıstanlı həmkarı ilə təkbətək və geniş tərkibdə, həmçinin bu ölkənin bir sıra yüksək dövlət rəsmiləri ilə görüşləri baş tutdu. Qeyd edək ki, bu, Prezident İlham Əliyevin Bolqarıstana sayca dördüncü səfəridir. Bundan əvvəl Azərbaycanın dövlət başçısı bu ölkəyə iki dəfə rəsmi (2005-ci və 2015-ci illərdə), bir dəfə isə işgüzar (2009-cu ildə) səfər edib. Ümumilikdə Mərkəzi və Şərqi Avropa ölkələri, o cümlədən Bolqarıstanla ikitərəfli və çoxtərəfli əməkdaşlığın inkişaf etdirilməsi ölkəmizin xarici siyasətinin vacib istiqamətlərindən biridir. Bu mənada Azərbaycan ilə Bolqarıstan arasında münasibətlər hər zaman yüksək səviyyədə olub və müsbət dinamikası ilə seçilib. Dövlətlərarası əlaqələrimizin zəngin tarixi var. Ölkələrimiz arasında diplomatik münasibətlər 1992-ci il iyunun 5-də qurulub. Bu il ölkələrimiz arasında əlaqələrin yaradılmasının 30-cu ildönümü qeyd olunur və bu münasibətlə iki ölkə arasında ali səviyyədə təbrik məktublarının mübadiləsi həyata keçirilib. Xüsusi olaraq vurğulaya bilərik ki, qarşılıqlı hörmət və etimad üzərində qurulmuş Azərbaycan-Bolqarıstan əlaqələri ötən müddət ərzində siyasi, iqtisadi, enerji, mədəni və digər sahələrdə dinamik şəkildə inkişaf edib və ölkələrimiz arasında səmərəli əməkdaşlıq formalaşıb. Prezident İlham Əliyevin cari ilin 30 sentyabr tarixində Bolqarıstanda rəsmi səfəri zamanı çıxışının əvvəlində 2015-ci ildə Bolqarıstanla Azərbaycan arasında imzalanmış strateji tərəfdaşlıq haqqında Birgə Bəyannaməni xatırlatdı və həmin Bəyannamənin əlaqələrimizi yüksək səviyyəyə qaldırdığını və təsbit edilmiş bütün məsələlər həyatda öz əksini tapdığını xatırlatdı. Dövlətimizin başçısı Yunanıstan-Bolqarıstan Qaz İnterkonnektoru layihəsinin tarixi əhəmiyyətə malik olduğunu, Avropa İttifaqı ilə Azərbaycan arasında imzalanmış enerji sahəsində strateji tərəfdaşlıq haqqında Memoranduma əsasən, növbəti bir neçə ildə Azərbaycan Avropaya qaz ixracatını ən azı 2 dəfə artıracağını vurğuladı. Xatırlatdı ki, Azərbaycanın təsdiq edilmiş qaz ehtiyatları 2,6 trilyon kubmetrdir. Yeni və çoxşaxəli qaz nəqliyyat infrastrukturu ölkəmizə imkan verir ki, bir çox ölkələri təbii qazla təmin edək. Bu sahədə əldə edilmiş uğurlar gələcək planlar üçün də gözəl zəmindir. SOCAR-ın Bolqarıstandakı ofisinin açılması vaxtı çatıb. Enerji sahəsində təkcə təbii qazın ixracı ilə işimizi bitmiş hesab etməməliyik. Elektrik enerjisinin ixracı və bu sahədə qarşılıqlı faydalı əməkdaşlıq, xam neftin Bolqarıstan istiqamətinə nəqli, habelə Bolqarıstanda enerji infrastrukturunun yenilənməsində SOCAR-ın imkanlarından istifadə olunacaqdır. Prezident İlham Əliyev çıxışında yeni geosiyasi vəziyyəti nəzərə alaraq nəqliyyat təhlükəsizliyin təmin olunmasının önəmli məsələ olduğunu qeyd etdi. Bildirdi ki, Azərbaycan öz ərazisində çox müasir nəqliyyat infrastrukturu yaratmışdır - dəmir yolları, avtomobil yolları, yeni Beynəlxalq Dəniz Ticarət Limanı. Bütün bu infrastruktur obyektləri bir məqsədi güdür ki, Azərbaycan üzərindən tranzit yüklərin həcmi artsın. Cari ildə tranzit yüklərin həcmi təqribən 50 faizə yaxın artmışdır. Gələcəkdə bu rəqəm daha da böyük olacaq. Ona görə Bolqarıstan və Azərbaycan nəqliyyatçıları indidən bir araya gələrək uzunmüddətli və genişmiqyaslı gələcək əməkdaşlıq haqqında fikir mübadiləsi aparacaqlar. Dövlətimizin başçısı yeni əməkdaşlıq imkanları araşdırılacağını da qeyd etdi. İqtisadiyyat və sərmayə sahələrində əməkdaşlığın dərinləşməsi üçün çox böyük imkanlar mövcuddur. Bolqarıstan şirkətləri Azərbaycanda daha genişmiqyaslı işlərin görülməsinə dəvət olunacaqdır. İşğaldan azad olunmuş ərazilər əməkdaşlıq üçün yeni imkanlar yaradır. Bütün bunlar onu deməyə əsas verir ki, dərin köklərə malik Azərbaycan-Bolqarıstan əlaqələri bundan sonra daha da genişlənəcək və dərinləşəcəkdir.