Azərbaycanın monitorinq qrupu erməniləri təşvişə saldı

Azərbaycanın müvafiq qurumlarının Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərində monitorinqlərə başlaması Ermənistanda geniş müzakirələrə səbəb olur.

Day.Az xəbər verir ki, Ermənistan mediası Azərbaycanın separatçılara iqtisadi və siyasi təzyiqini artırdığını yazır.

"Hraparak" nəşrində dərc olunan yazıda Azərbaycanın monitorinqlərinin bununla sonlanmayacağı qeyd olunub.

"Azərbaycan dekabrın 3-də bir neçə saat Laçın dəhlizini bağlamaqla bu məsələni gündəmə gətirdi. Onların əsas hədəfi "Vallex" şirkətlər qrupuna daxil olan Kaşinin mədən və emal zavodudur. Azərbaycanın müvafiq qurumları ilə sülhməramlılar arasında  müzakirələr Xankəndidən təxminən 7 kilometr aralıda yerləşən Xocalı ərazisində aparılıb".

Nəşr yazır ki, Azərbaycan rəhbərliyi hələ 2021-ci ildə Qarabağ ərazisində mədənləri işlədən şirkətləri məhkəməyə verəcəyini, təzminat tələb edəcəyini açıqlamışdı.

"Bakı hazırda konret addımlar atmağa başlayıb. Bu Qarabağ üçün həm iqtisadi, həm də siyasi çağırışdır".

Qeyd edək ki, 2022-ci il dekabrın 3-də keçirilmiş müzakirələrin davamı olaraq, dekabrın 7-də Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və "AzerGold" Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət heyət Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan Respublikası ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarı, bundan irəli gələn ekoloji və digər törəmə fəsadlar ilə bağlı Xocalıda Rusiya sülhməramlı kontingentinin komandanlığı ilə görüş keçirib.

Görüş zamanı faydalı qazıntı yataqlarına, xüsusilə Qızılbulaq qızıl və Dəmirli mis-molibden yataqlarına yerində baxış, qanunsuz istismarın dayandırılması, müxtəlif istiqamətlər üzrə monitorinq və inventarizasiyanın aparılması, əmlakın kadastr uçotunun təşkili, ətraf mühitə, yeraltı və yerüstü su mənbələrinə potensial zərərin və risklərin qiymətləndirilməsi və dəymiş zərərin nəticələrinin aradan qaldırılması məsələləri müzakirə edilib.

Görüşdən sonra yayılan rəsmi məlumatda bildirilir ki, sülhməramlılara Azərbaycanın təbii sərvətlərinin talan edilməsinə imkan verilməyəcəyi ilə bağlı xəbərdarlıq olunub.

Elvin Səxavətoğlu