Türkiyədəki zəlzələ Azərbaycanda bu mənzilləri bahalaşdıracaq

Türkiyədə baş verən zəlzələdə çox sayda binanın dağılması Azərbaycanda da bu sektorla bağlı müxtəlif müzakirələrə səbəb olur.

Hazırda əsas müzakirə mövzularından biri Azərbaycanda da güclü zəlzələ olacağı təqdirdə binaların dözümlülüyü məsələsidir.

Mənzil sektoru ilə bağlı ziddiyyətli fikirlərin səsləndirilməsi isə vətəndaşlarda qorxu hissi yaradır.

Ekspertlərin fikirincə, Türkiyədəki zəlzələdən sonra yaranan fobiya Azərbaycanın mənzil bazarında qeyri-müəyyənliklər yaradacaq.

Əmlak eksperti Elnur Fərzəliyev Day.Az-a açıqlamasında deyib ki, Türkiyədə baş verən zəlzələ Azərbaycanın mənzil bazarına müvəqqəti təsir edəcək.

"İnsanlarda bir müddət hündürmərtəbəli binalara qarşı fobiya yaranacaq. Bu isə qiymətlərə öz təsirini göstərəcək. Təsir müvəqqəti olacaq. Çünki yeni binalar tikilir, banklar həmin binalardan mənzil alışına kredit ayırır".

Əmlak eksperti Ramil Osmanlı isə Day.Az-a açıqlamasında bildirib ki, qardaş ölkədəki zəlzələ Azərbaycanda ilk növbədə binalardan mənzil alışına təsir edəcək.

"Əgər zəlzələ Türkiyədə deyil, Kanada da və ya hər hansı Avropa ölkəsində olsaydı, bu faciəvi hadisənin Azərbaycana heç bir təsiri olmayacaqdı. Türkiyədə baş verən zəlzələnin isə Azərbaycanın mənzil bazarına təsiri olacaq. Çünki ölkə bizə həm region, həm  iqtisadi-siyasi əlaqələr, həm də mənəvi baxımından yaxındır. Bu səbəbdən zəlzələnin psixoloji təsiri ilə qısa müddət ərzində bina evlərinə maraq azalacaq,  fərdi yaşayış evlərinə isə maraq artacaq. Bu müddət təxminən 2-3 ay ola bilər".

Ramil Osmanlı bildirib ki, fərdi yaşayış evlərinə marağın çoxalması həmin sektorda qiymət artımına gətirib çıxaracaq.

"Amma düşünmürəm ki, Türkiyədəki zəlzələ bina evlərinin qiymətini ucuzlaşdırsın. Çünki Azərbaycanda istər ipoteka kreditlərinin verilməsi, istərsə də mənzil bazarına pul axını baxımından aktiv dövr başlayır. Həmçinin Azərbaycanda tələb və təklif qiymət amilinə o qədər də təsir göstərmir. Amma 2-3 aylıq dövrdə mənzil alışı üçün müraciətlər azala bilər".

Elvin Səxavətoğlu