Güclü yağış və külək bölgələrdə ciddi fəsadlara səbəb olub

Güclü yağış və külək Mingəçevirdə Heydər Əliyev prospekti, Rəsul Rza küçəsi və digər ərazilərdə ciddi fəsadlar yaradıb.

Day.Az Xəzər TV-yə istinadən bildirir ki, həyətlər su altında qalıb, sel suları avtomobil və piyadaların hərəkətini çətinləşdirib.

Küləklə müşayiət edilən yağış "Nur şəhəri"nin bir hissəsini elektrik enerjisiz qoyub. Şəhərin Energetiklər yaşayış məntəqsində enerji təchizatında fasilələr yaranıb.

Ağcabədidə isə əkin sahələrini su basıb.

Şiddətli yağışlar nəticəsində rayonun "Haramı düzü " adlanan ərazisində yerləşən Qarasu çökəkliyinə güclü sel gəlib. Aran kəndində bir neçə fermer təsərrüfatına ciddi ziyan dəyib. Bununla əlaqədar rayon Fövqəladə hallar komissiyası və aidiyyəti qurumlar tərəfindən tədbirlər görülür. Suyun yaşayış məntəqələrinə daxil olmasının qarşısı alınıb.

Gəncəyə yağan leysan Yeni Gəncə yaşayış massivində avtomobil və piyadaların hərəkətinə ciddi çətinlik yaradıb. Şəhərin bəzi yerlərində elektirik enerjisinin verilməsində fasilələr yaranıb. Yağış kəsdikdən sonra yollarda normal hərəkət bərpa olunub.

Goranboyda isə sel suları qurumuş süni gölə "can" verib.  Rayonun Səfikürd kəndi ərazisində yerləşən eyni adlı gölə sel sularının toplanması fermerləri sevindirib. Çünki uzun müddət göldə su olmayıb. Təsərrüfat sahibləri deyirlər ki, təbiət hadisəsi nəticəsində gölə toplanmış sudan suvarmada istifadə edəcəklər.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik: