Milli Məclisdə Türkiyədə keçirilən prezident seçkiləri yüksək

Türiyədə keçirilən prezident seçkiləri Milli Məclisin bu gün keçirilən iclasında yüksək qiymətləndirilib.

Day.Az Trend-ə istinadən xəbər verir ki, Milli Məclisin deputatı Kamal Cəfərov bildirib ki, 28 may seçkilərində müdrik türk xalqı öz siyasi müqədərratını təyin etdi, qardaşlarımız təkcə Türkiyənin deyil, türk dünyasının inkişafına səs verdi.

"PKK/FETÖ terror təşkilatları məğlub oldu, Mehmetçik və Bayraktar qalib gəldi. Zəlzələyə sevinib, ondan siyasi mənfəət güdənlər məğlub oldu, zəlzələdən əziyyət çəkənlər qalib gəldi. Qeyri-əxlaqi dəyərlər məğlub oldu, ailə dəyərləri qalib gəldi. Türkiyəni dini və etnik konteksdə bölməyə çalışanlar, bölücülük və illət məğlub oldu, türk milləti qazandı. Əlbətdə yaxşı gündə əsl dost, əsl qardaş ən az onun qədər sevinəndir. Azərbaycan xalqı da, dövləti də seçkiləri yaxından izləyirdi,biz türk millətinin qələbəsinə inanırdıq. Təsadüfi deyil ki, seçkilərin birinci turunda da, ikinci turunda da həmkarına ilk zəng edən, təbrik edən Prezident İlham Əliyev oldu", - deyə o bildirib.

Deputat Elşad Mirbəşir isə bildirib ki, qardaş Türkiyədə demokratik seçkilərdə Rəcəb Tayyib Ərdoğan prezident seçildi. "Rəcəb Tayyib Ərdoğan hakimiyyətə gəldikdən sonra Türkiyə öz maraqlarına uyğun tam müstəqil siyasət yürütməyə başladı. Cənab Ərdoğanın qələbəsi dövlətini qərb imperializminə qarşı qoruyan xalqların qələbəsi idi. Hesab edirəm ki, bu seçkilər Türkiyənin alınmaz qala olduğun sübut etdi. Məhz cənab Ərdoğanın dövründə Azərbaycan-Türkiyə münasibətləri özünün ən yüksək zirvəsinə çatmış oldu", - deyə deputat əlavə edib.

Deputat Musa Quliyev deyib ki, Türkiyə prezident seçkilərində dünyaya demokratiya dərsi keçdi. "Bu qələbə bütün türk dünyasının qələbəsi idi. Bundan sonra da Azərbaycan və Türkiyə arasında əlaqələr inkişaf edəcək", - deyə deputat əlavə edib.