Antiterror tədbirləri çox çətin şəraitdə baş tutub - Azər Qarayev
24 saat davam edən antiterror tədbirləri birmənalı olaraq Azərbaycanın zəfər salnaməsinə qızıl hərflərlə yazıldı. Azərbaycan Ordusu növbəti dəfə öz qüdrətini bütün dünyaya nümayiş etdirdi. Təəssüf ki, istənilən müharibə, hərbi əməliyyat itkilərsiz başa gəlmir.
Bu sözləri Trend-ə açıqlamasında təhlükəsizlik orqanlarının veteranı, fəxri əməkdaşı, polkovnik Azər Qarayev deyib.
A.Qarayev bildirib ki, bir gün davam edən antiterror tədbirləri Vətən müharibəsində olduğu kimi, çox çətin şəraitdə baş tutub. İkinci Qarabağ müharibəsindən sonra Ermənistan 10 Noyabr bəyanatının müdəalarını pozaraq, öz silahlı birləşmələrini Qarabağdan çıxarmadı.
"Kifayət qədər böyük həcmdə silah-sursat və ağır texnika həmin ərazidə saxlanılmışdı. Müharibədən keçən müddət ərzində də həmin qanunsuz silahlı birləşmələr ərazidə istehkam, möhklənmə işləri görmüşdülər. Bunun nəticəsi idi ki, Ermənistan SQ birləşmələrinin həmin ərazidə 250-dən artıq postu qurulub. Məhz bunun nəticəsi idi ki, həmin qüvvələr Azərbaycan ərazisində müxtəlif təxribatlar, terror aktları törədir, Azərbaycana qarşı sərt bəyanatlar səsləndirirdilər. Lakin Azərbaycan Ordusu bir gün ərzində onların cavabını vermiş oldu".
A.Qarayev əlavə edib ki, Azərbaycan Ordusu mülki şəxslərə qarşı yüksək səviyyədə diqqət nümayiş etdirdi:
"Mülki əhali arasında itkiyə yol verməmək Azərbaycan Ordusu qarşısında qoyulmuş əsas vəzifələrdən biri olub. Ermənistan silahlı qüvvələrinin birləşmələri silah-sursatı mülki obyektlərdə, insanların yaşadığı binalarda yerləşdirməklə mülki insanları hədəfə çeviriblər ki, bu da silahlı qüvvələrimiz üçün əlavə çətinliklər yaradıb.
Antiterror tədbirlərinin keçirildiyi vaxtda hava şəraitinin əlverişsiz olması xüsusilə əməliyyat şəraitini çətinləşdirib. Bütün bunlara baxmayaraq, Azərbaycan hərbçiləri yüksək peşəkarlıq nümayiş etdirərək, qoyulan tapşırığın öhdəsindən layiqincə gəldi.
Hər bir şəhidimiz ağır itkidir, ailələr, bütövlükdə cəmiyyətimiz üçün böyük faciədir. Bu gün Azərbaycan xalqında qələbə əhval-ruhiyyəsi hökm sürür. Xalqımız öz şəhidləri ilə fəxr edir, hər kəs bir ağızdan "Vətən sağ olsun!" deyir. Şəhidlərimiz böyük igidlik, qəhrəmanlıq göstərərək, Qarabağda ermənilərin sonuncu istehkamını da məhv etdilər. Bütün şəhidlərimizlə fəxr edirik! Allah rəmət eləsin!"
Qeyd edək ki, sentyabrın 19-da üçtərəfli bəyanatın müddəalarının təmin olunması, Qarabağ iqtisadi rayonunda törədilən genişmiqyaslı təxribatların qarşısının alınması, Ermənistan silahlı qüvvələrinin birləşmələrinin tərksilah edilərək ərazilərimizdən çıxarılması, onların hərbi infrastrukturunun zərərsizləşdirilməsi, işğaldan azad edilmiş ərazilərə qayıdan dinc əhali, habelə bərpa-quruculuq işlərinə cəlb olunmuş mülki işçilər və hərbi qulluqçularımızın təhlükəsizliyinin təmin olunması və Azərbaycan Respublikasının konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə bölgədə lokal xarakterli antiterror tədbirləri keçirilib.
Azərbaycan Ordusu qarşısında tab gətirə bilməyən Qarabağdakı Ermənistan silahlı qüvvələrinin birləşmələri və separatçılar ağ bayraq qaldıraraq təslim olublar. Şərtlərə əsasən, Azərbaycan Respublikasının Qarabağ bölgəsində yerləşən Ermənistan silahlı qüvvələrinin birləşmələri, qeyri-qanuni erməni silahlı dəstələri silahı yerə qoyur, döyüş mövqelərindən və hərbi postlardan çıxır və tam şəkildə tərksilah olunurlar. Ermənistan silahlı qüvvələrinin birləşmələri Azərbaycan ərazilərini tərk edir, qeyri-qanuni erməni silahlı dəstələri buraxılır. Paralel şəkildə bütün silah-sursat və ağır texnika təhvil verilir. Qeyd olunan proseslərin Rusiya sülhməramlı kontingenti ilə əlaqələndirilmiş şəkildə həyata keçirilməsi təmin edilir.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре