Bakıda ev almağın asan yolu - Cüzi ödəniş, uzunmüddətli kredit...
Son illər Bakıda ev sahibi olmaq müşkülə çevrilib. Mərkəzdə və mərkəzəyaxın ərazilərdə inşa edilən yeni mənzillərin qiymətinin baha olması, Bakıətrafı qəsəbələrdə torpağın tükənməsi çox sayda insanın bu arzusunu gözündə qoyub.
Day.Az xəbər verir ki, Yenisabah.az problemi araşdıranda məlum oldu ki, mərkəzdən bir qədər kənarda yerləşən kənd və qəsəbələrdə daha münasib qiymətə mənzil sahibi olmaq mümkündür. Hətta insanlar daxili kreditlə də bu arzularını gerçəkləşdirə bilərlər. Hövsan qəsəbəsində fəaliyyət göstərən tikinti şirkətlərinin birindən sorğumuza cavab olaraq bildirilib ki, evlərin tikilməsi kreditlə aparılır və müştəriyə çıxarış təqdim olunur:
"Bizim Hövsanda ərazimiz var və tikintiləri yalnız Hövsanda təklif edirik. Müştərini əvvəlcə ərazi ilə tanış edirik və hansı yeri bəyənsə həmin ərazidə sifarişə uyğun evi tikib təhvil veririk. Təhvilvermə müddəti 6 aydan başlayır. Bizim torpaqlarımız xüsusi mülkiyyət təyinatlı (kupça) torpaqlardı. Biz müştərinin özü tərəfindən alınıb təqdim olunan torpaq sahəsini qəbul etmirik. Əgər edəriksə belə, sənədlər qaydasında olmalı, layihə və icranın icazəsi olmalıdır".
Şirkət nümayəndəsi qeyd edib ki, ilkin ödənişlər 7500 manatdan başlayır və 38 min manata qədər sərbəstdir.
"Məsələn, 3 otaqlı ev sifariş edilibsə, onun ümumi dəyəri kvadratmetrə görə hesablanır. 1.5 sot torpaqda ilkin ödənişlər 7500 manatdan 38 min manata qədər olur. Yəni bu məbləğlər arasında ödənişlər sərbəstdir. Əgər müştəri 7500 ödəyəcəksə aylığı 1500-2000 manat olacaq. Həm də evin təhvilvermə müddəti 6 ay yox, 8-10 ay arası olacaq. Yox əgər ilkin ödəniş 20-30 min manat olacaqsa 6 ay ərzində təhvil ala bilir. Eyni zamanda ödənişin digər hissəsi aylıq 550 manatdan aşağı olmayaraq, 40 ay müddətində tamamlanmalıdır. Bizdə faiz yoxdur, tək şəxsiyyət vəsiqəsi kifayətdir. İş yerindən arayış və bank hesabı tələb olunmur".
Qeyd edilib ki, müştəri daha böyük həcmdə torpaq sahəsi istərə ödəniş nağd şəkildə ödənilməlidir.
"Bizdə tikintilər standartdır və görülən işlərə zəmanət verilir. Təkcə qapılar, divar kağızları və kafel-metlax kataloqdan seçilir və bizim göstərdiyimiz xidmətlərə daxildir. Yaxud özünüz alıb bizim ustalara təqdim edə bilərsiniz. Belə olduqda müştəridən sadəcə ustapulu alınır. Torpağın 1 sotu 7500 manatdan hesablanır. Müştəri əlavə daha böyük ərazi istəyirsə hər sota görə ödənişi nağd formada edir. Bizdə sadəcə 1.5 sota görə kreditə salına bilir. Bu cür ərazi sifariş verən müştərilər adətən villa tikdirmək məqsədi ilə sifariş verir və bütün ödənişləri nağd ödəyir".
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре