Güclü külək Gəncədə fəsadlar törədib

Güclü külək Gəncədə bir sıra fəsadlar törədib.

Day.Az xezerxeber.az-a istinadən bildirir ki, saatlarla davam edən güclü külək bir neçə ağacı aşırıb.

Gəncədə küləyin aşırdığı ağaclar Əziz Əliyev, Səməd Vurğun və Süleyman Rəhimov küçələrində yola düşərək nəqliyyatın hərəkətini çətinləşdirib.

Ələkbər Ərfibəyli küçəsində isə külək beşmərtəbəli binanın dam örtüyünü qopararaq yerə atıb.

Güclü külək şəhərin bir neçə küçəsində ümumilikdə 30-a yaxın irigövdəli ağacı aşırıb. Nəticədə 5 ev və 2 avtomobilə ziyan dəyib.

Bundan başqa, bir sıra ərazilərdə ağacların budaqları sınaraq elektrik naqillərini zədələyib, nəticədə şəhərin bəzi yaşayış massivlərində elektrik enerjisinin verilişində fasilələr yaranıb. Bəzi ərazilərdə qaz boruları da zədələnib. Gəncə şəhər Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin, Gəncə Elektrik Şəbəkəsinin və Gəncə Regional Qaz İstismar İdarəsinin briqadaları fəsadların aradan qaldırılması istiqamətində tədbirlər görüb.

Gəncə Şəhər İcra Hakimiyyəti başçısı yanında Fövqəladə hallar komissiyası fəsadların aradan qaldırılması istiqamətində işləri davam etdirir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.